Rusiyadan postsovet ölkələrində hakimiyyət dəyişikliyi xəbərdarlığı

Rusiyadan postsovet ölkələrində hakimiyyət dəyişikliyi xəbərdarlığı
Kreml nədən narahatdır? Sülhəddin Əkbər: “Rusiyanı etibarlı periferiyadan məhrum etmək istəyirlər”

“ABŞ və onun ”sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər". Bunu Rusiya paytaxtında keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib.


O, MDB ölkələrinin siyasi rəqiblərinin tam gücü ilə birlik ölkələri arasında əməkdaşlığın inkişafına mane olduqlarını söyləyib: “Biz bu gün bloklararası qarşıdurmanın daha çox odioz formasının şahidi oluruq. Siyasi rəqiblərimiz MDB ölkələri arasında işgüzar və ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsinə və tranzit imkanlarının inkişafına mane olur”.

Sergey Narışkinin Rusiyada ən informasiyalı bir neçə şəxsdən biri olduğu və hazırda daşıdığı vəzifənin hansı imkanlara malik olduğunu nəzərə aldıqda onun bəyanatına ciddi yanaşmamaq mümkün deyil. Narışkin bu açıqlama ilə nələrə işarə edə bilərdi? Onun bəyanatındakı birinci cümlə ABŞ və müttəfiqlərinin postsovet respublikalarında hakimiyyət dəyişiklikləri etmək planının olduğunu söyləməyə əsas verirmi?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, artıq ABŞ başda olmaqla, Qərb Rusiyanın qarşısını almağın zərurətə çevrildiyini anlayıb: “Buna görə də ABŞ 2015-ci ilin fevralında öz Milli Təhlükəsizlik Strategiyasını yenilədiyini açıqlayıb və Rusiyanı durdurmağı başlıca strateji hədəf seçdiklərini bəyan edib. Bundan sonra isə iki illik hazırlıq dövrü oldu. Bu hazırlıq dövrü 2016-cı ildə NATO-nun Varşavada keçirilən sammitində başa çatdı. Bundan sonra gözlənilirdi ki, ABŞ və onun Avropadakı müttəfiqləri, NATO Rusiyaya qarşı artıq aktiv siyasətə keçəcəklər. Bu, indi görünməyə başlayıb. Nəzərə alsaq ki, iki illik hazırlıq dövrü bitib və bu ildən başlayaraq ABŞ və müttəfiqləri Rusiyaya qarşı aktiv siyasət aparmağa başlamışdılar, bu, gözlənilirdi. Bu siyasət strateji bir plan çərçivəsində aparılır. Strateji plan uzunmüddətli, geniş, hərtərəfli plandır. Bu, smart plandır. ”Yumşaq güc"dən daha çox istifadəyə əsaslanmış plandır. Çünki “yumşaq güc”dən getdikcə daha çox istifadə olunacaq. “Yumşaq güc” tətbiqi daha ucuz başa gəlir, qaynar müharibələrə, kiminsə ərazisinə qoşunlar yeritməyə, böyük pullar xərcləməyə ehtiyac qalmır. Bu “yumşaq güc”ün komponentlərindən biri də kəşfiyyatdır. Mən “Dövlət siyasətinin əsasları” kitabımda da göstərmişəm ki, gələcək savaşların xarakteri necə dəyişiləcək, kəşfiyyatın rolu nə üçün artacaq. Gördüyünüz kimi, kəşfiyyatın rolu getdikcə artır və bu, artaraq da davam edəcək, kəşfiyyat savaşlarının önəmi artacaq. Sergey Narışkinin işarə etdiyi həmin məsələlər də ABŞ və onun müttəfiqlərinin Rusiyanı durdurmaq üçün strateji planın bir hissəsinə, yəni kəşfiyyat savaşları hissəsinə aiddir. Burada təbii ki, digər postsovet ölkələrindəki yerli milli elitalarla işləmək də nəzərdə tutulur. Yerli milli elitalarla işləməkdə də məqsəd ondan ibarətdir ki, Rusiyanı etibarlı periferiyadan məhrum etmək mümkün olsun".



S.Əkbərin sözlərinə görə, indiki şəraitdə Rusiya əsasən Ukrayna və Gürcüstanı çıxsaq, demək olar ki, bütün postsovet respublikalarında keçmiş kommunistlər, keçmiş komsomolçular, keçmiş KQB işçiləri hakimiyyətdə təmsil olunur: “Artıq ABŞ-da və Qərbdə anladılar ki, keçmiş sovet elitaları demokratik islahatlar aparmaq niyyətində və gücündə deyillər, Rusiyanın onlarla çox ciddi şəkildə işləmək imkanları var. Qərb anladı ki, keçmiş sovet respublikalarında gənc liderlər hakimiyyətə gəlsə də onları Kremlin təsiri altından çıxarmaq mümkün olmur. Ona görə də anlayıblar ki, bu ölkələrdə demokratik islahatları gənc islahatçı demokratlar apara bilərlər. Təbii ki, Qərb imperialist nəzərlə baxdığı üçün çalışacaq özlərinə bağlı olan gənc demokratlar keçmiş sovet respublikalarında hakimiyyətə gəlsin, yaxud da yerli milli elitaları işlətməyə cəhd etsinlər. Yəni metodlar paketindən istifadə olunacaq. Mənə sadəcə, bir-ikisini misal gətirdim. Bu kontekstdə mənim diqqətimi Özbəkistanın yeni prezidentinin Donald Tramp tərəfindən Vaşinqtona dəvət olunması çəkir. Mərkəzi Asiya ilə bağlı ABŞ-ın xüsusi planı var. Mərkəzi Asiyada stavka Özbəkistana olunacaq. Ona görə də Narışkinin açıqlamasını təsadüfi saymıram və gözlənilən hesab edirəm. O, təhlükəsizlik xidmətlərinin rəhbərlərinə istiqamət göstərir ki, başlıca siyasi təhdid nədir və o, hansı istiqamətdən gözlənilir. Bu, Rusiya başda olmaqla, bütün postsovet məkanına aiddir”.

Bəs postsovet məkanındakı daxili ənənəvi müxalifət qüvvələri ABŞ-ın sözügedən planına uyğun gəlirmi, bu planda yer ala bilərlərmi?

Sülhəddin Əkbərə görə, Qərb kəşfiyyatı ilk növbədə mövcud hakim elita içərisində demokratik islahatlar tərəfdarı olan, Qərbə meylli olanlarla işləyəcəklər: “İkincisi, iş adamları ilə işləyəcəklər. Bunu xüsusi nəzərə almaq lazımdır. İş adamları öz maraqlarına görə Qərbin təbii müttəfiqləridir. Üçüncüsü, həmin ölkələrin bütün demokratik potensialı nəzərə alınacaq və ilk növbədə də demokratik qüvvələr içərisindəki Qərbə bağlı olan qüvvələr kənarda qoyulmayacaq”.

Etibar SEYİDAĞA,
Tarix: 22-12-2017, 09:38
Xəbəri paylaş





Xəbər lenti