Ukrayna baş naziri Saakaşvili Tiflisdədir...

Ukrayna baş naziri Saakaşvili Tiflisdədir... Mişanın bu röyası gerçək ola bilərmi?

Dekabrın 17-də Mixeil Saakaşvili Poroşenko hökumətindən narazıları Maydana çağırıb. Son 2 gündə bir neçə dəfə Ukrayna telekanallarının canlı efirində görünən eks-qubernator “xalq korrupsionerlərə öz gücünü göstərməlidir”, deyir.


Dekabrın 8-də olaylı şəkildə həbs edilən və 4 gün sonra azadlığa buraxılan Saakaşvili canlı efirdə odlu-alovlu danışsa da, yetərincə gərgin görünür. Səbəblər çoxdur. Birincisi, hakimiyyətin onun həbsi ilə bağlı prosesdə sona qədər dirəniş göstərməməsi Saakaşvilinin “ölkədə azad məhkəmə yoxdur”, “sistem oliqarx məmurların şəxsi diktəsi ilə işləyir” tezislərini sıradan çıxarıb. Saaşkaşvilinin 1-2 aylıq həbsi onun reytinqini yetərincə yüksəldə bilərdi. Amma iqtidar zamanında doğru qərar verərək ona belə bir fürsət vermədi.

İkincisi, həbsindəki qanunsuz məqamlara baxmayaraq – Saakaşvili iddia edir ki, sanksiya olmadan qandallanıb – Qərb prosesə müdaxilə etmədi. Nə Dövlət Departamenti, nə Avropa Şurasının, nə də Avropa Birliyinin strukturları kəskin bəyanatlarla çıxış etmədilər. Poroşenkonu arxayın salan da görünür bu məqamdır. Bu həm də o deməkdir ki, Maydanı uzun müddət saxlamaq üçün Qərb paytaxtlarından resurs gözləmək yersizdir. Saakaşvili dərk edir ki, geniş maddi imkanlar olmadan uzunmüddətli, hakimiyyəti laxladacaq kütləvi aksiyalar keçirmək mümkün olmayacaq. XXI yüzildə pulsuz inqilab olmur. İnsanlar soyuq qış günlərində küçələrdə gecələməyin, yeni qüvvələr cəlb eləməyin haqqını tələb edir. Hələlik, Mişanın əlində qalan resurslar Ali Radanın önündə təxminən 300 nəfərlik aksiyaçını müddətsiz saxlamaq gücündədir. Böyük ehtimalla, 17 dekabr mitinqindən sonra onlar da dağılacaq.

Üçüncüsü və eks-prezindent üçün ən təhlükəlisi Gürcüstana ekstradisiyadır. Ötən gün Gürcüstanın Rustavi-2 kanalı ölkənin Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin Ukrayna təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə bu haqda müzakirələr üçün Belorus paytaxtına getdiyini xəbər verib. Görüş Belorus təhlükəsizlik xidmətinin 100 illiyi ilə bağlı mərasim çərçivəsində baş tutub.

Təbii, Mişa ölkəsinə dönmək istəyir, amma, qandalda yox, xüsusi dövlət uçağı ilə... Onun Ukraynadakı mübarizəsinə hansı yöndən baxsaq, əslində Gürcüstana fokslaşdığını görmək olur. Bəlkə də fikrində günlərin birində Ukrayna baş naziri kimi Tiflisdə onun üçün rəsmi qarşılanma törəni düzənlənməsi var? Mümkündür. Qərbun də belə planı olsa...

Hələlik, Ukraynada Saakaşvilini çətin mübarizə gözləyir. Vətəndaşlığı yoxdur, hər an ölkədən çıxarıla bilər, siyasi qüvvələr içərisində güclü dəstək qazanmayıb, haqqında danışdığı koalisiyanın formalaşma prosesi növbəti seçkinin astanasında, 2019-cu ilin yazında ola bilər, Ukrayna siyasətinin ən qalmaqallı fiquru “Batkivşina” sədri, keçmiş baş nazir Yuliya Timoşenkonun ara-sıra çıxışlarından başqa onun tələblərini Ali Radada səsləndirən gözə dəymir... Ukraynada çoxluq onun səsini dinləyib erkən seçkiyə hazırlaşmır. Çünki hakimiyyətdəki qüvvələr birinci və ikinci Maydanın yetirmələridir. Onların özlərinə qarşı yeni Maydan düzənləyəcəyi nə qədər məntiqli olar?

İndilik Saakaşvili-Poroşenko gərginliyindən ən çox qazanan Yuliya Timoşenkodur. Onun yerinə Mişa cəng edir. İqtidar uğrunda mübarizənin çətin və gərgin hissəsini Saakaşvilinin üzərinə devr edən eks-baş nazirin ona müəyyən texniki dəstək verəcəyi də istisna deyil.

Bəs, necə oldu ki, buna qədər nisbətən sakit dayanan Saakaşvili son 2 ayda fəallaşdı və bunca qətiyyətlə hakimiyyətin üzərinə getməyə başladı? Gedişatı diqqətlə izlədikdə gerçək gün üzünə çıxır – Ukraynada növbəti hakimiyyət dönəmi üçün hazırlıqlara başlanıb və Mixeil Saakaşvili indidən üstün mövqe qazanmağa çalışır ki, ona keçən dəfəki kimi hər hansı post təklif olunmasın, o özü birinci şəxsə bu haqda diktə edə bilsin. İndi aydın olur ki, Poroşenko Saakaşviliyə baş nazirlik təklif etsə də sözünü tutmayıb və o, indi bunun qisasını alır. Yada salaq - Yatsenyukun istefası üçün ən çox canfəşanlıq edənlərdən biri Odessa qubernatoru idi. Onun tez-tez Kiyevə gəlib hökumətdəki daşları yerindən oynadacaq çıxışlar etməsi sonucda baş nazirin postunu tərk etməsinə səbəb oldu. Ancaq prezident baş nazir postunu ona yox, öz həmkəndlisi Qroysmana verdi. Yerliçilik bütün hakimiyyətlərin bəlasıdır...

Bu gün Saakaşvili 17 dekabr mitinqinə hazırlıqlarla tanış olmaq üçün Maydanda olub. Canlı Facebook bağlantısında Saakaşvili ukraynalılarla yanaşı dünya mediasını da aksiyanı işıqlandırmağa çağırıb. Baxaq, səsinə səs verənlərin coğrafiyası növbəti mərhələni daha aydın görməyə imkan yaradacaq.



Aygün MURADXANLI
Tarix: 15-12-2017, 21:53
Xəbəri paylaş





Xəbər lenti