Kreml Jirinovskinin dili ilə Avropanı və postsovet ölkələrini təhdid etdi - İNANILMAZ İDDİALAR!

Kreml Jirinovskinin dili ilə Avropanı və postsovet ölkələrini təhdid etdi - İNANILMAZ İDDİALAR! Əhəd Məmmədli: “Putin özünü vəhşi rus ayısı kimi hiss edir, Rusiyanı bir siyasi ”bratva" idarə edir..."

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə də sərsəm açıqlamaları ilə gündəmə gəlib. Kremlin sözçüsü funksiyasını daşıyan Jirinovski “Rossiya 1" telekanalında çıxışı zamanı bildirib ki, Brüsseldə əgər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul edilsə, rus qoşunları Almaniya sərhədində dayanacaq.


Partiya sədri daha irəli gedərək, postsovet məkanı ölkələrini, hətta dünyanı təhdid edən açıqlamalarla çıxış edib. “Biz heç vaxt imkan verməyəcəyik ki, NATO bizim sərhədlərimizin yaxınlığında dayansın. Gürcüstanın da gələcəyi yoxdur. Postsovet məkanından heç bir dövlət NATO-ya buraxılmayacaq. Baltikyanı dövlətlər isə sadəcə səhv idi və bir daha bu səhv təkrarlanmayacaq. NATO-da bunun haqqında məlumatlıdırlar. Biz heç kimi təhdid etmirik, amma rusları hər yerdə qorumalıyıq”, - deyə o bildirib.

Onun fikirlərinin təsadüf olmadığı və Kremlin onun vasitəsilə dünyaya mesaj ünvanladığı bildirilir. Bundan əlavə, bu açıqlamalarının ardından Rusiyanın hələ də özünü postsovet məkanının ağası saydığı vurğulanır.

Politoloq Əhəd Məmmədli Jirinovskini Kreml sahibi Vladimir Putinin təlxəyi adlandırdı: “Keçmişdə kralların təlxəkləri var idi və bu təlxəklər sarayda görünməyən böyük nüfuza malik idi. Krallar deyə bilmədiyi sözləri təlxəklərinin sözləri ilə çatdırırdı. Jirinovski də eynən Putinin sözlərini daha abardılmış şəkildə çatdırır. Amma yenə də hər kəs bilir ki, Jirinovskinin dediklərini Kreml heç vaxtı etməyib, sadəcə, təlxək rolunu gözəl bacarır. Ona görə yaxşı olar ki, bu təlxəyin sözlərini o qədər də Azərbaycan mediası ciddiyə almasın. Əvvəla, rus qoşunları heç vaxt Almaniya sərhədində dayanmaz. Çünki buna nə gücü, nə də cəsarəti çatmaz. Həmçinin, indiki vəziyyətdə Ukraynanı heç kəs NATO-ya üzv etməz. Çünki təəssüf ki, Qərbdə Rusiya ilə münasibətlərdə Reyqan, Tetçer kimi sərt liderlər yoxdur. Məsələn, əgər ABŞ-ın prezidenti Reyqan olsaydı, Ukrayna indiki duruma düşməzdi, düşsə belə, Ukrayna NATO-ya üzv qəbul edilərdi və Putin buna qarşı heç nə edə bilməzdi. Obama, Olland, indi də Makron kimi dişsiz qorxaq liderlərin dönəmində Putin özünü vəhşi rus ayısı kimi hiss edir. Bunun səbəbi daha çox Rusiyanın gücü deyil, Qərbin dişsizliyidir. İndi Rusiyanı jarqon dili ilə desək, bir siyasi ”bratva" idarə edir. Lavrovun Bakıya son səfərinə nəzər salaq. Deyir ki, Qarabağ problemi mənim nəzarətimdədir. Adama deyərlər sən kimsən ki, Qarabağ probleminin həlli sənin əlində olsun. Yaxud rusların Azərbaycana Abxaziyada səfir olmuş birini və KQB agenti olan birisini Azərbaycana səfir təyin etmək niyyətlərinin olması qəbulolunmazdır. Yaxşı ki, vaxtında Azərbaycan buna imkan vermədi. Yəni Putin Rusiyada hakimiyyətə gələndən bunlar hamı ilə təhdid, küçə dili ilə danışırlar. Nə vaxta qədər Rusiyanın ciddi şəkildə qarşısı alınmayacaq, putinlər, lavrovlar, jirinovskilərin sayağlamalarını hələ dünya çox eşidəcək. Türkiyə rus qırıcısını vuranda bu bir şans idi, Rusiyanı geri oturtmaq üçün. Lakin onda da təəssüf ki, NATO Türkiyəyə lazımı dəstək vermədi. Türkiyə də müttəfiqlərinin xainliyini görəndən sonra Rusiya ilə münasibətlərini düzəltdi. Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan indi Rusiyanın şantajına məruz qalsa da, ərazi bütövlükləri təmin edilməsə də, sonda bu ölkələr deyil, məhz işğalçı, imperialist Rusiya dağılacaq. Rusiya odla oynayır və bu od Şimali Qafqaz, Don, Tatarıstan, Başqırdıstan, Kalininqrad Uzaq Şərq, Sibir, Kareliya qismində Moskvanın öz əlində yanacaq".



