Putin onu arzulayırdı, Tramp isə Kremlin kabusu oldu

Putin onu arzulayırdı, Tramp isə Kremlin kabusu oldu
ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında bildirilir ki, son 2 onillikdə Rusiyanı, eləcə də Çini beynəlxalq institutlara və qlobal ticarətə cəlb etməklə onları etibarlı tərəfdaşa çevirmək siyasəti nəticə verməyib. İndi əks istiqamətdə siyasət aparılacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Ukraynaya öldürücü silahların verilməsi barədə qərarını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, indiyədək ABŞ-ın Ukraynaya silah yardımı düşmən artilleriyasının koordinatlarını müəyyən edən radarların, radioelektron maneələrə qarşı davamlı olan rabitə sistemlərinin, pilotsuz uçuş aparatlarının, “Humvee” hərbi avtomobillərinin, yəni qeyri-letal - öldürücü olmayan vasitələrin verilməsi ilə məhdudlaşırdı:

“Yeni ildən isə tank əleyhinə raket kompleksləri (Javelin), hava hücumundan müdafiə sistemləri, dənizdə mina əleyhinə vasitələr, dəniz müşahidə qurğuları, sahil mühafizə gəmiləri verilməsinə başlanacaq. Bu yardımlar düşmənin tank həmlələrindən, havadan və dənizdən gözlənilən hücumlarından Ukraynanın müdafiəsini gücləndirməyə yönəlib. Bundan başqa, amerikalı, britaniyalı və kanadalı zabitlər tərəfindən Ukrayna əsgərlərinə təlim keçirilməsi davam edir.

ABŞ-dan əlavə, Kanada hökuməti də Ukraynaya silah satılmasına icazə verib. Obama dövründə ABŞ-ın və Avropanın bu məsələdə mövqeyi belə idi ki, Ukraynanın silahlandırılması Rusiyanı daha da aqressivləşdirə, nəticədə münaqişənin həllini çətinləşdirə bilər. Bu baxış özünü doğrultmadı. Putin 1 il əvvəl Obamanın gedişini və Trampın gəlişini səbirsizliklə gözləyirdi. Amma Trampın idarəçiliyinin yekunlaşmaq üzrə olan ilk ili Rusiya üçün kabus kimi keçdi”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya tank əleyhinə silahların tədarükünə icazə verib.

Kiyevə veriləcək silahların dəyəri 47 milyon dollar dəyərindədir.
Tarix: 23-12-2017, 16:57
Xəbəri paylaş





Xəbər lenti