Rusiyaya ağır cəza: Sanksiyalar Trampı da istefaya göndərə bilər

Rusiyaya ağır cəza: Sanksiyalar Trampı da istefaya göndərə bilər АBŞ Senatına Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan qanun layihələrini təsdiqləyib. Sanksiyalar bu dəfə Rusiya banklarına tətbiq ediləcək. Amerikalı biznesmenlər və şirkətlər Rusiya bankları ilə maliyyə əməliyyatları aparmayacaq. Qadağalar 90 gün müddətinə nəzərdə tutulub. Yeni qanun layihəsinə görə, Rusiyanın enerji maliyyələşdirmələrinə də qadağaların tətbiq ediləcək. Bu sahədə tətbiq ediləcək embarqolar 30 gün müddətinə nəzərdə tutulub.

Sanksiyaların tətbiqinə səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Suriya böhranının həllinə mane olması və ABŞ-dakı seçkilərə kibermüdaxilə etməsi göstərilir. Demokratlar Partiyasının Senatdakı rəhbəri Çarlz Şumer, Beynəlxalq Münasibətlər üzrə Komitənin üzvü, demokrat Benjamin L.Kardin Bank Komitəsindən demokrat Şerrod Braun və Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən, respublikaçı Con Makkeyn və Lindsi Qrem də müzakirələrə qatılıblar.

Bob Korker ümumiləşdirilmiş qanun layihəsinin hazırlandığını deyib. Hətta bəzi layihələrdə ABŞ prezidentinin Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına qadağa qoymaq, eləcə də Rusiyanın Birləşmiş Ştatlarda və Avropadakı təxribatlarının qarşısını səmərəli şəkildə almaq üçün Konqresə əlavə səlahiyyətlərin verilməsinə dair təkliflər yer alıb. Yeni qanun qəbul olunarsa, Rusiyanın müdafiə və kəşfiyyat aparatı ilə əlaqələr, həmçinin energetika, dağ-mədən sənayesi, dəmiryolu və dəniz nəqliyyatı sanksiyalara məruz qalacaq. Qadağalar korrupsiyaya yol vermiş və insan haqlarının pozulmasına yol vermiş şəxslərə də tətbiq olunacaq. Lakin Rusiyaya qarşı yeni sanksiyalar məsələsində Senatla Donald Tramp administrasiyası arasında fikir ayrılığı yaranıb. ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqtonun bütün dostları Rusiya ilə dialoq qurmağı və əlaqələrin genişləndirlməsini xahiş edir. Moskva ilə böhranın davam etməsi vəziyyətin pisləşməsinə səbəb ola bilər. Reks Tillerson Rusiyaya qarşı hazırlanmış sanksiyalar layihəsində yeni bir sıra problemli məqamların olduğunu deyib. Dövlət katibi ABŞ-ın Rusiya ilə münasibətləri qaydaya salmaqda maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Moskva ilə bir sıra sahələrdə işgüzar münasibətlərin bərpası üzərində iş aparılır. Yeni sanksiya təşəbbüslərinin Rusiyaya ciddi xəbərdarlıq olacağını deyən senator Şumer isə bildirib ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə edəcəyi halda cəzalanacaq. Bob Korker Reks Tillersona iki həftə müddət verdiyini bəyan edib. “Ağ Ev bu təşəbbüslə razıdırmı” sualına tərəddüdlə cavab verən B.Korker “Mən inanmaq istərdim ki, administrasiya bu qərarı dəstəkləməyin ciddiliyini anlayacaq” - fikrini söyləyib.

ABŞ-ın “Politico” nəşri isə yazır ki, Tramp administrasiyası Moskva ilə əməkdaşlığa ehtiyatla işarə etdiyi halda, senatdakı hər iki partiya Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməsi ilə bağlı razılığa gəlib. Bu isə prezident Trampa güclü zərbə ola bilər. Demokratlar sərt kursun tərəfdarıdır. Onlar Putin hökumətinə tətbiq edilən sanksiyaları zəiflətmək istəyən prezident Trampa yasaq qoyulmasını istəyir. Respublikaçılar isə Rusiya məsələsində prezidentin əlini tamamailə bağlamağın tərəfdarı deyil. Lendsi Qrem bildirib ki, Rusiyanı cəzalandıran qanunu imzalamağa can atmayan hər kəs demokratiyaya xəyanət edir. “Əgər prezident Rusiyanı cəzalandıran qanunu imzalamasa, demokratiyaya xəyanət edəcək”.

Lendsi Qrem CBS «Face the Nation» proqramına açıqlamasında prezidentin Rusiyaya qarşı sanksiyalara veto qoyacağı halda senatorların D.Trampa üstün gələcəyini deyib. Bəzi respublikaçıların ikili mövqedən çıxış etməsinə baxmayaraq, qanun layihəsinin qəbul olunacağı artıq şübhə doğurmur. Ancaq son vaxtlar Rusiya məsələsi ABŞ-ın siyasi elitasında prezidentə qarşı təzyiqlərin artması üçün ciddi arqumentə çevrilib. Donald Trampın Rusiya ilə əlaqələrinin olmasına dair müstəqil hüquqi araşdırmaların aparıldığı bir vaxtda Ağ Ev rəhbərinin Senatın sanksiyalar qərarına qarşı çıxması ona təzyiqləri artıra bilər. Son günlər ABŞ prezidentinin konstitusiyanı pozması haqqında səslənən bəyanatlar da ona impiçment elan ediləcəyinə bir xəbərdarlıq işarəsi sayıla bilər.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Konqresinin demokrat qanunvericiləri prezident Donald Trampı məhkəməyə veriblər. Donald Tramp xarici hökumətlərdən pul almaqda təqsirləndirilir.

Trampa qarşı 190-dan çox qanunverici iddia qaldırılıb. İddiaçılar arasında 60 senator və Nümayəndələr Palatasının 166 təmsilçisi var. ABŞ tarixində indiyə qədər heç bir prezidentə qarşı bu qədər sərt çıxış etməyib. Hazırda bu kifayət qədər real səslənməyə bilər. Lakin Rusiyada prezident seçkiləri yaxınlaşdıqca Putin iqtidarına Qərbdən siyasi təzyiqlərin artacağı gözlənilir. Vladimir Putinin yenidən seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil. Əgər Putin konstitusiyanı dəyişib yenidən prezident seçilmək iddiasına düşərsə, ABŞ-Rusiya münasibətlərindəki gərginliyin pik həddə çatacağı şübhə doğurmur. Belə situasiyada D.Trampın Rusiyaya loyal addım atması ABŞ prezidentini istefa təhlükəsi ilə üzləşdirə bilər.

Müşfiq Abdulla
Tarix: 17-06-2017, 12:24
Xəbəri paylaş





Xəbər lenti