RUSİYA PKK-nı ABŞ-ın ƏLİNDƏN ALIB –Vaşinqton Suriyada yeni qanlı ssenari hazırlayır - Araşdırma

RUSİYA PKK-nı ABŞ-ın ƏLİNDƏN ALIB –Vaşinqton Suriyada yeni qanlı ssenari hazırlayır - Araşdırma
Vladimir Muxin

"Nezavisimaya gazeta", 06.12.2017



Pentaqon təmsilçisi Erik Pex əvvəllər ABŞ başçılığı ilə koalisiyanın nəzarət etdiyi Deyr-əz-Zor əyalətinin şərq ərazilərində RF-nin iştirakıyla dinc həyatın yoluna qoyulması haqda məlumatları şərhdən imtina edib. O, qeyd edib ki, terrorçulara qarşı əsas hərbi əməliyyatları heç də “Suriya rejimi və RF” deyil, məhz ABŞ və müttəfiqləri aparıb və “İŞİD-in darmadağınını başa çatdırmaq üçün Suriyada yerli güclərə dəstək əməliyyatını davam etdirəcəklər”.


Karbohidrogenlərlə ən zəngin, azad edilməsində amerikalıların fəal iştirak etdikləri Deyr-əz-Zor əyaləti Dəməşq və Moskvanın nəzarətinə qayıdır. Fəratın şərq ərazilərinin idarəçiliyi üzrə əyalətdə yaradılmış komitənin üzvləri buna birmənalı şəkildə işarə ediblər. Toplantıda kürd dəstələrini təmsil edən Mahmud Nuri qeyd edib: “Komitə üzvləri Deyr-əz-Zor əyalətinin şərq ərazilərinə Suriyanın ayrılmaz hissəsi kimi baxırlar”.

O həm də bildirib ki, “kürd könüllü yığması Rusiya komandanlığı altında İŞİD-ə qarşı effektli vuruşub”.

Onun sözlərinə görə, kürd birləşmələri Fəratın şərq sahilində mənzil salmış Rusiya hərbçilərinin güvənliyini təmin etməyə indi də hazırdır.

Bu məlumat qalmaqallı görünür. Fəratdan şərqdə rəsmən ABŞ başçılığı ilə koalisiyanın bayrağı altında fəaliyyət göstərən kürd və ərəb dəstələrinin həm də “Rusiya komandanlığı altında İŞİD-ə qarşı döyüşməsi” haqda əvvəllər məlumat olmayıb. Lakin Suriyadakı Rusiya qruplaşmasının təmsilçisi, general-mayor Yevgeni Pavlovski də bu məlumatı təsdiq edib: “RF Hava-Kosmik Qüvvələri aviasiyası tərəfindən Fəratın şərq tayfalarının xalq könüllü yığması və kürd özünümüdafiə dəstələrinin hücumlarına dəstək marağı ilə 672 döyüş uçuşu keçirilib, 1450-dən çox hədəf məhv edilib”.

O dəqiqləşdirib ki, Fəratdan şərqdəki tayfaların xalq könüllü yığmasından ibarət birləşmələr Deyr-əz-Zor əyalətinin şərqində terrorçuların darmadağın edilməsi üzrə əməliyyatı başa çatdırır. General qeyd edib: “Birbaşa idarəçilik və xalq könüllü yığma dəstələriylə qarşılıqlı əlaqə üçün Salhiyə yaşayış məntəqəsində Rusiya hərbi müşavirlərindən başqa Fəratın şərq tayfaları təmsilçilərinin daxil olduğu birləşdirilmiş əməliyyat qərargahı yaradılıb və fəaliyyətdədir”. Kürdlər məhz bu müşavirləri qoruyacaqlar.

Görünür, Deyr-əz-Zorda ABŞ-ın kürd və ərəb özünümüdafiə dəstələrinin daxil olduğu Suriya Demokratik Qüvvələriylə (SDQ) qarşılıqlı əlaqəsi sona çatır. Lakin ABŞ-ınn bütün Şərqi Suriya üzərində nəzarəti itirdiyindən danışmaq çox tezdir.

İran ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti dünən KİV-lərə xəbər verib ki, ondakı məlumata görə, “amerikalılar Suriyada 12 baza qurub və oradakı bölmələrinin sayını 10 min nəfərədək artırmağı qərara alıblar”. ABŞ eyni zamanda Rakka əyalətinin Cəzra bölgəsində yeni hərbi baza yaradır.

SDQ-nin Türkiyəyə qaçan yüksəkməqamlı məmuru Talo Silo da ABŞ-ın Suriyada uzaqgedən planları haqda danışıb. Onun Türkiyənin Anadolu agentliyinə müsahibəsindən aydın olur ki, SDQ döyüşçülərinin ABŞ-ı dəstəkləməyə səbəbi var, çünki Pentaqon onlara silah və maliyyə göndərir, həmçinin kürdlərin təşkil etdiyi neft qaçaqmalçılığına göz yumur. Bununla yanaşı, ABŞ-ın Türkiyədə terrorçu sayılan PKK-nın döyüşçüləriylə də gizli qarşılıqlı əlaqəsi var.

SDQ-nin keçmiş təmsilçisi qeyd edib: “ABŞ SDQ-ə açıq və tam hərbi yardım edir. Birgə addımlar hər iki tərəfin marağına cavab verir. Bölgə üzərində nəzarəti təmin etmək SDQ və PKK-nın marağındaydı, onlar buna da nail olublar. Bu, ABŞ-sız mümkün olmazdı”.

Onun sözlərinə görə, ABŞ radikal kürd birləşmələrinin separatçı motivlərini gizlicə bəyənir ki, Şimali Suriya və Cənubi Türkiyə ərazilərində müstəqil dövlət qursunlar.

Talo Silo xüsusən də söyləyib ki, ABŞ xüsusi xidmətlərinin yüksəkməqamlı təmsilçisi SDQ rəhbərliyi ilə görüşüb və “Deyr-əz-Zorun neft yataqlarının ələ keçirilməsi əvəzində kürdlərə Suriyanın şimalında bütün kürd anklavlarının birləşdirilməsi və onların Aralıq dənizinə çıxışına” yardım vədi verib. Amerikalı deyib: “Dənizə çıxış olmadan bu cürc qurmun gələcəkdə varlığına şans yoxdur”.

Lakin Talo Silonun sözlərinə görə, “Deyr-əz-Zor ruslara qalıb”. Və Vaşinqtonun indi onun xəbərsiz olduğu başqa planalrı var. Amma keçmiş məmur əmindir ki, ABŞ Yaxın Şərqdə uzun müddət qalmağa cəhd edəcək.

Görünür, Rusiyanın da bu cür planları var. RF baş naziri Dmitri Medvedyev Rusiya HDD-nın Suriyanın Tartus şəhərindəki məntəqəsinin genişləndirilməsinin maddi-texniki təchizatı haqda sərəncam imzalayıb. Sənədə əsasən, Rusiyanın hesabına RF hərbi və mülki gəmilərinin Suriya limanına müntəzəm və irimiqyaslı girişinə imkan verəcək yeni körpülər və başqa infrastrukturlar salınacaq.

Tərcümə Strateq.az-ındır.
Tarix: 8-12-2017, 09:34
Xəbəri paylaş





Xəbər lenti