MKİ-nin İran bölməsinə rəhbər gətirilən sirli fiqur: "Ayətullah Mayk" ləqəbli kəşfiyyatçının təyinatı İrana nə vəd edir? - ARAŞDIRMA

MKİ-nin İran bölməsinə rəhbər gətirilən sirli fiqur: "Ayətullah Mayk" ləqəbli kəşfiyyatçının təyinatı İrana nə vəd edir? - ARAŞDIRMA Merve Seren

"Anadolu News Agency"

Prezident Donald Tramp və administrasiyasının Maykl D'Andreanı Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) İran bölməsinə rəhbər təyin etməsi Hollivud filmlərinə mövzu olmuş bu şəxsi beynəlxalq və yerli mediada yenidən gündəmə gətirib. Üstəlik, Qətər əleyhinə kampaniya və İranda İŞİD tərəfindən həyata keçirilən terror hücumları əsnasında elan edilən bu təyinat hərarətin onsuz da yüksək olduğu Yaxın Şərqin təhlükəsizliyinə dair narahatlıqları artırıb.

Buna görə də bütün gözlər bir anda CIA-nın indiyədək ən sirli xəfiyyələrindən biri sayılan Maykl D'Andreaya zillənib.


Bu şəxsin filmlərə ilham qaynağı olan CIA-dəki karyera hekayəti və "uğurları", künc yazılarını və media sütunlarını bəzəyib. Ən çox önə çıxarılan xüsusiyyətləri isə 2011-ci ildə "əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatdakı rolu, 2008-ci ildə Livan "Hizbullah"ının lideri İmad Muğniyəyə qarşı Dəməşqdə sui-qəsdi planlanlaşdırması, CIA-da "qara şahzadə", "Ayətullah Mayk" və "cənazə ləvazımatçısı" kimi xatırlanması, istirahət edərkən belə beyninin çalışması, siqaret asılılığı və bəlkə də ən maraqlısı və də paradoksal olanı, sirli eşq hekayəti ilə – yaxın şərqli müsəlman bir qadınla evlənməsi nəticəsində İslam dinini qəbul etməsidir.

CIA-nin ən həssas əməliyyatlarını icra edən sirli fiqur barədə, maqazin ünsürlərinin bol istifadə edildiyi bu əhvalat, kino sektoru və media baxımından iştaha yaradandır. Mövzunun mövcud siyasi şərtlər kontekstində nəzərdən keçirilməsinin də öz meyarı var.

D'Andrea seçimi üzərindən ABŞ-ın önümüzdəki dövrdə İrana dair iki ölkəni, nəhayət, isti bir döyüşə qədər apara biləcək sərt siyasəti izləyəcəyi düşünülür.

Maykl D'Andreanın bu vəzifəyə təyin edilməsindən sonra baş verən proseslər kəşfiyyat fəaliyyətlərində insan amilinin əhəmiyyətini yenidən nəzərdən keçirilməsini tələb edir.

Texniki kəşfiyyat və ənənəvi üsullar

Cimmi Karter dövrünün CIA başçısı admiral Stansfild Törner texniki kəşfiyyatın ənənəvi və insani kəşfiyyat məlumatı toplama üsullarını kölgədə qoyduğunu söyləmişdi. 1990-cı ildə başlayan Körfəz müharibəsindən sonra, o günlərdə örtülü bir şəkildə hakim olmağa başlayan "ABŞ-ın köhnə tərz casusluq/kəşfiyyat üsullarından asılılığı aradan qaldırma" anlayışına da məhz Törner dəstək vermişdi.

Sürətlə inkişafın doğurduğu texnoloji imkanların kəşfiyyat dünyasına verdiyi qatqılar və dəyişikliklər müzakirə edilməz olmaqla birlikdə, insan amilinin əhəmiyyəti və prioritetini vurğulayan dəlillər də güclü idi.

Törner insan kəşfiyyatının (HUMINT) texnoloji kəşfiyyatdan üstünlüyünü müdafiəsi üçün irəli sürülən "rəqibin – düşmənin beyninə girmənin və niyyətlərini öyrənmələrin yeganə yolunun insan ünsürü – kəşfiyyatçılar ola biləcəyi"tezisini yaxına buraxmırdı. Çünki onun fikrincə, kəşfiyyatçıların mühakimələri və insani yanılma payı risklər doğururdu.

