Tramp Qüdsü İsrailin paytaxtı kimi niyə tanıdı?

Tramp Qüdsü İsrailin paytaxtı kimi niyə tanıdı?
ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı ABŞ Konqresinin 22 il öncə qəbul etdiyi, lakin icrası təhlükəsizlik baxımından bu günədək ertələnən qanunu dünən imzaladı. Baxmayaraq ki ölkə daxilində bir həftə öncə keçirilən müstəqil rəy sorğularında 63 faiz amerikalı ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə çıxmışdı və ABŞ-ın xarici müttəfiqlərinin mütləq əksəriyyəti də bu addımı zərərli sayırdı, ancaq sadalanan amillər Trampı qərarından çəkindirmədi. Bu addımın regionda yeni gərginliklərə yol açmaqla bərabər, ABŞ-ın özü üçün də ciddi problemlər doğuracağını elə amerikalıların özləri də bəyan edir.

İsrail-Fələstin münaqişəsi 70 ilə yaxındır davam edir və müasir dünyanın həlli çətin problemlərdən sayılır. Qüds hərbi əməliyyatlar nəticəsində İsrailin nəzarətinə keçsə də, o vaxtdan bu günədək Qüds üzərində hüquqi status məsələsi nə BMT, nə də əksər dövlətlər tərəfindən tanınıb. İsrail-Fələstin münaqişəsi müxtəlif dönəmlərdə hərbi toqquşmalarla, lokal müharibələrlə dünya gündəminə gəlsədə nə müharibə, nə də sülh prosesi heç bir müsbət nəticə yaratmayıb. Məsələnin mürəkkəbliyi ondadır ki, Qüds müsəlmanların da, xristianların da, yəhudilərin də müqəddəs şəhəridir. Hər üç səmavi dinin bu şəhərdə müqəddəs hesab etdikləri məbədləri var.

İsrail tam demokratik idarəetməsi ilə fərqlənib təqdir olunsa da, onun beynəlxalq hüququ kobud şəkildə pozmasına göz yummaq olmaz. İsrail Fələstin torpaqlarını zorla işğal edərək əlindəki hərbi gücdən yararlanıb işğalı dünya birliyinə və fələstinlilərə qəbul etdirmək istəyir. Çağdaş dünya üçün bu yanaşma çox təhlükəli örnəkdir və dünyanın bir çox yerlərində mövcud olan münaqişələrə mənfi təsir edə bilər. Belə çıxır ki kim güclüdürsə, arxalıdırsa başqasının ərazilərini ələ keçirə və uzun müddət məskunlaşma həyata keçirərək həmin ərazilərə sahib ola bilər?

İsrail artıq uzun illərdir de-fakto bu ərazilərə nəzarət etsə də, sülh danışıqlarında Qüds şəhərinə hər iki tərəfin iddiası davam edir. BMT Təhlükəsizlik Şurasının bu barədə çoxsaylı icra edilməyən qətnamələri mövcuddur. Odur ki ABŞ prezidentinin bu addımı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də BMT qətnamələrini də ayaq altına atmaqdır. ABŞ İsrail-Fələstin sülh razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərinə sadiq qalmayaraq ziddiyyət doğuracaq bir qərara imza atıb. Təsadüfi deyil ki ərəb və müsəlman ölkələri də belə bir mübahisəli qərarın regionda gərginlikləri alovlandıracağını, İsrail-Fələstin sülh razılaşmalarına ağır zərbə vuracağını bildirir. Həmçinin, bu qərar təkcə İslam ölkələrini deyil, bütün aparıcı dövlət və birliklərin də haqlı qınağına tuş gəlib. Avropa Birliyi, Böyük Britaniya, Fransa, Almanya da qərarı tənqid edərək, sulh prosesinə zərər verəcəyini bəyan edib.

Orta Şərqin qanlı qarşıdurmalardan taqətsiz hala gəldiyi bir vaxtda Trampın belə addım atması nə ilə bağlıdır? Bu suala cavab axtararkən daha çox iki amil diqqət çəkir.
Birincisi, Tramp ABŞ-da getdikcə zəifləməkdə olan mövqeyini və ictimai rəydə aşağı enən nüfuzunu yəhudi lobbisinin ciddi dəstəyi ilə bərpa etmək niyyətindədir. Həm də ABŞ Konqresinin icrası müvəqqəti dayandırılan qanunlarını icraya yönəldən prezidenti kimi də özünü cəmiyyətə təqdim etmək cəhdidir.

İkincisi isə Orta Şərqdə əldən çıxmaqda olan mövqelərini bərpa etmək planının tərkib hissəsi də ola bilər. Xatırlayırsınızsa, hələ bu ilin may ayının ortalarında prezident kimi ilk xarici səfərinə çıxan Tramp 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirərək “ABŞ-Ərəb və İslam ölkələri zirvə toplantısı” çərçivəsində müsəlman dövlətləri ilə gələcək əməkdaşlığına aydınlıq gətirmiş və İsrail-Fələstin sülh sazişinə çox yaxın olduqlarını bəyan etmişdi. Görünür bu qərarla Fələstin tərəfinə təzyiq edərək sülhə məcbur etmək məqsədi də istisna deyil. Tramp özünü “sülhə nail olan prezident” kimi tarixə salmaq fürsətini də qaçırmaq istəmir. Hansı ki Rusiya prezidenti Putin hazırda belə bir “sülhpərvər” gedişlə Suriyada təşəbbüsü ələ alıb və gələcəkdə Qarabağla bağlı da oxşar istəkdədir.

İsrail-Fələstin arasında nəzərdə tutulan sülh alınmasa, ABŞ regionda yeni oyunçularla növbəti münaqişələr və gərginliklər yaratmaqda maraqlı olacaq. İranın və Türkiyənin regionda artan fəallığını zəiflətmək üçün müxtəlif variantlar üzərində çalışmalar var. Xüsusilə də İrana qarşı açıq addımların atılmasının zəruriliyi barədə ABŞ dövlət katibinin bu günlərdə sərgilədiyi mövqe də təsadüfi deyildi. ABŞ hazırda bölgədə İsrailin və kürd silahlılarının açıq və fəal rol aldığı yeni proseslərın başlanmasında da maraqlıdır. Təəssüf ki proseslər heç də yaxşı sonluğa getmir və bundan zərər çəkən təkcə region ölkələri olmayacaq.


Siam.az
Tarix: 7-12-2017, 22:37
Xəbəri paylaş





Xəbər lenti