Qətər böhranı, Tehran hücumu, Məkkə müharibələrinə hazırlıq

Qətər böhranı, Tehran hücumu, Məkkə müharibələrinə hazırlıq Yaxın Şərq coğrafiyasını Amerika, İngiltərə idarə edir. Qərarı onlar verir, ixtiyar onlardadır, təlimat oralardan gəlir. İdarəçilərin çoxu “təyin edilənlər”dir. Müstəqil kimi görünən ölkələr əslində işğal altındadır. Ölkələr döyüşdürülür, parçalanır, cəmiyyətlər parçalanır...

İbrahim Karagül, “Yeni Şafak”




Yaxın Şərqdə hesablar bir gündə sıfırlanır, cəbhələr hər gün dəyişir. Dostluqlar da, düşmənliklər də daimi deyil. Xəyanətin sərhədi yoxdur. Alçaqlığın da. Davamlı olan yeganə şey vassallıqdır, köləlikdir. Təlimatla, buyruqla, əmrlə ölkələr bir xətt boyunca düzülür, cəbhəyə çıxarılır. Bu cəbhə bəzən yanımızdakı qonşu olur, bəzən də öz vətəndaşımız.

İslamla, müsəlmanlarla vuruşmağı belə, sizə “Müsəlmanlıq uğrunda mübarizə” olaraq sırıya bilərlər. Siyasi iqtidar alınır, qarşılığında neft verilir, təbii qaz verilir, ölkələrin sərvətləri peşkəş edilir. “Bizim sayəmizdə ayaq üstəsiniz” deyənlərə hər il xərac paylanır. Coğrafiyanın namusu, mənbələri, şərəfi ayaqlar altına sərilir.

Dəyişməyən yeganə şey işğaldır, alçaqlıqdır!

Bu coğrafiyanı Amerika, İngiltərə idarə edir. Qərarı onlar verir, ixtiyar onlardadır, təlimat oralardan gəlir. İdarəçilərin çoxu “təyin edilənlər”dir. Müstəqil kimi görünən ölkələr əslində işğal altındadır. Ölkələr döyüşdürülür, parçalanır, cəmiyyətlər parçalanır, bütün kimliklərdən döyüş üçün istifadə edilir.

Dəyişməyən yeganə şey, yeganə cəbhə vardır: bütün ölkələrin İraq kimi, Suriya kimi, Liviya kimi, Yəmən kimi dağıdılması, parçalanması, bir neçə hissəyə bölünməsi.

Soyuq müharibə bitən gündən indiyə qədər oynanılan teatr budur. Addım-addım, sistemli şəkildə ölkələrdəki sabitlik pozulub, bəziləri vətəndaş müharibəsinə sürüklənib, bəziləri isə işğal ordularının lider qüvvəsi olan terror təşkilatları tərəfindən yaşanmaz hala gətirilib.

Qətər böhranı İran-Səudiyyə müharibəsinin ayaq səsləridir

Sırada bütün ölkələr var. Türkiyə var, İran var, S.Ərəbistanı var, Pakistan var, İndoneziya var, Şimali Afrika var. Onların coğrafiyamıza qarşı siyasi istilayı planlaşdıranların dəftərlərində hər ölkə üçün bir plan var. Kimlərin ABŞ-ın dostu, kimlərin isə düşməni olmasının bir mənası yoxdur, hamısı üçün bir plan var. ABŞ-ın müttəfiqi də zərərə uğrayır, dostları da – artıq heç nəyin fərqi yoxdur.

Onlara görə, hər bir ölkə bir gün Suriya, Liviya, İraq kimi dağıdılacaq, parçalanacaq, coğrafiya şəhər-dövlətlərinə çevriləcək.

Suriya məsələsi başa çatmazdan əvvəl Qətər böhranı başladıldı. ABŞ prezidenti Trampın ilk addımı İran-Səudiyyə Ərəbistanı müharibəsi olacaq. Trampın ilk səfəri zamanı tapşırıqlar verilmiş, cəbhə formalaşdırılmış imiş ki, bir anda “Ərəb xaini” elanı verildi. Qurudan, dənizdən, havadan blokadaya alındı. İşğala yaxın atmosfer yaradıldı.

