Fransa: Makronun gənc komandası, koalisiya ortaqları - qələbədən sonra onları nə gözləyir?

Fransa: Makronun gənc komandası, koalisiya ortaqları - qələbədən sonra onları nə gözləyir? Fransanın yeni seçilən prezidenti Emmanuel Makron siyasətə yeni qədəm basmış hesab edilir. Verdiyi bəyanatlarda Makron siyasətə yeni yanaşma gətirəcəyini elan edib. Hazırda bu yeni siyasi yanaşmanın kabinetdə necə əks olunacağı isə maraq doğurmaqdadır.

Seçkilərdən iki gün öncə Makron Fransa radiosuna baş nazir postuna siyasi təcrübəsi olan və parlamentdə çoxluğu ələ ala bilən birisini fikrində tutduğunu dedi, lakin kim olduğunu söyləmədi.

Makronun kabineti barəsində gizliliyi Fransa mətbuatının müzakirə etdiyi mövzuya çevrilib. “Le Monde” yazır ki, bu hətta Makronun komandasında da tabu mövzudur, heç kim bu haqda danışmır. “Bu sanki dənizçilərin uğursuzluq gətirər deyə dovşan sözünü deməkdən çəkinməsi kimi bir şeydir” – “Le Monde” yazıb.

Mətbuat həm də administrasiyada olacaq şəxslərin gizli saxlanmasını başa düşülən hesab edir. Birincisi, hazırda köhnələrlə yeni gələnlər arasında seçim edilməlidir. Makron kampanya ərzində siyasətə yenilərini gətirəcəyini, siyasi sistemi yenidən quracağını və bununla da siyasi həyata yeni qaydalar müəyyənləşəcəyini deyib.

Yeni kabinetdə yaş ortalamasının 30 yaş olacağı görülür. Lakin Makronun həm də təcrübəli dövlət xadimlərinə ehtiyacı da var, xüsusilə də təhlükəsizlik məsələlərində.

BBC-nin verdiyi məlumata görə, Makronun kabinetində olacağı ehtimal edilən şəxslər aşağıdakılardır:

Aleksis Kohler (43) Makronun baş katibi və xüsusi məsləhətçisi olacaq. O, Makron hökumətdə olarkən kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb, sonra daşımacılıq şirkətinə qoşulub.

Bricit Tronyö (64) - Makronun həyat yoldaşı, onun çıxışlarını hazırlanmasında kömək edib. Prezidentlə əlaqə yaratmaq körpü rolu oynayacağı bildirilir. Makron da prezident seçilərsə xanımına vəzifə verəcəyini açıqlamışdı.

İsmail Emelien (29) Makronun sağ əli və qədim dostudur. Əlaqələr şöbəsinin sədri və strateji məsləhətçisidir. Eyni zamanda İqtisadiyyat nazirliyində sabiq həmkarıdır.

Jan Pisani Ferri (65) iqtisadiyyat üzrə professor və hökumət məsləhətçisidir, Makronun iqtisadiyyat proqramını müəyyənləşdiricisi və böyük ideyaların müəllifidir. Brüsseldə “Bruegel” siyasi institutunu təsis edib.

Sofia Qagnant- Ferraçi (40) kampanya komandasının başçısıdır. Korporativ hüquqşünaslıq üzrə yüksək mütəxəsisdir və həyat yoldaşı vasitəsilə yeni prezidentin dostudur.

Fransua Beyru (65) siyasi nüfuzu çox yüksək olan bir şəxsdir. O, mərkəzçi Demokratik Hərəkat partiyasının sədridir; fevral ayında geri çəkilməsi Makronun şansını artırdı.

Makronun siyasi ətrafında cəmləşən gənclərin kabinetdə yer almağı gözlədikləri deyilir. Solçu “Liberation” qəzetinin keçmiş redaktor müavini Pyer Haski bildirib ki, gınclər yaşlıların vəziyyəti qarışdırdığını düşünürlər. “Lakin Makron balans yaratmalıdır, kabinet tamamən gənclərdən ibarət ola bilməz” – Haski qeyd edib.

Lakin Makron üçün yeni kabineti qurmaq asan olana oxşamır. Belə ki, o, siyasi cəhətdən fərqli düşüncəli kabinetlə və çox güman ki, bölünmüş parlamentlə qarşı-qarşıya qalacağı bildirilir.

Makron seçki kampanyası zamanı həm sağ, həm də solçulardan ibarət kabinet yaradacağını deyib. Bu o, deməkdir ki, Makronun qarşısında iki vəzifə var: yeni fiqurları siyasətə gətirmək, həm də sağ-soldan ibarət kabineti müəyyənləşdirmək.
Makronu həm sağ, həm də solçulardan siyasi nüfuzu yüksək olan çox şəxs dəstəklədi. Bəzilərinin hətta özünün siyasi partiyası var, bəziləri hətta bildirdi ki, ona səsvermələri o demək deyil ki, hökumətin proqramını dəstəkləyəcəklər.

Lakin cümə günü keçirilən sorğulara əsasən belə qənaətə gəlinib ki, baş nazir postuna İMF-nin başqanı və keçmiş iqtisadiyyat naziri Kristina Lagarde təyin olunsun. Bəzi analitiklərə görə, onun nazir kimi təcrübəsi var, heç vaxt seçilməyib və kabinetin yeni fiquru kimi ideal namizəd ola bilər.

Digər namizəd kimi hazırki müdafiə naziri Yveş Le Drian göstərilir. Haski bildirir ki, onun təyinatı önəmlidir və Makronu terrorizmə qarşı mübarizədə zəif görən Le Penin hücumlarına qarşı yaxşı cavab olardı.

Baş nazir postuna hətta Makronun xanımını təyin edəcəyi də deyilir. Lakin bir çoxları buna ehtimal vermir, baxmayaraq ki, Tronyö kampanyanın aparıcı rolunda idi.

Bir neçə ay sonra Fransada parlament seçkiləridir. 577 üzvü olacaq parlementdə hər mandat üçün “İrəli, Fransa” mübarizə aparır. “İrəli, Fransa”nın parlamentdə mütləq çoxluğu əldə edəcəyi möcüzə kimi görünməkdədir. Makronun müşaviri Aleyn Mink BBC-yə deyib ki, bu gözlənilən deyil, çox güman ki, koalisyon hökumət qurulacaq.

Görünən odur ki, prezident seçilməklə Makron hər şeyi həll etmiş sayılmır, o, hökuməti də qurmalıdır. Onun iqtisadiyyat naziri kimi təcrübəsi onu göstərir ki, hər siyasi kəsimlə konsensus yaratma asan məsələ deyil. Çox şey “İrəli, Fransa”nın sabit koalisiya yaratmağından asılıdır.

Bu mənada Makronun komandasının təlaşlı günləri başlayır. Həm mərkəz sağçı respublikaçılar, həm də mərkəz solçu Sosialist partiyasından olan yüksək nüfuzlu siyasi fiqurlar qələbə piroqundan özlərinə pay götürəcək və Fransanın gələcək siyasi gücünün istiqamətində olmaq istəyəcəklər.

Musavat.com
Tarix: 8-05-2017, 16:22
Xəbəri paylaş





Xəbər lenti