Balkanlarda yeni qarşıdurma: NATO-da növbə Kiprə çatır - I YAZI

Balkanlarda yeni qarşıdurma: NATO-da növbə Kiprə çatır - I YAZI Makedoniyanın adı dəyişdirilir

Makedoniyanın yeni hökuməti ölkənin adını dəyişməyə razıdır. Məlum olduğu kimi, Yunanıstan 26 ildir bu tələblə çıxış edir. Əgər danışıqlar baş tutsa, Makedoniya NATO-nun üzvü olacaq. Yunanlar bu ölkəni "Fyrom" adlandırır. Bu termin ingilis dilinə tərcümədə "Keçmiş Yuqoslaviya Respublikası Makedoniya" mənasını verir. Mübahisənin də səbəbi Yunanıstanın əyalətlərindən birinin Makedoniya adlanmasıdır. Rəsmi Afina qonşuluqda eyni adda müstəqil dövlətin mövcud olmasını Yunanıstanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə hesab edir.


1991-ci ildən davam edən mübahisə və Yunanıstanın veto hüququ Makedoniyanın Avropa Birliyinə, NATO-ya qəbuluna əngəl törədib. Ancaq tərəflər arasındakı gərginlik aradan qalxmaq üzrədir. Makedoniyanın yeni baş naziri Zoran Zayevin Yunanıstana barışıq mesajı göndərir. Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov ölkənin adını dəyişməyə hazır olduqlarını bəyan edib. Lakin Skopye bu qərarın müqabilində Yunanıstandan Makedoniyanın NATO üzvlüyünə qəbul edilməsinə səs verməsini istəyir.

"Mən Yunanıstandan onların istədiyi kimi bir qonşunu başa düşmələrini xahiş edirəm. Onlar sərhədlərində sabit, dostsevər, demokratiyaya və ədalətə çalışan bir ölkə görmək istəyirmi?"-deyən Dimitrov Afinanı bu tarixi zərurəti dəyərləndirməyə çağırıb. Xarici işlər naziri Makedoniyanın yeni adının necə olacağını açıqlamayıb. Ancaq yayılan məlumatlara görə, ölkənin adı dəyişilərsə, "Şimali Makedoniya" və ya "Yuxarı Makedoniya" ola bilər. Çünki Yunanıstan bu iki variantdan birini seçməyi təklif edir. Skopye isə artıq bu tələblə Afinanın mövqeyi ilə razılaşıb. Makedoniya hökumətinin öz mövqeyini sürətlə dəyişməsi Rusiyanın Balkanlarda artmaqda olan keşmiş Yuqoslaviya respublikalarının əksəriyyətini narahat edən maraqları ilə izah edilir. Moskva tərəfindən təşkil edilmiş dövlət çevrilişinə cəhddən az sonra, yəni bu yaxınlarda Monteneqro NATO sıralarına daxil olub.

Kremlin xüsusi xidmət orqanları isə bütün vasitələri işə salmaqla NATO-nun balkanlarda yayılmasının qarşısını almağa və həmin regionun Qərbin təsir dairəsindən çıxarılmasına çalışır. Son on ildə Rusiyanın casus şəbəkəsi və diplomatları təbliğat aparmaqla Makedoniyada ədavət yayıblar. Makedoniyanın xüsusi xidmət orqanlarından əldə edilmiş sənədlər Rusiyanın keçmiş Yuqoslaviya respublikasının NATO-ya üzv olmasının qarşısını almaq və onu Qərbin təsirindən uzaqlaşdırmaq siyasəti yürütdüyünü təsdiq edir: “The Guardian” yazır ki, sənədlər korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması üzrə sərəncama dair olub. Həmin sənədlər Serbiya kəşfiyyatının Makedoniyada Rusiyameylli və anti-Qərb mövqeli millətçiləri dəstəkləməyə cəhd etdiyini göstərir. Haqqında söhbət gedən məxfi hesabatlar və seçilmiş sənədlər Makedoniya əks-kəşfiyyatı tərəfindən tərtib olunub.