11 sentyabr hücumları və qlobal terrorizm
11 sentyabr 2001-ci il hücumundan sonra qlobal terrorizm məfhumunun və yeni hibrid döyüş-qarşıdurma modellərinin ortaya çıxması, nəhəng texnoloji inkişafların kəşfiyyat sahəsinə təmin etdiyi üstünlükləri, həm də insan kəşfiyyatı amilinin yenidən gündəmə gəlməsinə səbəb oldu. O zamana qədər, kinofilm və casus romanlarının da yaratdığı hisslər çərçivəsində insan kəşfiyyatının ancaq dövlətlərə qarşı istifadə edilən vasitə olduğu söylənirdi. Elə ki kəşfiyyat dünyasında insan kəşfiyyatının artıq "ölməkdə olan sənət", texniki/texnoloji kəşfiyyat üsulları ilə müqayisədə, lazımsız olduğunu dilə gətirməyə başladılar.

Onları bu hökmə sövq edən prosesin başında, insan kəşfiyyatının terrorçular və canlı bombalara qarşı işə yaramadığı düşüncəsi idi.

Nəticədə, casusluq və kəşfiyyat fəaliyyətinin dünyadakı inkişaf və dəyişən şərtlərə görə fərqliləşən tələbləri, bu sahənin fərqli nəsillərdə peşəkarlarını yaratdı. Bu mənada kəşfiyyat dünyasında Soyuq müharibənin sona çatdığı 1989 və sonrakı dövrdə böyük dəyişiklik yaşanmağa başladı.

Kəşfiyyat təşkilatlarının artıq prioritet hədəfi, bir-birləri, yəni dövlətlər deyil, başda terror qurumları olmaqla, fərqli strukturlaşma və "modus operandi"ləri olan dövlət-xarici aktyorlar olmağa başladı.

11 sentyabr hücumları ilə daha da müəyyənləşən bu vəziyyət, yeni şərtlərə görə təşkilatlanma modelləri, texnologiya, şəxsi heyət, strategiya və taktika tətbiqi tələb edirdi. Məsələn, 2000-ci illərdən etibarən CIA və İngiltərə gizli xidmətinin Əfqanıstandakı mərkəzlərinin bir çox fərqli funksiyaları birgə icra etməsi müşahidə olunub.

ABŞ-da texniki və insan kəşfiyyatını bir-biri ilə qarşılaşdırma mövzusunda müzakirələr illərcə davam etdi. Ümumiyyətlə, onlar arasında doğru bir tarazlıq meydana gətirmək səyi olsa da, insan kəşfiyyatının üstünlük və prioritetini müdafiə edənlər əks tərəf qarşısında daha az dəstək tapmağa başladılar.

1994-cü ildə milli təhlükəsizlik məsləhətçilərindən Brent Skoukroft, insan kəşfiyyatının lazım olduğunu müdafiə edən fikirlər irəli sürdü. Onun fikrincə, Soyuq müharibədən sonrakı dövrdə ABŞ, əslində, çox yaxşı səviyyədə, texniki kəşfiyyat üsullarına daha az yönələn, yeni bir kəşfiyyat növünə ehtiyac duymaqda idi. O, insan kəşfiyyatına geri dönüşü təklif etdi.

Skoukroftun bu təklifi texniki üsulların daha az risklə daha sürətli nəticələr verdiyini düşünənlər tərəfindən rəğbətlə qarşılanmadı.

Əslində, burada əsas problem iki yanaşma arasındakı həssas tarazlığın necə tapılacağı idi. Bu tarazlıq xüsusilə 11 sentyabr hücumlarından sonra ayrı bir məna qazanmağa başladı. Bu tarixdən sonra CIA-ya qatılan T. C. Voters adlı bir casusun söylədikləri xüsusilə mənalı idi: "11 sentyabrdan heç nə öyrənmədiniz, ən azı bunu bilin! Peyklər, telefon dinləmələri və gizli dinləyicilər və s. – hamısı gözəl və faydalı şeylərdir. Lakin bunların heç biri başqasının nə düşündüyünü və ya insanların beynlərində nə planlaşdırdıqlarını bilmənin yerini tuta bilmir. Qabaqcıl texnologiyaya milyonlarla dollar sərf edildi, lakin heç kəs 11 sentyabr haqqında bir şey bilmirdi".

Gizli fəaliyyət və əməliyyatlar

İnsan kəşfiyyatının keçmişdən günümüzə qədər gələn missiya, ya da funksiyalarının əhəmiyyətli bir qismini məlumat toplama və ələalma təşkil edib.Lakin ən az bu ikisi qədər əhəmiyyətli olan bir digər vəzifə sahəsi isə, "gizli fəaliyyətlər/əməliyyatlar – covert actions/operations" icra etməklə nüfuz sahəsi yaratmaqdır.