Tehrana hücumlar əsl casus əməliyyatıdır...

Məsələnin nə yerdə olduğu anlaşılmadan İŞİD Tehrana hücum elədi. İran xalqı üçün rəmz sayılan iki hədəf seçilmişdi – İran məclisi və Xamneyi türbəsi. İrana qarşı olsa da, indiyə qədər İrana və İsrailə heç vaxt hücum eləməyən, əsasən, sünni qətliamları törədən İŞİD birdən Tehranda terror törətdi.

Tehranda olan hücumlar peşəkar casus əməliyyatıdır. Kimlərsə Qətər böhranından sonra İranı qarışdırmaq üçün fəaliyyətə başlayıb, məxfi əməliyyatlar keçirməyə başlayıb, İranı ərəb dünyasına qarşı qızışdırmaq üçün təhriklərə başlayıb. Tehrana hücumlar – İŞİD-i kimin idarə elədiyini, terror təşkilatları vasitəsilə hansı ölkələrin casus əməliyyatlarını həyata keçirdiyini daha dəqiq şəkildə aşkara çıxarıb.

Böyük müharibə üçün onlarla yeni təşkilat meydana çıxarılacaq

Biz bu halla qarşılaşmışıq. ABŞ-ın FETÖ, PKK vasitəsilə Türkiyəni necə vurduğunu bilirik. PYD vasitəsilə Suriyada nələr törətdiyini də bilirik. İŞİD ilə PKK vasitəsilə Suriyanı parçalayanlar ərəb-İran müharibəsi üçün, görərsiniz, daha on terror təşkilatını meydana çıxaracaqlar.

Qətər böhranı ilə Tehrandakı hücumlar eyni əldən çıxmış məhsullardır. Həm sünni ərəb dünyası, həm də şiə İran dünyası təhrik ediləcək, provokasiya ediləcək, hər cür əməliyyatlara hazır hala gətiriləcək - əsas məqsədləri budur. Elə bir mühit yaradılacaq ki, onların üstünlük verdikləri, müəyyənləşdirdikləri düzgün-yanlış meyarlarına təslim olmaqdan savayı heç kimin seçimi qalmayacaq. Çünki, daim belə ediblər. Daim onların düzgün-yanlış anlayışlarına görə mövqeyimizi müəyyənləşdirməyə, tərəf tutmağa məcbur olmuşuq.

Əslində bunlar böyük məzhəb müharibəsi üçündür!

ABŞ, İrana qarşı əməliyyatın ilk çıxışını edib, ilk gülləni atıb. Səudiyyə Ərəbistanının liderli, Misirin də daxil olduğu Sünni Ərəb Cəbhəsini İranla müharibəyə razı saldı. Qətər bu müharibəyə razılaşmadığı üçün cəbhədən kənarlaşdırıldı, təkləndi. Bu günə qədər İranın şiə varlığına qarşı hücumları, özbaşınalıqları, təhrikləri bütün coğrafiyada böyük etiraz doğurmuşdu. İndi eyni reaksiyalar Səudiyyə Ərəbistanına da yönələ bilər.

Bu səfər təzyiq İrandan yox, Səudiyyə Ərəbistanı cəbhəsindən gəlir. İranla müharibəyə can atırlar. ABŞ-ın onlara nə vəd elədiyini bilmirik, lakin bu müharibə tamamilə regional müharibə olacaqdır. Qərbin illərlə xəyal elədiyi nəhayətsiz məzhəb müharibələri baş verəcək. Heç bir dövlət bu hərbdən kənarda qalmayacaq. Bu coğrafiya bəlkə də əlli il ayağa qalxa bilməyəcək.

Hər kəsi dəli edəcək terror hücumları olacaq

Riyad cəbhəsi Qətəri istila elədiyi anda bu müharibə başlayacaq. O möhtəşəm təbii qaz sərvətini heç kim heç kimə güzəştə getməz. Ardından başqa köfrəz ölkələrinin işğalları gündəmə gəlir. İran və İraqın Küveyti İşğalı məhz o zaman qaçılmaz olacaq. Türkiyənin İran və Səudiyyə Ərəbistanı vasitəsilə ciddi bir təzyiq yaratması, bu regional qiyamət müharibəsinə gedən qapıların bağlanılması lazımdır.

