Səfirliyini Qüdsə köçürəcək ölkələr: Sırada kim olacaq?

Səfirliyini Qüdsə köçürəcək ölkələr: Sırada kim olacaq?
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın məlum qərarından sonra dünya ölkələri Qüds məsələsində iki hissəyə parçalandı. Qütblərdən birinə ABŞ, digərinə isə Türkiyə rəhbərlik edir.

Xatırladaq ki, bir müddət öncə İslam Əməkdaşlıq Təşkilatı İstanbulda keçirdiyi toplantıda Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımaq haqqında bəyanat verdi. Türkiyə artıq bu yöndə ilk addımı atıb. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan bazar günü Şərqi Qüdsdə Türkiyənin öz səfirliyini açmaq niyyətində olduğunu bəyan edib. "Biz Şərqi Qüdsü artıq Fələstin dövlətinin paytaxtı elan etmişik, lakin bizim öz səfirliyimizi açmaq fürsətimiz olmayıb, çünki Qüds hazırda işğal altındadır. İndi ölkəmiz Fələstində səfirin rəhbərlik etdiyi baş konsulluq səviyyəsində təmsil olunur. Biz faktiki olaraq bu vəzifəni icra etmişik. Yaxın günlərdə isə səfirliyimizi də açacağıq", - deyə Ərdoğan bildirib. Görünən odur ki, Türkiyə Şərqi Qüdsdəki Konsulluğu səfirliklə əvəz edəcək. Ekspertlər hesab edir ki, Türkiyənin bu qərarı ABŞ-la münasibətlərdəki mövcud gərginliyi daha da artıracaq.

Maraqlıdır, Türkiyənin ardınca daha hansı ölkələr səfirliyini Şərqi Qüdsə apara bilər?

Səfirliyini Qüdsə köçürəcək ölkələr: Sırada kim olacaq?

Qüds ətrafında yaşananları Cebhe.info-ya şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, İstanbul sammitinin qərarları daha çox ABŞ-a qarşı diplomatik demarşdır:

“Prezident Ərdoğan çıxışında bildirib ki, Qüds hazırda işğal altında olduğu üçün orada səfirlik aça bilmirik, ancaq ölkəsinin baş konsulu səfir statusundadır. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinə baxdıqda görürük ki, Fələstində Türkiyənin diplomatik missiyası Qüdsdə yerləşən baş konsulluq səviyyəsindədir və səfirlik fəaliyyət göstərmir. Ərdoğan yaxın zamanlarda bu baş konsulluğun səfirliyə çevriləcəyini deyib. Türkiyə bunu indiyədək edə bilmirdi. Lakin İstanbulda Qüdsə dair keçirilən sammitdə Şərqi Qüds Fələstinin paytaxtı kimi tanındıqdan sonra baş konsulluğun səfirliyə çevrilməsi mümkündür.

Doğrudur, İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinin qərarı bütün dünya ictimaiyyətinin iradəsini ifadə etmir. O, yalnız həmin təşkilatın və bəyannaməni imzalayan ölkələrin iradəsinin təzahürüdür. Bütün dünya dövlətlərinin, dünya ictimaiyyətinin iradəsini ifadə edən bir təşkilat var, o da BMT-dir. İstanbul sammitinin qərarları daha çox ABŞ-ın birtərəfli qaydada Qüdsü tanımasına qarşı yönəlmiş əks diplomatik demarş idi. Fələstin məsələsi BMT-də qəbul olunmuş qətnamələr əsasən həllini tapmalı, bütün dövlətlər də buna riayət etməlidirlər. Əks halda, bu, həm İsrail-Fələstin danışıqlar prosesinə, həm Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına zidd olardı”.

Politoloq Qüdsdə yaradılacaq səfirliklərin təhlükəsizlik məsələlərinə diqqət göstərilməli olduğunu deyib: “Lakin artıq 30 ildir ki, Fələstin özünü müstəqil dövlət elan edib və onun müstəqilliyini tanıyan hər bir dövlət ikitərəfli qaydada diplomatik münasibətlər qura, o cümlədən səfirlik aça bilər. Necə ki, bunu Türkiyə etmək istəyir. Sadəcə, Şərqi Qüds İstanbul sammitində Fələstini paytaxtı kimi tanınsa da, şəhər 1967-ci ildən bəri İsrailin işğalı altındadır. ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə cavab olaraq Türkiyə də Qudsdəki baş konsulluğunu səfirliyə çevirmək istəyir. Lakin bu səfirliklərin mühafizəsi yüksək səviyyədə tə.kil edilməlidir. Əks halda, həm amerikalı, həm türkiyəli diplomatların həyatı təhlükə altında olacaq”.

Vilayət Muxtar
Cebhe.info
Tarix: 18-12-2017, 22:03
Xəbəri paylaş





Xəbər lenti