“Əgər Tramp xanımını başını örtməyə məcbur edə bilmirsə...”

“Əgər Tramp xanımını başını örtməyə məcbur edə bilmirsə...” ABŞ prezidentinin həyat yoldaşı Səudiyyə Ərəbistanını aşağıladı - cavab olacaqmı?

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında təşkil olunan Ərəb-İslam-Amerika Sammiti çərçivəsində bu ölkəyə səfəri zamanı həyat yoldaşı Melania Trampın başı açıq olması rezonans doğurub. Ağ Evin sahibinə və arvadına sərt təpkilər var. Çoxları hesab edir ki, bununla D.Tramp Səudiyyə hökumətini aşağılayıb.



İndiyə qədər bu ölkəyə səfər edən dövlət başçılarının xanımlarını adətən rəsmi görüşlərdə, tədbirlərdə başıörtülü görmüşük. Amma M.Tramp da bunun şahidi olmadıq. Ekspertlər Səudiyyə hökumətinin dövlət başçılarının səfəri ilə bağlı rəsmi protokolunun olduğunu və səfər vaxtı iştirak edən xanımların başıörtülü olmaları tələbinin həmin protokolda yer aldığını bildirirlər.


Bununla bağlı vaxtı ilə prezidentin dövlət müşaviri olmuş, rəsmi dövlət səfərlərində yaxından iştirak etmiş politoloq Qabil Hüseynlinin fikirləri daha maraqlıdır. O, “Yeni Müsavat”a açıqlamasında Səudiyyə Ərəbistanında müsəlmanların iki müqəddəs məkanının-Məkkə və Mədinənin yerləşdiyini bildirdi: “Səudiyyə rəhbəri həm kral, həm də iki müqəddəs məkanın sahibi kimi dəyərləndirilir. Bu baxımdan bu ölkə müsəlmanların mərkəzi hesab olunur. Bu səbəbdən protokol qaydalarında bu ölkəyə gələn xanımlar müsəlmançılığın qaydalardan biri kimi başörtülməsinə riayət edirlər. Qadınlardan hicab, niqab taxmaq, çadra geyinmək tələb olunmur. Sadəcə simvolik olaraq, qadınlar başlarına yaylıq bağlayırlar. İmkan daxilində saçlarının xeyli hissəsini bu yaylığın altında gizlədirlər. Amma Trampın həyat yoldaşı bunu etmədi. Açığı bunu onun xanımının kaprizi kimi qəbul etmirəm. Bunu Trampın özünün lovğalığı və təkəbbürlüyünün əlaməti kimi qəbul edirəm. Çünki prezident əgər çox mühüm tədbirə getdiyi zaman həyat yoldaşını başını örtməyə məcbur edə bilmirsə, deməli ya bunu təkəbbür naminə edir, ya da bunu bacara bilmir. Sən hansı ölkəyə gedirsənsə, o ölkənin qayda-qanunlarına əməl etməlisən. Bu ölkə də müsəlman dünyasının başçısıdır. O komandanın tərkibində bir qadın da gördüm ki, o da başını örtməmişdi. Amma birinci ledinin başını örtməməsi çox böyük qəbahət kimi qarşılanmalıdır. Çünki hər bir ölkənin özünün protokol qaydaları var. Bu da həmin ölkələrə gələn istənilən şəxs üçün məcburidir. Səudiyyə ərazisinə gələn qadınların da başlarını örtmələri protokol qaydalarından biridir. Trampın xanımının buna əməl etməməsi görüşün qayələrinə tamamilə zidd idi. Çünki söhbət Amerika ilə ərəb, İslam dünyası arasında bağların möhkəmləndirilməsindən gedirsə, orada kiçik bir detal belə “bir çəllək bala bir qaşıq zəhər qatmaq” kimi bir şeydir. Trampın həyat yoldaşının bu hərəkəti tədbirin mənafeyinə ümumi şəkildə zərər vurduğunu desəm yanılmaram”.


Sabiq dövlət müşaviri Səudiyyə hökumətinin buna hər hansı bir şəkildə etiraz edəcəyini də istisna etmədi: “Mən bu ölkəyə Dövlət Departamentinin rəhbəri kimi Hillari Klintonun səfəri zamanı başına yaylıq örtdüyünün televiziyadan şahidi olmuşam. Səudiyyə hökumətinin rəhbərləri bu məsələdə çox ciddidirlər. Baş örtüyünün olmasını mütləq tələb edirlər. Amma bu dəfə görüş görünür çox aktual əhəmiyyət kəsb etdiyindən Səudiyyə tərəfi güzəştə getdi. Lakin səfər hazırlanarkən ekspertlər səviyyəsində fikir mübadiləsinin olduğunu istisna etmirəm. Protokol hazırlayan Səudiyyə tərəfinin bu məsələni tələb etmələrini istisna etmək qətiyyən olmaz. Ola bilsin ki, Amerika tərəfi bundan imtina edib. O tədbirə ən azından 50-dən çox müsəlman ölkəsinin başçısı toplaşıb. Trampın indiyə qədər yüzlərlə səhvi kimi, bu da növbəti səhvi olsun. Bu səhvə görə böyük tədbiri pozmaq olmazdı. Amma bir faktı qeyd edim ki, bundan öncə Səudiyyə hökuməti bir dəfə Barak Obamaya böyük dərs veriblər. Obamanın təyyarəsi Ər-Riyad hava limanında yerə enərkən, o təyyarədən enməyə hazırlaşarkən, o zaman yerdə indiki Səudiyyə kralı və nümayəndələri dayanmışdı. Obama təyyarədən düşərkən nədənsə xoflanan Səudiyyə kralı azanın vaxtı olduğunu bəhanə gətirərək, Barak Obamanı qarşılamadan namaza getmişdi. Obama da öz səfirliyinin əməkdaşları ilə səfirliyə getmişdi. Sonradan Səudiyyə kralı Obamaya bildirmişdi ki, bizdə namaz müqəddəsdir, namazın iptal edilməsi mümkün deyil. Bu baxımdan düşünürəm ki, Trampın arvadının bu məsələsi kral yaxud onun şahzadələrinin biri tərəfindən mütləq ABŞ nümayəndə heyəti üzvlərinin ünvanına çatdırılacaq”.


Cavanşir ABBASLI
Tarix: 23-05-2017, 08:48
Xəbəri paylaş





Xəbər lenti