Xüsusilə İranın, Türkiyənin Suriyadakı təhlükəsizlik qayğılarına qarşı müqavimətindən vaz keçməsi və Türkiyənin sülh axtarışlarına meydan yaratması lazımdır.

Bu yaxınlarda İranı, S.Ərəbistanını və region ölkələrini dəli edəcək terror hücumları başlayacaq. Cəmiyyəti müharibəyə hazırlamaq üçün regional düşmənçiliklər vasitəsilə bir terror fırtınası başladıla bilər. Hamının çox diqqətli olması lazımdır.

Səudiyyə Ərəbistanına tələ quruldu

Şəxsən mən, Səudiyyə Ərəbistanının İranı dayandırmaq üçün ABŞ ilə başladığı bu yeni fəaliyyətin bir tələ olduğunu, tələnin ən böyüyünün Riyad iqtidarına qarşı qurulduğunu düşünürəm. Burada əsl məqsəd Səudiyyə Ərəbistanını parçalamaq, bir neçə dövlətə bölməkdir. Təbii ki, sonra İran və Türkiyə üçün eyni planlar meydana çıxacaq. Ərəbdaxili müharibə, islamdaxili müharibə, İran-səudi müharibəsi, necə adlandırırsınız-adlandırın, Qərb regional müharibənin ilkin hazırlıqlarına başlayıb! Bu işin axırı Məkkə müharibələrinə qədər uzana bilər. Böyük plan məhz budur.

Məkkə müharibəsinə hazırlıq var

Bu təhlükəni çox müzakirə elədik, çox xəbərdarlıq elədik.


“Müsəlmanlar öz içərilərində müharibə edəcək”, “Müharibə islamın qəlbində baş verəcək”, “İslamdaxili müharibə” ifadələri bu böyük planlaşdırmaların ayaq səsləri idi. “İki il içərisində körfəz qarışacaq” demişdim, iki il keçməmiş, Qətər böhranı baş verdi, Tramp bütün regionu təhlükəyə doğru sürükləməyə başladı.

“Suriya müharibəsi bitdiyi zaman, o uğursuz dalğalar Bəsrə köfrəzinə yönələcək, köfrəz ölkələri çox ciddi bir İran təhdidi ilə üzləşmək məcburiyyətində qalacaqlar. Müharibənin körfəzə daşınması isə İran-Səudiyyə Ərəbistanı müharibəsi olacaqdır”. Hər şey Suriya müharibəsi başa çatmadan başladı. Tehranın son hesablaşmasının Riyad iqtidarı ilə olacağına, bəlkə də İran tanklarının Kəbə qapılarında duracağına inanıram. Budur sizə islamdaxili müharibə dedikləri böyük fəlakət!

Tanklar Kəbəyə getmədən...

Son bir neçə ildə məhz bu böyük plan üçün altdan-altan təməl hazırlandığına, böyük çaxnaşmanın təməlinin qoyulduğuna dair əndişələrimi paylaşdım. Çünki addım-addım bir fəlakətin astanasına gəlirik. Təcili müdaxilə edilməzsə, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin də surayalaşacağını, bütün müqəddəsliklərin tapdalanacağını, Türkiyənin bu böyük fəlakətdən ağır yaralar alacağını düşünürəm. Tanklar Kəbə qapısına çatmazdan əvvəl edə biləcəyimiz çox şey var. Məsələnin necə qorxunc olduğunu anlamağımız kifayətdir...

O tanklar ya İran tankları, ya da Amerika tankları olacaq. Kəbəni vuracaq raketlər ya İran, Ya Husi, ya da Amerika raketləri olacaq. İran-Səudiyyə müharibəsi ilə regional qiyamət müharibəsini hazırlayanlar, bu məsələnin fitilini Qətər böhranı ilə alışdıranlar bütün bunların da hazırlığını edib, əmin olun.

Qorxuram ki, regionun məhvini regionun öz insanlarının əli ilə həyata keçirələr...

Tərcümə Hurriyyet.org-undur
Tarix: 10-06-2017, 11:34
Xəbəri paylaş





Xəbər lenti