Norveç analitiki:“Putin Həsən Ruhanini olduqca Amerikayönlü sayır və İbrahim Rəisini dəstəkləyir” – Təhlil

Norveç analitiki:“Putin Həsən Ruhanini olduqca Amerikayönlü sayır və İbrahim Rəisini dəstəkləyir” – Təhlil RF prezidenti Vladimir Putin və İİR prezidenti Həsən Ruhani



Yan-Erik Smilden

Dagbladet (Norveç), 11.05.2017




Bir-iki həftə qabaq Tehranda Rusiya səfirliyinin qarşısında nümayiş olub. Burada iştirak edən saqqallı gənclər qışqırıblar ki, səfirlik “casus yuvasıdır”. Bu şüar bizi tələbələrin İran paytaxtında Amerikanın o zamankı “casus yuvası”nın binası qarşısında etirazlar etdiyi 1979-cu ilə qaytarır.

Niyə Rusiya qəflətən nümayişçilərin hədəfi olub? Səbəbi yaxınlaşan prezident seçkilərində aramaq gərəkdir. Rusiya prezidenti Vladimir Putini bunda ittiham edirlər ki, o, ayətulla İbrahim Rəisini dəstəkləyərək düşünmədən seçki kampaniyasının üzərinə cumub. Bu cür müdaxilə heç də hamıya xoş gəlmir. Lakin ABŞ-da prezident kampaniyasına gəlincə, Rusiyanı pərdəarxası təsir və Donald Trampın xeyrinə haker hücumunda ittiham edirlər. Budur, görünür, Putin İranda isə öz dəstəyini daha açıq şəkildə verir.

Avropada sürgündə yaşayan məşhur iranlı şərhçi Əmir Tahiri yazır: “Keçən həftəki nümayiş Rusiyanın prezident seçkilərinə müdaxiləsinin əksər iranlılara xoş gəlmədiyinin təkcə bir nümunəsidir”.

Rusiya prezidenti iki həftə öncə Rusiyanın Tatarıstan respublikasının prezidenti Rüstəm Minnixanovu İranın şiə müsəlmanlar üçün müqəddəs Məşhəd şəhərinə göndərib. Minnixanov 60 nəfərdən ibarət nümayəndə heyətinin başçısı kimi İrandakı seçkilrədə qalib gələ biləsi prezidentliyə üç namizəddən biri İbrahim Rəisi ilə görüşüb. Səfər diqqətdən yayınmayıb.

Rəisi yenidən öz namizədliyini irəli sürmüş indiki prezident Həsən Ruhanidən fərqli olaraq İranda sərt xətt tərəfdarlarına aid olunur. Putin Ruhanini Moskvada qəbul edib, lakin bəzi müşahidəçilərin fikrincə, guya Kreml çarı Ruhanini olduqca “Amerikayönlü” sayır. Məhz Ruhani İran ali liderinin dəstəyi ilə ABŞ, Böyük Britaniaya, Fransa, Çin, Rusiya və Almaniya ilə 2013-cü ilin noyabrında nüvə sazişi bağlamaq barədə danışıqlar aparıb.

Rusiyanın tarixən İranla bağlı maraqları olub. XIX əsrdə Rusiya və Böyük Britaniya İranı iki nüfuz zonasna bölüb: şimal (mətndə bu cürdür-tərc.) ruslara, cənub isə britaniyalılara çatıb. II dünya savaşı dönəmində İran rəsmən bitərəf olarkən, lakin şah Rza Pəhləvi nasist Almaniyasına rəğbət bəsləyərkən SSRİ və Böyük Britaniya ölkəyə soxulub. İşğalçı hökumətlər ayətulla Xomeyninin 1979-cu il inqilabına qədər Rzanın şah qalmış oğlu Məhəmməd Rza Pəhləvini hakimiyyətə gətirib. Sovet İttifaqı Şimali İranı (Cənubi Azərbaycanı-tərc.) 1946-cı ilədək işğalda saxlayıb.

