Körfəz dövlətlərinin ümumi qorxusu:"Cızığından çıxan" hər kəsi Qətərin aqibəti gözləyir - TƏHLİL

Körfəz dövlətlərinin ümumi qorxusu:"Cızığından çıxan" hər kəsi Qətərin aqibəti gözləyir - TƏHLİL Deyvid Sanger, Mark Landler və Erik Şmitt

"New York Times"




Tramp administrasiyası nadir hallarda İran barədə danışır. Ondan yalnız dünyada terrorun baş sponsoru və nüvə silahı əldə etməyə çalışan dövlət kimi söz açır. Buna görə də çərşənbə günü Ağ Ev İŞİD-in Tehrana hücumu xəbəri ilə yuxudan oyandıqda, bu, çıxılmaz vəziyyət yaratdı: indi prezident Tramp qurbanların olduğunu inkar etmədən şiddəti necə qınayacaq?

Ağ Evin bir neçə rəsmisi bildirib ki, günün çox hissəsini yığcam, kəskin sözləri işləməklə, bəyanat hazırlamağa sərf ediblər. Həmin bəyanatda İran ictimaiyyətinə rəğbət göstərilir və onların Tehranın klerikal liderlərinin davranışı üzündən hədəf olduğu bildirilir.

"İranda terror hücumlarının günahsız qurbanları üçün kədərlənir və çətin günlər keçirən İran xalqı üçün dua edirik", – deyə cənab Tramp yazmışdı. – "Biz vurğulayırıq ki, terrora sponsorluq edən dövlət təşviq elədiyinin qurbanı olmaq riski edir".

Bəyanat cənab Trampın Fars körfəzi ölkələrinin çirkin siyasətinə – Qətər və digər sünni-müsəlman qonşuları arasında mübahisəyə sülhyaradıcı vasitəçi kimi burnunu soxması ilə eyni gündə verildi.

Çərşənbə günü – administrasiya üçün dünyanın ağ-qara olmamasına xatırlatma idi. Cənab Trampın seçki kampaniyasındakı çıxışları və "Twitter" yazılarında isə o, məhz belədir: "radikal islam ekstremizmi" – İŞİD, şiə İran və sünni dövlətlər…

"Bu, administrasiyanın qarşılaşdığı rəqib prioritetlər və ziddiyyətlərin illüstrasiyasıdır, onlarla barışmaq çətin olacaq, – Obama administrasiyasının Yaxın Şərq siyasəti üzrə rəsmisi Robert Malli bildirib. – Siz bütünlüklə nə İŞİD və terrorizmə, nə İrana qarşı ola və eyni vaxtda Amerikanın maraqlarını müdafiə edə bilirsiniz".

Bir gün əvvəl cənab Tramp Səudiyyə Ərəbistanının Qətəri təcrid etməsi ilə bağlı Riyadla müttəfiqlik "tweet"ləri yazdı. Prezident, həmçinin, bir administrasiya rəsmisinin sözlərinə görə, Qətərə dair iddialar siyahısını tərtib etmək üçün Səudiyyə Ərəbistanı kralı Salmana zəng edib.

"Exxon Mobil"in sabiq baş icraçısı kimi, körfəzin sünni liderlərini tanıyıb-bilən dövlət katibi Reks Tillerson Doha ilə mübahisəyə və embarqoya son qoymaq müqabilində, Səudiyyə Ərəbistanı, Misir və bir sıra digər dövlətlərin tələblərinin siyahısını Səudiyyə rəsmilərindən istəyib.

Cənab Tillerson və müdafiə naziri Cim Mattis dəfələrlə bildiriblər ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı və Qətər arasında ayrışmaya yol verə bilməz. Doha yaxınlığındakı Əl-Udeyd hərbi bazasında təxminən 11 min ABŞ əsgəri var. İŞİD-ə qarşı hava müharibəsi buradan idarə olunur.

Qətər, Dövlət Departamenti və Pentaqonun ehtiramlı bəyanatlarındakı ziddiyyətlərdən təəccüblənib. Cənab Trampın "tweet"lərində isə bu dövlət tənqid edilir. İndi qətərlilər uzun müdətli ittifaqla nə baş verdiyini Amerika rəsmilərindən soruşurlar.

Tramp hər iki tərəfin Ağ Evə dəvət olunmasını irəli sürüb və vasitəçi kimi cənab Tillersonun namizədliyini təklif edib. Prezident, həmçinin ekstremist qrupların maliyyələşdirilməsini kəsmək üçün "Twitter"lə Qətər əmiri Şeyx Tamim bin Hamad Əl-Taniyə çağırış edib.

"Müsəlman Qardaşlar" da daxil olmaqla, səudiyyəlilər və misirlilərin ciddi təhlükə hesab etdiyi bu qruplara Qətərin dəstək verməsi sual doğurmur. Eyni zamanda, Səudiyyə Ərəbistanı digər sünni ekstremistlərin cibinə pul axıdır və bu, ona qarşı ittiham kimi irəli sürülə bilər.

Analitiklərin fikrincə, cənab Trampın ictimai dəstəyi səltənəti cəsarətləndirib, Oman və Küveyt daxil olmaqla, digər Körfəz ölkələri bunu soyuq qarşılayıb. Onlar qorxur ki, Qətər kimi, Səudiyyə Ərəbistan və ya Birləşmiş Ərəb Əmirliklərinə meydan oxuyan istənilən Körfəz ölkəsi eyni təhlükə ilə üzləşə bilər.

"Bölgədə hər kəs "Sabah mən ola bilərəm" düşüncəsi ilə çiyni üzərindən arxaya boylanır", – 2013-2016-ci illərdə Dövlət Departamentinin Yaxın Şərq siyasəti üzrə ikinci yüksək rütbəli diplomatı, Yəməndə sabiq səfir Cerald Feyerşteyn bildirib.

Hazırda Yaxın Şərq İnstitutunda Körfəz işləri üzrə departamentin direktoru olan C.Feyerşteyn deyib ki, "biz terrorun maliyyələşdirilməsi ilə mübarizə apara-apara KƏŞ-i parçalamadan çıxmalıyıq. Mübahisələr minimuma endirilməlidir".

Sabiq səfirin fikrincə, Körfəz Əməkdaşlıq Şurası sünni-ərəb dövlətlərinin sərbəst assosiasiyasına çevrilməlidir.

Tramp administrasiyası Səudiyyə-Qətər mübahisəsini çözə-çözə, özünü səudiyyəlilər və İran arasında tapa bilər. Çünki Tehran terrorlara görə birbaşa sübutlar olmadan Səudiyyə Ərəbistanını günahlandırdı.

"Tehran və Riyadı İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etməyə məcbur etmək ABŞ-ın maraqlarına uyğundur, – Beynəlxalq Sülh Naminə Karnegi Fondunun Yaxın Şərq proqramının baş elmi işçisi Kərim Sacədpur bildirib. – İran və Səudiyyə Ərəbistanı arasında narazılıq və inamsızlıq Suriya və Yəməndə daha çox mülki itkilərə, Avropaya üz tutan daha çox qaçqına və daha çox sünni və şiə radikalizminə səbəb olur".



Tərcümə: Strateq.az
Tarix: 8-06-2017, 22:00
Xəbəri paylaş





Xəbər lenti