ABŞ-dan “YENİ DÜNYA” planı: Hədəfdə kimlər var?

ABŞ-dan “YENİ DÜNYA” planı: Hədəfdə kimlər var?
Nəzakət Məmmədova: “Milli dövlət suverenliklərinin ləğvi proqramı ABŞ-ın yeni milli təhlükəsizlik doktrinasında öz əksini tapıb”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dünya düzəni yaratmaq iddiası bütün zamanlarda mövcud olub.Yaxın və Orta Şərqdə baş verən inqilabların və digər müharibələrin də məhz bu məqsədlə ABŞ tərəfindən dəstəkləndiyi, hətta birbaşa təşkil edildiyi iddia olunur.Maraqlıdır, ABŞ yeni dünya layihəsi nədir və nəticələri necə olacaq?


Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində ABŞ və digər dünya güclərinin geosiyasi maraqları və mövcud vəziyyətdə atdığı addımlarla bağlı maraqlı fikirlər səsləndirib. N.Məmmədova bildirib ki, SSRİ və Varşava Müqaviləsi Təşkilatının (hərbi blok) süquta uğramasından sonra, dövlətlərarası güc nisbətində nəhəng disbalans yaranıb. Tarix boyu heç bir dövlət ABŞ qədər başqa dövlətlər üzərində hərbi üstünlüyə malik olmayıb:

“Əgər keçmişdə dünya hökmranlığına iddialı dövlətlər öz məqsədlərini həyata keçirərkən əsasən hərbi vasitələrə arxalanırdısa, ABŞ həm də iqtisadi, siyasi, maliyyə, kəşfiyyat, informasiya və s. qeyri-hərbi vasitələrdən istifadə edir. Yeni dünyada ABŞ “Yeni Roma imperiyası”, ona qarşı duran güc mərkəzləri, dövlətlər, terror qruplaşmaları isə “yeni barbarlar”la müqayisə olunur.

ABŞ-dan “YENİ DÜNYA” planı: Hədəfdə kimlər var?

Atlantizm dəyərləri, yəni Amerikanın dünya hegemonluğu ilə razılaşmayan rejimlərin zorakı yolla dəyişdirilməsi cəhdləri (Liviya, Suriya, İran), ABŞ-ın mənafeyinə uyğun olmayan liderlərin hakimiyyətdən uzaqlaşdırılması, yəni qlobal diaktatura metodu ilə yayılmağa başlayıb. Beləliklə, birqütblü dünya anlayışı özünün qəti təfsirini tapıb: təkqütblülük Qərbin müasir dünyada kollektiv hökmranlığı yox, Amerikanın dünya üzərindəki milli hökmranlığıdır. Yuqoslaviyadakı hadisələr və Kosovoya müstəqillik verilməsindən sonra, Anqlo-amerika və Avropa Atlantizmi arasındakı fikir ayrılığının növbəti əlaməti İraqa və Əfqanıstana qarşı təcavüz oldu. Qərbi Avropalılar da əslində burada Amerikanın maraqlarının nədən ibarət olduğunu başa düşürdülər: Orta Şərq geosiyasi plasdarmının ələ keçirilməsi, “isti dənizlərə çıxış” və İraq neftinin tamamilə ABŞ-ın monopoliyasına alınması. Lakin bu hadisələrdən sonra avropalılar həm də daha aydın şəkildə dərk etməyə başlamışlar ki, təkqütblü dünya yalnız bir vahid fövqəldövlətin (ABŞ-ın) tam dövlət suverenliyinə malik olduğu dünya sistemidir, qalan ölkələr, o cümlədən, Avropa dövlətləri məhdud suverenliklə razılaşmaq məcburiyyətindədirlər. Təkqütblülük doktrinasının əsasında duran milli dövlət suverenliklərinin ləğvi proqramı (“islahatlar”, dövlət çevrilişləri və müharibələr vasitəsilə) ABŞ-ın yeni milli təhlükəsizlik doktrinasında öz əksini tapıb: Amerikaya qarşı effektiv müqavimət vasitələrinə malik olan istənilən dövlət ABŞ-ın potensial rəqibi hesab olunur. ABŞ belə dövlətlərə preventiv zərbə endirmək (o cümlədən, nüvə) hüququnu özündə saxlayır.Atlantizmin planetar resursları monopoliyaya almağa yönəlmiş seçilmişlik hüququ iddiası planetin yeni irqi bölünməsinə yol aça bilər ki, bu da Üçüncü Reyxin məşhur planlarını xatırladır”.