İranın neft sərvətləri ABŞ-ın da tədricən qoşulduğu oyunda xüsusən mühüm rol oynayıb. İran şah Məhəmməd Rza Pəhləvinin dönəmində ABŞ-ın müttəfiqi idi, eyni zamanda sovetyönlü Tudə kommunist partiyasının rəhbərləri tez-tez şahın məşhur həbsxanalarına düşürdülər. 1979-cu ildən sonra ayətulla Xomeyni qəti şəkildə bildirib ki, İran nə SSRİ-yə söykənəcək, nə də ABŞ-a. Amma ruslar ölkədə tədricən getdikcə daha önəmli rol oynamağa başlayıblar – həm iqtisadi planda, həm də silah tədarükçüsü kimi.

Rusiya və İran Bəşər Əsədin onların iştirakı sayəsində hakimiyyətdə qalmağı davam etdirdiyi Suriyada eyni tərəfdə vuruşur.

Əli Xamenei və Vladimir Putinlə iki il əvvəl görüşdən sonra Rusiya və İran arasındakı münasibətlər daha sistemli olub. İran ruhani lideri o vaxt bildirib ki, İran Moskva ilə əvvəlcədən “əlaqələndirmədən” beynəlxalq siyasətdə heç bir mövqe tutmayacaq.

Donald Tramp Amerika prezidenti olduqdan sonra ABŞ və Rusiya arasındakı pis münasibətlər aşkarca yaxşılaşmadığı, ola bilsin, buna səbəb olub ki, Vladimir Putin İranda seçkiqabağı mübarizədə öz tərəfini tutub.

Həsən Ruhani Qərb və ABŞ-la münasibətləri yaxşılaşdırmağa səy qoyur. Bu, indiki durumda, çətin ki, rusların maraqlarına cavab versin. Lakin İranda gerçək hakimiyyət sahibi olan Əli Xameneinin hansı mövqe tutacağı sualı açıq qalır.

Xamenei seçki kampaniyası zamanı heç vaxt çıxış etməyib və kiminsə tərəfini tutmayıb, amma bəzi namizədlər iddia edirlər ki, onları dəstəkləyir. Ruhani rəhbər üçün, ola bilsin, sonradan seçkiəri uduzacaq namizədi dəstəkləmək nüfuzun itirilməsi demək olardı. Ruhanidənsə həm İbrahim Rəisi, həm də üçüncü önəmli namizəd Məhəmmədbaqir Qalibaf ideolojicə Xameneiyə daha yaxındır. Qalibaf Tehrann meridir, əvvəllər İnqilabi qvardiyaya və İran polisinə başçılıq edib.

Əli Xameneinin 77 yaşı var, sağlamlığı yaxşı deyil. Sıradakı dörd ildə çox şey baş verə bilər. Xamenei olmasa, prezident varisin seçilməsinə təsir imkanı əldə edəcək. Buna görə də bu ay baş tutacaq prezident seçkiləri təkcə Rusiya üçün deyil, həm də bütün dünya üçün önəmlidir.

Ölkəni Məhəmməd Rza Pəhvəli yönəldərkən MKİ həmişə İranın siyasətinə qarışıb. Həm də demək olmaz ki, Amerika kəşfiyyat xidmətləri o vaxtdan bəri İranda arzu edilən qonaq olub. Halbuki Rusiya ilə İran arasındakı yaxın münasibətlər nəzərə alınmaqla Rusiyanın FTX kəşfiyyatına İran ərazisində hərəkət etmək xeyli dərəcədə asanlaşıb. Rusiya səfirliyinin qarşısındakı nümayişlər vaxtı kiminsə həbs edilib-edilmədiyi barədə məlumat daxil olmayıb. Hökumətin bunu keçirməyə imkan verməyi və qarışmamağı prezident Putin üçün pis əlamət ola bilər.



Tərcümə Strateq.az-ındır.
Tarix: 12-05-2017, 20:59
Xəbəri paylaş





Xəbər lenti