Rakkaya Türkiyəsiz hücum ABŞ üçün çətin olacaq – Şərh

Rakkaya Türkiyəsiz hücum ABŞ üçün çətin olacaq – Şərh Türkiyənin Rakka şəhərinin azad olunması əməliyyatında iştirak etməyəcəyi gözlənilən bir qərar idi. Əslində, rəsmi Ankara əvvəldən Rakka üzərinə hücumla bağlı öz şərtlərini açıqlamışdı. Burada ən önəmli məqam Qərbin, ABŞ-ın bölücü kürd qruplaşmalarına hərbi-siyasi dəstəyini kəsmələri tələbi idi.

Bunu Türkiyənin Suriyanın Rakka şəhərinin azad olunması əməliyyatında iştirak etməyəcəyinə dair qərarını Teleqraf.com-a şərh edən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

O bildirib ki, Amerikanın bu məsələdə sərgilədiyi loyal mövqe Türkiyəni heç bir halda qane edə bilməzdi:

“Bu isə şübhəsiz ki, özünü Rakka üzərinə hücumda göstərəcəkdi. Türkiyə, ABŞ, Rusiya, İranın Yaxın Şərqdə və Suriyada özü üçün də, regionla da bağlı vazkeçilməz qırmızı cizgilər var. Həmin dövlətlər üçün “qırmızı xətt”dən imtina edilməsi bölgə ilə bağlı yürütdüyü siyasətdən imtina edilməsi anlamına gəlir. Ona görə də ABŞ-ın PYD/YPG qüvvələrinə dəstəyi geri çəkməsi indiki məqamda nə qədər qeyri-realdırsa, Türkiyə üçün də Suriyadakı kürd silahlı dəstələri ilə dolayısı ilə olsa belə, əməkdaşlıq etməsi mümkünsüzdür. Bu səbəbdən də Rakka üzərinə birgə hücum əməliyyatının baş tutacağı ehtimalını real hesab etmirdim və bunu dəfələrlə bildirmişəm”.

Bəs Türkiyənin bu əməliyyatda iştirak etməməsi sonradan hansı nəticələrə gətirib çıxara bilər? - V.Zifəroğlu bu suala cavab olaraq deyib:

“Əslində, əməliyyatların maksimal şəkildə efektiv olması və hədəfə tam çatmaq üçün Türkiyənin iştirakı labüd idi. Lakin Türkiyə silahlı qüvvələrinin Menbic əməliyyatından sonra Rakka üzərinə hücumda iştirak edəcəyi gözlənilmirdi. Bunun real olması üçün Amerikanın kürd qruplaşmalarına verdiyi hərbi dəstəyi saxlaması irəli sürülən vacib şərt idi. ABŞ-ın regionda ən yaxın müttəfiqi olan Türkiyənin dəstəyi olmadan Rakka kimi ciddi və önəmli məntəqəyə hücum etməsi, hər halda Vaşinqton üçün müəyyən çətinliklər törədəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın Rakka şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb ABŞ-ın əməliyyata Suriya kürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır.

“Amerikaya səfər zamanı biz Rakka əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Biz dedik: əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rakkaya dair qərarınız belədirsə – onda sizə uğurlar diləyirik”, - deyə Ərdoğan bildirib.

Səxavət HƏMİD
Tarix: 20-05-2017, 21:11
Xəbəri paylaş





Xəbər lenti