İran-zəif bənd

Nəzakət Məmmədova hesab edir ki, Yaxın Şərqdə ən zəif bəndin İran olması ehtimalı böyükdür. ABŞ-ın xəzəryanı bölgələrə ayaq açması Rusiyanın da təhlükəsizliyinə təhdiddir:

“Beləliklə, ABŞ və Avropanı uzun müddət ərzində birləşdirən əsas geosiyasi prinsip - Atlantizm süquta uğramaqdadır. Kontinental Avropa, Britaniya və ABŞ Birinci və İkinci dünya müharibələri zamanı müttəfiq olarkən, habelə, NATO-nu təsis edərkən və Soyuq müharibə dövründə SSRİ-yə qarşı vahid mövqedən çıxış edərkən məhz bu ideyaya əsaslandılar. Lakin Atlantizmin sonu ideoloji baxımdan əlavə, həm də geosiyasi nəticələrə səbəb ola bilər. ABŞ-ın Avropadakı əsas müttəfiqlərindən olan Almaniya və Fransanın etirazlarına baxmayaraq İraqa qarşı təcavüzün reallaşması ABŞ-ın Avropadan uzaqlaşmasının yeni bir mərhələsidir.ABŞ-ın Avropadan üz döndərməsinin simptomları daha əvvəl də (məsələn, “Asiya Pələngləri” regionunda ABŞ-ın özünün yeni prioritetlərini təsbit etməsilə) baş vermişdi.Artıq ABŞ Avrasiya üzərində tam nəzarətə malik olmaq fikrindədir və bu zaman iki istiqamət - Orta Asiya və Yaxın Şərq diqqət mərkəzindədir.Yaxın Şərqdə növbəti zəif bəndin İran olacağı ehtimalı böyükdür.Təkqütblü dünya planında itaətsizlik göstərən bu dövlətin uzun müddətdən bəri ABŞ-ın potensial təcavüz obyektinə çevrildiyi məlumdur.Amerika strateqlərinin məqsədi İraq cəbhəsindən İrana, yekun nəticədə isə oradan Xəzərə çıxış əldə etməkdir. Bunun nəticəsində ABŞ Avrasiyada özünün güclü hegemonluq plasdarmını əldə etmiş olur ki, bu da Sakit okeandakından iki xüsusiyyətinə görə üstün hesab olunur: Burada ABŞ-ın Çin kimi qüdrətli opponenti yoxdur və yekunda strateji resursa - neftə çıxış əldə olunur. Məhz buna görə Rusiya analitikləri İraq müharibəsini və hazırda həmin ölkədə mövcud olan xaotik vəziyyəti Rusiyanın milli təhlükəsizliyinə və milli maraqlarına zərbə hesab edirlər.Çünki Rusiyanın Yaxın Şərq regionundan başqa həm də Xəzəryanı bölgədə öz maraqları var və ABŞ-ın öz vektorunu bu istiqamətə yönəltməsi Rusiyanı narahat etməyə bilməz”.

Siyasi xəritədə yeni dövlətlər

N.Məmmədovanın sözlərinə görə, bəzi müşahidəçilər bunu ABŞ-ın “Böyük Orta Şərq” layihəsinin bir hissəsi hesab edirlər.

“Böyük Orta Şərq layihəsi”nin bölgədə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi müşahidə olunmaqdadır:


“Layihəyə daxil edilən dövlətlər 3 qrupa bölünür: ərazi əldə edən, ərazi itirən və neytral dövlətlər. Azərbaycan Təbriz şəhəri də daxil olmaqla İranın şimal hissəsini özünə qaytararaq ərazi əldə edən dövlət kimi göstərilir.Türkiyə, İraq, İran və Suriyanın bir hissəsinin yeni yaradılacaq Azad Kürdüstan dövlətinə verilməsi nəzərdə tutulur.Təbii ki, Türkiyə kimi müttəfiqin zəifləməsi və ərazi itkisinə məruq qalması Azərbaycana zərər vura bilər.Eyni zamanda İraqda 3 icmanın-sünni, şiə və kürdlərin ayrıca dövlətlərinin yaradılması məsələsi müzakirə olunur.Bağdad xüsusi şəhər-dövlət statusu alır. İsrail ərazi itirən dövlət kimi göstərilsə də, lakin onun 1967-ci il sərhədlərinə qayıtması planlaşdırılır ki, bu da sadəcə İsrailin işğal etdiyi ərazilərdən çəkilməsi hesabına baş verə bilər. O, 1948-ci ildə BMT-nin tanıdığı ərazisindən heç nə itirmir. Məkkə və Mədinə Səudiyyə Ərəbistanından ayrılır və Vatikan modelində Müqəddəs İslam Dövləti yaradılır.Təkqütblülük modeli çərçivəsində ABŞ-ın planetin resurslarına iddia etməsi, öz məğlubedilməzliyinə messian əminliyi onu daha inadla intervensionist xarici siyasət yeritməyə təhrik edir. “Böyük Orta Şərq” layihəsinin əsas məqsədi Yaxın Şərq neftinə və Dəclə-Fərat çaylarının suyuna nəzarəti ələ keçirmək, İsrail dövlətinin təhlükəsizliyini təmin etmək üçün Suriya, Türkiyə və İranın parçalanması, Mosul-Hayfa boru xəttinin inşasına əsas maneə olan Suriyanın xəritədən silinməsidir. Suriyanın işğalı üçün göstərilən bəhanə onun Fələstində “Həmas”a və Livanda “Hizbullah”a yardım etməsi, terrorçulara dəstək verməsidir.Suriya əhalisinin əksəriyyəti sünni olsa da, iqtidarda ələvi Bəşər Əsəd tərəfdarlarıdır.Bu, Suriyada məzhəb qarşıdurması üçün zəmin yaradır.Bu məsələdə Səudiyyə Ərəbistanı, İordaniya, Misir şiə Suriya və İrana qarşı istifadə olunmaqdadır. ABŞ açıqca İran və Suriyaya qarşı Yaxın Şərqdəki müttəfiq ölkələri silahlandırcağını bəyan edir, son 10 ildə Misirə 13 milyard dollar, İsrailə isə 30 milyard dollar dəyərində hərbi yardım edib. Suriyadakı müharibə nəticəsində qaçqınların Türkiyəyə axışması bu ölkədə böhran yaranmasına, eyni zamanda PKK-nın güclənməsinə və kürd muxtariyyətinin yaranmasına gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, İkinci Dünya müharibəsi ərəfəsində Münhen sövdələşməsindən sonra buna bənzər atmosfer hökm sürsə də, SSRİ və ABŞ-ın birləşərək Almaniyaya qarşı əks-balans yaratması səmərəli nəticələr verdi:

“Bugünkü gün isə, ABŞ-a qarşı dura biləcək dövlət və ya dövlətlər koalisiyası qismində Hindistan, Çin və Rusiyanın, eləcə də Avropa Birliyinin adı tez-tez hallansa da, yaxın iyirmi ildən tez müddətdə bunun baş verəcəyi inandırıcı görünmür.

İkincisi, BMT-nin səmərəliliyinin azalması, beynəlxalq hüququn süquta uğraması ABŞ-ın öz hegemonluğunu beynəlxalq qaydaları darmadağın etməklə əvəzində gücün hökmranlıq etdiyi sosial-darvinist mühiti yaratmaq yolu ilə bərqərar etmək planlarından xəbər verir. Sivilizasiyalı beynəlxalq qaydanın tənəzzülü zəncirvari effektə malik cavab reaksiyası doğurur: özünümüdafiə məqsədilə Amerika özbaşınalığına potensial hədəf obyektlərinin də cavabı özbaşınalıq olur. Məsələn, istənilən yolla nüvə silahı əldə etmək cəhdi, terror infrastrukturu yaratmaq, rəqibin mülki obyektlərinə hücum etmək və s. Bu kontekstdə, uzunmüddətli perspektivdə, Amerika hegemonluğuna qarşı meyillərinin kütləvi artacağını proqnozlaşdırmaq olar”.

Vilayət Muxtar

Cebhe.info
Tarix: 8-12-2017, 21:28
Xəbəri paylaş





Xəbər lenti