Bu vəzifə sahəsinin kəşfiyyat dünyasında, xüsusilə son zamanlarda, qlobal terrorizm və yeni hibrid təhdidlərlə birlikdə daha da əhəmiyyət qazandığı müşahidə edilir. Kəşfiyyat ədəbiyyatı və terminologiyasında "gizli fəaliyyət/əməliyyat" anlayışı, fəaliyyətin özünün şəxsən gizli olduğu "gizli fəaliyyət/əməliyyat – Clandestine action/operation" anlayışından bir az fərqli olaraq, müəyyən məqsədlərə nail olmaq məqsədilə casuslar vasitəsilə bir sıra prosesləri təhrik və manipulyasiya etməkdir. Burada hadisələri tətikləyən və istiqamətləndirən casus, ya da ünsürlər gizli qalırlar. Beləcə, hadisələrdəki məsuliyyətlərini inkar etmə imkanına sahib olurlar.

İndiki dövrdə gizli fəaliyyətlərin hərəkət sahəsi, paramiliter, ya da partizan tərzi strukturların təşkilatlanması, dəstəklənməsi və sövq idarəsindən hərbi zərbələrin təşkil edilməsinə, siyasi böhranların yaradılmasına və iqtisadi xüsusiyyətli dağıdıcı əməliyyatlara qədər olduqca genişlənib.

11 sentyabr hücumundan dərhal sonra kəşfiyyat təşkilatları terrorizmə və beynəlxalq terror təşkilatlarına fokuslanmağa başladılar. ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə siyasətinin əsas vasitələrinin başında "gizli fəaliyyət və əməliyyatlar" gəlirdi. Bu vəziyyət, yəni yeni dövrdə kəşfiyyat təşkilatlarının missiyasına daxil edilən gizli əməliyyatlar, kəşfiyyat təşkilatlarının Soyuq müharibə dövründə vərdiş etdikləri casus döyüşündən fərqli idi.

Yeni proses kəşfiyyat təşkilatlarına casusluq fəaliyyətindən fərqlilik göstərən daha detektiv, bir-biri ilə yaxın əməkdaşlıq tələb edən və xüsusilə də tutulan terrorçuların gizli əməliyyatlara qatılması kimi yeni rol və missiyalar gətirmişdi.

Sui-qəsd proqramı

Beləcə, kəşfiyyat xidmətləri gerçəkdə casusluq təşkilatından çox qlobal gizli polis halına gəlməyə başladılar. Xüsusilə CIA, 2000-ci illərdən etibarən "gizli əməliyyatlar" kontekstində xüsusi proqramlar meydana gətirməyə başladı. Bu proqramların bir parçasını, Quantanamo kimi, ölkə sərhədləri xaricində qurulan həbsxanalarda məhbusları sorğulama, şəxsiyyəti müəyyən etmə və s. işlər meydana gətirdi.

Təməl sütunlarını "xarici gizli xidmətlərlə xüsusi əlaqələr", "örtülü diplomatiya" və "xadimləri sorğulama"nın meydana gətirdiyi bu növdən fəaliyyətlər, "insan kəşfiyyatı" anlayışına da yeni bir məna qazandırdı.

2008-ci ildə Barak Obamanın prezident seçilməsindən sonra Amerikan gizli fəaliyyətlər proqramına üçüncü daha biri əlavə edildi: sui-qəsd proqramı. Bu proqram bütün gizli əməliyyatlar proqramının ən əhəmiyyətli taktiki tətbiq halına gəldi.

Tətbiqin əsası, hədəflərin dronlardan – pilotsuz uçuş aparatlarından atılan mərmi və ya bombalarla zərərsizləşdirilməsinə əsaslanırdı. Burada məqsəd insan kəşfiyyatı yolu ilə hədəfləri təsbit etmək və nəhayət, texniki kəşfiyyatın dəstəyi əməliyyatı tamamlamaq idi.

CIA-nın ideal kəşfiyyatçı profilinə uyğun

Maykl D'Andrea da Əfqanıstan, Pakistan və Yəməndə reallaşdırdığı, yüzlərlə vətəndaşın də ölümünə səbəb olan bu cür gizli əməliyyatlardakı rolu və s. ilə məşhurlaşmış və CIA-dakı karyerasında pillələri sürətlə yuxarı qalxmışdı. Gizli əməliyyatlardakı mütəxəssisliyinə əlavə, 2006-cı ildə CIA-nın Terrorla Mübarizə Departamentinə rəhbərlik etdiyi dövrdə qazandığı təcrübə, yeni dövrdə D'Andreanın CIA üçün ideal kəşfiyyatçı profilinə uyğun olmasını təmin edir.

Bu xüsusiyyətlərə malik bir şəxsin CIA-nın İran əməliyyatları ilə əlaqədar müəssisəsinin başına gətirilməsi CIA rəhbəri Mayk Pompeo dövründə "gizli fəaliyyətlər"in artacağının açıq göstəricisidir.

Tərcümə: Strateq.az
Tarix: 19-06-2017, 04:06
Xəbəri paylaş





Xəbər lenti