Sosial-demokratların lideri Zoran Zayev 6 ay davam edən siyasi böhrandan sonra seçkilərdə qalib gələrək baş nazir seçilə bildi. Onun sol mərkəzçi koalisiyası etnik alban azlığına aid iki partiya tərəfindən dəstəklənir. Zayev korrupsiya ilə mübarizə və iqtisadi islahatlar vəd edib. O, Makedoniyanın Avropa İttifaqına və NATO-ya daxil olmasının tərəfdarıdır. Ölkənin iki milyon əhalisinin dörddə birini albanlar təşkil edir. Makedoniyanın sabiq baş naziri, millətçilərin nümayəndəsi Nikol Qruyevskinin tərəfdarları Zoran Zayevi hakimiyyəti albanlara verməkdə ittiham edir. Hətta bu ilin aprel ayında Rusiyanın siyasi dəstəyi ilə millətçilər spikerin alban və müsəlman seçilməsinə etiraz olaraq parlamentə hücum etmiş, Z.Zayevi və bir neçə deputatı döymüşdülər. Əks-kəşfiyyat məlumatlarına dair sənədlərə əsasən, Rusiya və Serbiya Makedoniyada uzun müddətli siyasi və etnik böhran yaratmaqla Qərbdən uzaqlaşdırmalı idi. Lakin Qruyevskinin əli ilə Rusiyanın çevriliş etmək və Makedoniyanın NATO-ya daxil olmasının qarşısını almaq planı baş tutmadı. Makedoniya Təhlükəsizlik və Əks-Kəşfiyyat İdarəsinin rəhbəri Vladimir Atanasovskinin hazırladığı arayışda bildirilir ki, Rusiya son 9 il ərzində Skopyedəki səfirliyinin rəhbərlik etdiyi fəal pozuculuq təbliğatı və kəşfiyyat fəaliyyəti ilə üzləşib. 2008-ci ildə Yunanıstan Makedoniyanın NATO-ya daxil olmasına qarşı çıxanda Rusiya yaranmış vəziyyətdən istifadə etməyə çalışıb.

Kremlin bu siyasəti Rusiyanın bölgədəki enerji maraqları ilə izah edilir. Moskva strateji enerji ehtiyatlarına nəzarəti Balkanlardakı tərəfdaşlarının köməyi ilə nəzarətə götürmək istəyir. Bu da öz növbəsində Kremlə Makedoniyanı özündən asılı salmaq imkanı yaradır. Həmin bölgənin Rusiyanın geostrateji nəzarətində olması Avropaya alternativ təbii qaz kəmərlərinin çıxışını əngəlləmək və “Cənub axını” layihəsini Bolqarıstandan keçməklə reallaşdırmaq üçün lazımdır. Lakin Avropa Komissiyasının Rusiyaya sanksiyaları səbəbindən “Cənub axını”nın icrasına qadağa qoyması Rusiya üçün ciddi maneəyə çevrilib. Əks-Kəşfiyyat idarəsinin sənədlərinə görə, Skopyedə Rusiyanın üç casus mərkəzi var. Bunlar Rusiya Xarici Kəşfiyyat Xidmətinin Serbiyanın paytaxtı Belqradda yerləşən iqamətgahına tabedir. Rusiyanın Makedoniyadakı səfirliyində Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Kəşfiyyat Xidmətinin (QRU) 4 casusu iştirak edir. Onların fəaliyyəti QRU-nun Bolqarısatının paytaxtı Sofiyadakı bazadan koordinasiya olunur. Rusiya həmçinin mədəni təbliğat işini genişləndirib. Rusiya səfirliyinin himayəsi altında fəaliyyət göstərən 30 cəmiyyət panslavyan birliyi və provoslav xristian ümumi inancını təbliğ edir. Sənədlərdə qeyd edilir ki, Rusiyanın Bitol və Ohrid şəhərlərindəki konsulluqları da kəşfiyyat bazası rolunu oynayır. Artıq xüsusi prokuror Qruyevski barəsində dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması və və korrupsiyaya ittihamı ilə araşdırma aparır.