Politoloq Avropanın hədələnməsinə də toxundu: “Jirinovskinin sözlərini inanmıram ki, Qərbdə ciddiyə alsın. Rusların uzun müddətli son üç müharibəsinə baxsaq, ikisini uduzublar, Əfqanıstan və birinci Çeçenistan müharibələrini nəzərdə tuturam. İkinci Çeçenistan müharibəsini Kadırovlar kimi milli satqınlara pul, vəzifə verməklə uddular. Ona görə rus ordusu nəinki London ya Berlin, heç Varşavanı da tuta bilməz. Sizi əmin edirəm ki, Ukrayna ordusu 90-cı illərin əvvəllərindəki kimi olsaydı, Rusiya heç Ukraynaya daxil olmağa risk etməzdi. Necə ki 90-ların əvvəllərində bu riski etmədi. Ukrayna ordusu şəriştəsiz Ukrayna liderləri tərəfindən dağıldıqdan sonra Rusiya Ukraynaya girdi. Putin hakimiyyətə gələndən postsovet məkanı təhdid, şantaj və yeni işğallar içindədir. Lavrovun Bakıya son səfərində Qarabağ münaqişəsinin həlli istiqamətində dedikləri elə Azərbaycana açıq aşkar təhdiddir. Son illərdə rusların ”rus dünyası" adlı bir konsepsiyası var. Harada rus yaşayır, mütləq şəkildə Rusiya onu müdafiə etməlidir. Bu məsələdə beynəlxalq hüquqa ruslar çoxdan tüpürüb. Lakin ortaya bir sual çıxır, əgər Jirinovski, Lavrov, Putinin dedikləri kimi, Rusiya belə güclüdürsə, bəs niyə Latviya da daim hüquqların pozulduğlarını bəyan edən çoxsaylı rus əhalisini Kreml müdafiə etmir? Çünki Latviya NATO üzvüdür və NATO üzvünün ərazisini işğal etməyə Rusiya risk etmir. Latviya Rusiya üçün kimsəsiz Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan deyil ki, kefi istədikləri kimi rəftar etsinlər. Ona görə Jirinovskinin boşboğazlıqına çox da fikir və önəm vermək lazım deyil. Burada məşhur Azərbaycan atalar sözünü yada salaq : “İtə deyirlər niyə hürürsən, deyir qorxuduram, bəs niyə quyruğunu bulayırsan, deyir qorxuram...”.

Cavanşir ABBASLI, musavat.com
Tarix: 4-12-2017, 10:29
Xəbəri paylaş





Xəbər lenti