“Mübarizə bu gün də var, yarın da, Saakaşvili də onun ön sıralarında...” - İlham İsmayıl

“Mübarizə bu gün də var, yarın da, Saakaşvili də onun ön sıralarında...” - İlham İsmayıl
Rusiya prezidenti Vladimir Putin ilin sonu üçün ənənəvi “böyük mətbuat konfransı” keçirdi. Bu konfrans da ənənəvi cavablarla zəngin idi - 90-cı illər pis idi, mən gələndən sonra yaxşı olub, ÜDM bu qədər artıb, müxalifət yoxdur, Navalnı, Sobçak yaramazdırlar, “Krım naş”, “russkiy mir”də irəliləyir. Bu cavablar, ümumiyyətlə Putin siyasəti Rusiya əhalisinin 90 faizini razı salır. Onlar Putini sevir. Sevməsəydilər Putin deməzdi ki, mən partiya adından prezident seçkilərinə qatılmıram, özüm öz namizədliyimi irəli sürürəm.
Rusiya dövlətinin tarixinə az-çox bələd olanlar bilirlər ki, bu dövlətin bir gün də olsun belə demokratik dövlət quruluşu olmayıb. 1480-ci ilə kimi 300 il sürən monqol-tatarların hakimiyyəti, 1613-cü ilə kimi qəddar çarlar, sonra 300 illik Romanovlar mütləqiyyəti, daha sonra Sovet totalitar rejimi və Yeltsin-Putin hakimiyyəti. Təsadüfi deyildi ki, Kseniya Sobçakın sualına verilən cavablara ora toplaşan rusiyalı jurnalistlər də alqışlarla reaksiya verirdi. Bura toplaşanlar isə kütlə - rus mujiki, rus”baba”sı deyil, savadlı bir cameə idi, amma onlar da imperiya xislətli, diktatora sevgi dolu təfəkkür sahibləridir və özlərini göstərdilər. Bax, ona görə Putinin düşməni Saakaşvili Rusiyada yox, məhz Ukraynada evin damına çıxır, meydanlarda fırtına kimi əsir. Ukraynada azadlığı sevən, diktatora, korrupsiyaya nifrət edən, hüquqlarının tapdalanmasını qəbul etməyən xalq var. Ukrayna xalqı! Saakaşvili buna görə ordadır.

"Bu, gürcü və ukrayna xalqının üzünə tüpürməkdir. Təsəvvür edin, bu adam suveren bir ölkənin -Gürcüstanın prezidenti olub və indi gəlib Kiyevdə meydanda qışqırır ki, mən ukraynalıyam. Bu gün Ukraynada baş verənləri görəndə damarımda qanım donur ki, axı nə baş verir bu ölkədə? Ukraynanılar onun bu hərəkətlərinə necə dözürlər? Məgər Ukraynada əsl ukraynalı yoxdurmu onu yerində oturtmağa?".

Diktatorun demokratiya görəndə qanının donması, ürəyinin qanla dolması təbiidir. Diktatorlar ətrafında yalnız özü kimilərini görmək istəyir. “Tüpürcək” məsələsi ilə faktiki hər iki xalq təhqir edilib, məhz bu sözlərin hədəfi Saakaşvili yox, gürcülər və ukraynalılardır. Bir nəfər olsaydı, onların da taleləri Berezovskinin, Litvinenkonun və neçə-neçə müxaliflərin sonu kimi olardı. Burda əsas xalqlardır. Gürcü və Ukrayna xalqı. Keçmiş Gürcüstan prezidenti bu gün “mən ukraynalıyam” deyib Ukraynada demokratik, korrupsiyadan uzaq bir rejim uğrunda mübarizə aparırsa nə “mutlu” gürcü xalqına ki, belə bir oğlu, şəxsiyyəti var, onun ardınca gedən, onu sevən başqa bir xalq (lar) da var. Ukraynalı olmayıb, amma Ukrayna uğruna başqa bir millətin nümayəndəsinin onun haqları uğrunda mübarizə apardığını görən ukraynalılar da xoşbəxtdir. Sabah rus xalqı da haqları, azadlığı uğrunda mübarizəyə başlasa.., bəlkə də Saakaşvili və saakaşvililər orda olacaq. Bunu Putin özü də təsdiq etdi: “əgər, dəqiq proqramı olmadan müxalifət hakimiyyətə gələrsə, bu o deməkdir ki, Rusiyada da Maydanlar olacaq, küçələrdə isə “Saakaşvili” qaçacaq”.

Dünyaca tanınmış siyasətçi Saakaşvilini ukraynalılar ona görə polisin əlindən alır ki, o az qala təkbaşına onların haqları uğrunda mübarizə aparır. Və Saakaşvili də bilir ki, Ukraynada Larisa Tsokol kimi hakim (lər) var, ölkənin baş prokurorluğuna deyir ki, sənin iddianı qəbul etmirəm, get şikayət elə. Bu, Rusiyada və onun kimi avtoritar rejimlərdə qeyri-mümkündür. Saakaşvili həm də buna görə Ukraynadadır. Həm də onun mübarizəsinin hədəfində Ukraynanın birinci şəxsi olmaq dayanmır və xalq da bunu bilir. Əsas da xalqdır. Azadlığına, haqlarına qovuşmaq istəyən, onun uğrunda kütləvi mübarizə aparan xalqın Saakaşvilisi, saakaşvililəri hər zaman var.

Putin Saakaşvilidən çox yanıqlıdır, ilk növbədə Ukraynaya görə yox, Gürcüstana görə, o ölkədə yaratdığı demokratik sistemə görə. O sistem ki, bu gün Saakaşvilini sevməsə də, sistemə sadiqdir, üzü Qərbə tərəfdir və geri dönəsi deyil. Mətbuat konfransından sonra Saakaşvili bu gün sosial şəbəkədə təsadüfən yazmayıb: ”Nə etmək olar, Putin heç cür məni unuda bilmir”.

Bu, Saakaşvili haqqında bir il ərzində yazdığım üçüncü yazıdır ( moderator.az/news/157772.html , moderator.az/news/186070.html ). Amma, elə bilirəm ki, sonuncu deyil. Rəsul Rza demiş: “Mübarizə bu gün də var, yarın da...”, Saakaşvili də “onun ön sıralarında”.

İlham İsmayıl
Tarix: 15-12-2017, 09:57
Xəbəri paylaş





Xəbər lenti