Rusiya Serbiyadan çıxarılır

Rusiya isə ABŞ-ı və Avropa Birliyini Zayevi dəstəkləməklə Balkanları parçalamağa çalışmaqda və “Böyük Albaniya” yaratmaqda ittiham edir. Bu məsələdə Kremlin NATO-ya qarşı müqaviməti uğursuz olub. Aprel ayında Monteneqronun NATO-ya qəbul edilməsindən sonra 2018-ci ildə Makedoniyanın Alyansın sıralarına daxil olacağı gözlənilir. Artıq Zayev hökumətinin ölkənin adını dəyişmək üçün Yunanıstanın təklifilə razılaşması belə bir qənaətə gəlməyə əsas verir. Makedoniyadan sonra isə növbədə Bosniya və Herseqovinanın namizədliyinə baxılacaq. Bununla da Rusiyanın Adriatik dənizi hövzəsinə hərbi çıxış imkanları tamamilə qapadılacaq. Hətta Belqrad da getdkcə NATO ilə əlaqələri gücləndirir. 1998-1999-cu illərdə NATO-nun Serbiyada və Kosovoda apardığı hərbi əməliyyatlara görə, bir çox serblər bu təşkilata düşmən münasibət bəsləsə də bu ilin aprel ayında keçirilmiş prezident seçkilərində Avropa İttifaqına inteqrasiya tərəfdarı olan Aleksandr Vuçiç qələbə qazanıb.

Ekspertlərin fikrincə, NATO ölkələrinin əhatəsinə düşən Serbiyanın təhlükəsizlik sistemini Alyansın qaydalarına uyğun formalaşdırması qaçılmazdır. Rusiyanın Avropada ən yaxın müttəfiqi sayılan Serbiya üzərində geosiyasi təsirinin azaldılmasında maraqlı olan Qərb yaxın gələcəkdə Belqradla danışıqları intensivləşdirəcək. Serbiya NATO-nun yüklərinin öz ərazisindən daşınmasına razılıq verəcək. Serbiyanın NATO-ya daxil olması üçün Brüsselin əsas şərtlərindən biri Kosovonun müstəqilliyinin Belqrad tərəfindən tanınması ilə bağlıdır. Serbiya rəhbərliyinin bu təklifi qəbul edəcəyi ehtimalı yüksəkdir. Prezident Vuçiçin “Etiraf edirəm ki, mən əvvəlki mövqeyimi dəyişmişəm” deməsi də yaxın perspektivdə Serbiyanın xarici siyasət vektorunun Qərbə doğru yönələcəyinə bir işarədir. Ancaq bu prosesi ikinci mərhələ adlandırmaq daha doğru olardı. NATO-nun şərqə doğru genişlənməsi prosesində növbəti mərhələnin reallaşması müşahidə edilir. Birinci mərhələdə Monteneqro, Makedoniya, Bosniya və Hersoqovina NATO-ya cəlb edilir. Monteneqronun Alyansa daxil olması ilə başlanmış birinci mərhələ 2019-cu ilə qədər yekunlaşacaq.



