Amerikanın Tramp travması

Amerikanın Tramp travması Politoloq: “Ola bilər ki, onun impiçment məsələsi bu gün üçün tezdir, ancaq Tramp davranışlarına davam edəcəksə, bu baş verəcək”


Donald Trampın Amerika prezidenti kimi fəaliyyətindən 5 aya yaxın vaxt keçir. Bu aylar ərzində Tramp daha çox mediaya qarşı sərt mövqeyi, qeyri-adi açıqlamaları və rezonans doğuran “tvit”ləri ilə gündəmə gəlib. Hələ də namizədlik dönəmində verdiyi əksər vədlərini isə yerinə yetirə bilməyib.

Bu aylar ərzində onun Rusiya ilə əlaqələri barəsində də ABŞ-ın yerli mediasında çoxsaylı xəbərlər dolaşdı və Trampın impiçment məsələsi belə gündəmə gətirildi. Lakin reallıq budur ki, Tramp hələ də ABŞ prezidentidir və özünə xas hərəkətlərinə davam edir.


Bildirilir ki, bu günlərdə Trampın həyata keçirmək istədiyi səyahət qadağası barədə atdığı “tvit” ölkənin turizm sektoruna da zərbə vurub. Müşavirləri ona “twitter”dəki bu kimi fəaliyyətini durdurmağı məsləhət görsələr də, o, bu məsləhətlərin heç birinə əməl etmir.


Politoloq Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirib ki, Tramp Amerikanın prezidentləri tarixində daha öncə görünməmiş bir şəxsdir:


“Buş belə Tramp qədər olmayıb. Həqiqətən də Donald Trampın hərəkətlərini anlamaq çətindir. Diplomatik etikaya, protokol qaydalarına uyğun gəlməyən davranışlarını görürük. Əslində onu qeyd edim ki, prezident üçün sosial şəbəkədən istifadə etmək qadağan deyil. Sadəcə olaraq o, yazmağı ilə problemlər yaratdığı üçün bildirirlər ki, bu addımları durdur. Ancaq buna baxmayaraq, görünən odur ki, Tramp bütün bunları eşitmir. Hesab edir ki, prezident olduğuna görə, istəsə müşavirlərinə qulaq asar, istəsə də asmaz. Eyni zamanda son zamanlar çox biabırçı qaydada bəzi dövlət qulluqçularını vəzifədən aldı. Səbəb də odur ki, bu adamlar Trampın dediklərini etmirlər. Bütün bunlar baş verdikcə Trampın dosyesində onun əleyhinə xeyli faktlar toplanır. Ola bilər ki, onun impiçment məsələsi bu gün üçün tezdir, ancaq Tramp davranışlarına davam edəcəksə, onun impiçment olunması mümkündür. Bir çox insan deyir ki, o, impiçment ola bilər. Əslində, bu adımı indi də çıxara bilərlər. Çünki FTB direktoru Ceyms Komini, baş müşaviri Ed Brukoveri vəzifədən azad etməsi sırf siyasi səbəblərlə bağlı olduğuna görə, vəzifədən sui-istifadə kimi xarakterizə oluna bilər. Ancaq bunun üçün Senat qərar verməlidir. Senat qərar verməlidir ki, Trampla bu qədər gedilən yol bəs edər. Görünür, bu qərar hələ verilməyib. Unutmamaq lazımdır ki, Amerikada lobbilərin gücü həddindən artıq çox təsirlidir. Bura silah, maliyyə, erməni, yəhudi lobbisini aid etmək olar. Hal-hazırda Tramp bir çox maliyyə lobbilərinin maraqlarını təmin edir. Ola bilər ki, buna görə də cəsarətli davranır. Yəni siyasi qurumlarla bəzən baş-başa gəlməkdən çəkinmir və hesab edir ki, hələ onun istifadə edəcəyi kredit miqdarı var”.


Politoloq istisna etmir ki, Tramp sadəcə olaraq bir proyektdir:




“Əslində Tramp Respublikaçılar Partiyasının namizədidir. Düzdür, ora seçki ilə gəlib. Bütün Respublikaçılar Partiyası ”bizim tək namizədimiz Trampdır", deyə onu qabağa çıxarsaydılar, düşünərdik ki, bu bir proyektdir. Ancaq belə olmayıb. Eyni zamanda onun proyekt olub-olmadığını istisna etmək də mümkün deyil. Vədlərinə gəlincə isə o, bunların əksəriyyətini yerinə yetirə bilmədi. Məsələn, “Obamacare” sistemini ləğv edəcəyini söyləsə də bunu bacarmadı. Dedi ki, Meksika ilə sərhədə divar çəkəcəm. Ancaq bunun üçün nə Konqres , nə də Trampın dediyi kimi Meksika vəsait ayırmadı. Bütün bunlar Trampın imicini daha da zədələyir. Əslində isə bir məsələ də var ki, Amerikada səsləri ümumi olaraq götürdükdə, seçicilərin çoxu onun prezident olmasını istəməyib. Sadəcə olaraq onu, əyalətlər üzrə ara nümayəndələr seçiblər. Seçicilərin çoxu isə Klintona səs vermişdilər. Bu isə onu göstərir ki, Trampın elə də böyük imici yoxdur. İkincisi isə mən Xarici İşlər Nazirliyinin işçiləri ilə özüm də bu məsələ ilə bağlı danışmışam. Onlar da Trampa yaxşı baxmırlar. Eləcə də əsas media agentlikləri də Trampa qarşıdır. Tramp özü də dəfələrlə bildirib ki, mənim mübarizəm Amerika mediası ilədir. Ancaq digər tərəfdən də Trampa səsverənlər baxımından onun imicinin pisləşdiyini hesab etmirəm. Düşünürəm ki, Trampa inanıb, onu sevənlər Trampın digər yuxarıda qeyd etdiyimiz kimi hərəkətlərini də dəstəkləyib, təsdiqləyirlər".


Əli RAİS
Tarix: 17-06-2017, 11:00
Xəbəri paylaş





Xəbər lenti