Hər ABŞ prezidenti bir müsəlman dövlətini məhv etsə...

Hər ABŞ prezidenti bir müsəlman dövlətini məhv etsə... Düşünmürəm ki, “Böyük siyasət qəliz məsələdir” - deməklə dəyərli oxucularımızın biliyini, heç olmasa, azacıq artırmış olaram. Bəlkə də onlar daha ciddi qənaətdədirlər: fikirləşirlər ki, nəinki böyük, hətta ən kiçik siyasət belə müşkül, bir az da iyrənc məsələdir.


Ola bilsin, buna görədir ki, bizim dəyərli həmvətənlilərimiz illərdir ki, siyasətlə maraqlanmırlar. Hərçənd, mən bunu da ifrat hesab edirəm və bir daha deyirəm ki, bir şey ki, mövcuddur və bizim həyatımıza həlledici təsir göstərir, özümüzü onu görməməzliyə vurmaqla heç şey qazanmırıq, əksinə, siyasət adamlarının işini bir az da asanlaşdırırıq ki, onlar bizi daha çox əzsinlər, daha çox istismar etsinlər. Bu, siyasətin böyüyünə də aiddir, elə kiçiyinə də...



Ona görə də keçirəm mətləbə. Bəli, kiçik və despotik ölkə olan Qətər qalıb ərəb dünyasının, ABŞ-ın və Rusiyanın arasında. Yox, bu, növbəti “demokratiya savaşı” deyildir. Ona görə ki, Qətərə qarşı cihadın önündə despotik monarxiya olan Səudiyyə Ərəbistanıdır.


Ona qalsa, əslində cəmi ərəb dünyasında bircə dənə belə olsun, demokratik ölkə yoxdur. Hətta Misiri də demokratik ölkə adlandırmaq olduqca çətindir və demək olar, mümkün deyildir, ona görə ki, demokratik ölkələrdə prezidentlər on illərlə hakimiyyətdə olmurlar.


Misirə, olsa-olsa, dünyəvi demək olar, hərçənd, bu qiymətimizin də müəyyən mübahisələrə səbəb olacağını düşünüb əvvəlki fikrə qayıdırıq: Qətər də bütün digər ərəb ölkələri kimi despotik monarxiyadır və elə bu səbəbdən də bir daha deyirik ki, bu savaş “demokratiya savaşı” deyildir.


Üstəlik, “demokratiya savaşı” da çox qəliz məsələdir. Kiçik Buşun vaxtında İraq bir ölkə kimi iflic edildi. Obamanın vaxtında isə Liviya və Suriya bu aqibəti yaşadı. İndi məlum olur ki, Trampın da vaxtında növbə Qətərə çatıb!..


Bilirsiniz, bu sıraya baxanda adamın ağlına gələn ilk şey nə olur? Düşünürsən, hər ABŞ prezidenti bir müsəlman ölkəsinin axırına çıxarsa, bu minvalla bir neçə on ildən sonra bircə müsəlman ölkəsi belə qalmaz!..


Bu məsələnin təkcə bir tərəfidir. Bir daha demokratiya məsələsinə gəldikdə isə, nə S.Hüseyn İraqının, nə M.Qəzzafi Liviyasının, nə də indi də qalmaqalda olan B.Əsəd Suriyasının xarabalıqları üzərində demokratiya bayrağı görünmür və yaxud da görünməyəcəkdir.


Bu azmış kimi, bir vaxt kiçik Buşdan İraqı işğal etməsinin səbəbini soruşanda bir söz tapmadı, çünki sonradan təsdiq olunmuşdu ki, bütün deyilənlərə rəğmən Səddamın heç bir nüvə silahı-filanı yox idi. Kiçik Buş da başqa səbəb uydurmadı, birbaşa dedi ki, Səddam mənim atamı təhqir etmişdi. Halbuki deyə bilərdi ki, Səddam İraqda despotik rejim qurmuşdu, hamını cana yığmışdı! Amma kiçik Buş bunları demədi. Biz də “oğulun atasının qisasını alması” versiyası ilə barışmalı olduq...


Elə Obama da başqa izahatlarla özünü yormadı. O da “etiraf” etdi ki, Liviya və Suriya məsələsi, ümumiyyətlə, “ərəb baharları” ssenariləri də axıra qədər düşünülməmişdi...


Bir sözlə, ABŞ siyasətçiləri heç bir halda özlərini təqsirli bilmədilər. İndi də qəribə vəziyyət yaranıb. Bir tərəfdən ABŞ-ın Qətərdə on minə qədər əsgərinin olduğu bildirilir, o biri tərəfdən də D.Tramp yorulmadan Qətəri terrora dəstək verməkdə suçlayır, hətta daha ehtiyatlı ifadələrdən istifadə edən dövlət katibinin leksikasına da diqqət yetirmir.


Bilirsiniz, böyük bir oyuna bənzəyir bu. İllərlə Şərq dünyasında despotlar “yetişdirirlər”. Bu despotlar da ağına-bozuna baxmadan özlərinə İsgəndər və ya Napoleon deyir, ölkələrinin yaltaqlarının səhər-axşam onlara söylədiyi nağıllara inanaraq həqiqətən də düşünürlər ki, elə doğrudan-doğruya böyük, nəhəng siyasət adamlarıdırlar.


Beləcə, təriflərdən ağıllarını itirir, quduzlaşmağa və xalqı daha həvəslə talan etməyə başlayırlar. Xarici banklar da onların sərvətini hara və necə yerləşdirməyi bilmir.


Amma bir gün məlum olur ki, heç sən demə, bunlar çox böyük cinayətkarlar imiş və “demokratik dünya” daha buna dözmək istəmir və diktatoru cəzalandıracaq. Cəzalandırırlar. Amma necə? Ölkə xarabalığa çevrilir, idarəolunmaz hala gəlir. Diktatorun da pulları xarici banklarda itib-batır, hərçənd ki, əvvəlcə onların xalqa qaytarılacağı vəd olunur. Sonra hər şey “yaddan çıxır”. Vədlər də, pullar da...
İndi deyilənə görə, Qətər əmirinin də pulu çoxdur. Nə demək olar? Allah axırını salamat etsin...

Hüseynbala Səlimov
Tarix: 15-06-2017, 10:05
Xəbəri paylaş





Xəbər lenti