Növbədə Kiprdir

Bununla, şərqi Avropada NATO üzvü olmayan 3 ölkə qalır-Kipr Respublikası, Serbiya və Kosovo. Hazırda həmin ölkələrdən NATO üzvü olmağa ən real namizəd Kipr Respublikasıdir. Bu da Kiprin Avropa Birliyinin üzvü olması ilə bağlıdır. Ona görə də Kipr Respublikası NATO standartlarına uyğun olan bir çox islahatları həyata keçirib. Lakin Kipr adasının yunan və türk icmaları arasındakı münaqişə bu ölkənin Avropa Birliyinə daxil olmasına imkan vermir. Münaqişənin həllinə dair 2016-cı ildə BMT-nin və Böyük Britaniyanın vasitəçiliyi ilə başlanmış yeni danışıqlar prosesində tərəflər qarşılıqlı güzəştlərə xeyli yaxınlaşıblar. Siyasi müşahidəçilərin fikrincə, Cənubi Kipr Avropa Birliyinin üzvü olduğundan şimaldakı türk icması vasitəçilərin federativ dövlətdə birləşmək təklifinə razıdır. Yunanlar isə adanın şimal hissəsində Türkiyə silahlı qüvvələrinin sülhün təminatçısı kimi qalmasına tərəddüdlə yanaşır. Buna baxmayaraq, NATO təmsilçisi olan Türkiyə hərbçilərinin birləşmiş Kiprdə yerləşməsi Qərbin maraqlarına cavab verir. Ancaq yunan tərəfinin tez-tez müzakirələri yarımçıq tərk etməsində Rusiyanın da təsiri az deyil. Çünki Kiprin NATO-ya üzv olmasına qarşı çıxan Rusiya Kiprin birləşməsinin tərəfdarı olmayan yeganə ölkədir. Ona görə də Rusiya hər vəchlə barışıq prosesinə mane olmağa çalışır. Adanın yunanlar yaşayan hissəsində Rusiyanın ciddi iqtisadi maraqları var. Bu əməkdaşlıq həmçinin, hərbi sahədə də qurulub. 2015-ci ildə bağlanmış müqaviləyə görə, Rusiya hərbçiləri adanın limanlarında yerləşə bilər.

Kipr Avropa Birliyinin üzvü olsa da, NATO-ya daxil deyil və Aralıq dənizində vacib strateji mövqe tutur. Bu baxımdan, ruslar Kipr yunanları ilə əlaqələrə böyük əhəmiyyət verirlər. Əgər ada birləşsə, Rusiya mövcud vəziyyətin dəyişəcəyindən narahatlıq keçirər. Kipr türkləri isə NATO-nun üzvü olan Türkiyə ilə sıx bağlıdır. Bu isə Kiprin gələcək xarici siyasət balansında dəyişikliyə gətirib çıxara bilər. Kipr münaqişəsi NATO üzvü olan Türkiyənin Avropa Birliyi ilə əmkdaşlığında əsas maneələrdən biridir. Əgər problemin nizamlanmasına nail olunsa, həm Kiprin NATO ilə, həm də Türkiyənin və NATO-nun Avropa Birliyi ilə hərbi əməkdaşlığında yeni imkanlar aça bilər. Lakin Kipr Respublikasının prezidenti Nikos Anastasiadis Türkiyə silahlı qüvvələrinin timsalında NATO-nun adadakı milli qarşıdurmaya son qoyacağına şübhə ilə yanaşır. Yunan tərəfinin mövqeyinə görə, türklərlə barışıq hələ mümkün olmadığından Kiprin vahid silahlı qüvvələrinin yaradılması qeyri-mümkündür.

Türkiyə isə adanın hər iki icmasının təhlükəsizliyinin təminatçısı ola bilməz. Buna baxmayaraq, Qərb Kiprin qısa müddətdə NATO-ya daxil olmasında və Rusiyanın Avropa Birliyi məkanından uzaqlaşdırılmasında maraqlı olduğundan münaqişənin həlli istiqamətində danışıqların intensivləşəcəyi gözlənilir. Hətta Qərb bu məqsədlə Anastasiadis hökumətinə və onun arxasında dayanan Yunanıstana güzəştə getmək üçün təzyiqləri artıra bilər.

Kiprin strateji əhəmiyyəti həm də bu ölkənin geniş təbii qaz ehtiyatlarına malik olması ilə bağlıdır. Kipr Respublikasının hasil etdiyi “mavi yanacaq” Rusiyanın Avropaya nəql etdiyi təbii qaza əsas alternativ mənbələrdən sayılır. Qərb İsraildən çıxarılan təbii qazın Şərqi Kipr üzərindən və Türkiyədən keçməklə Avropaya nəqlində maraqlıdır. Artıq İsrail buna razılıq verib. Rusiya isə millətçi Anastasiadis hökumətinə təsiri böyük olduğundan bu prosesin qarşısını ala bilir.

(Ardı var)

Müşfiq Abdulla
Cebhe.info
Tarix: 20-06-2017, 22:15
Xəbəri paylaş





Xəbər lenti