ABŞ-Rusiya qarşıdurması pik həddə-nüvə təhdidi nəyi dəyişəcək?


 Politoloq: “Hətta Ukrayna məsələsi həll olunsa belə, bu, heç də ABŞ-Rusiya münasibətlərindəki bütün problemlərin yoluna qoyulması mənasına gəlməyəcək”

“Rusiya prezidentinin müasir silah sistemləri ilə Qərbə hədə-qorxu gəlməsinə və ümumiyyətlə, şimal qonşumuzun son 10 illik siyasətinə Putinin məşhur Münhen nitqində ortaya qoyulan vizyonun davamı kimi yanaşmaq lazımdır”.
Politoloq Şahin Cəfərli bu fikirləri Rusiya prezidentinin dağıdıcı silaha malik olması ilə bağlı dediklərindən sonra yaranmış situasiyanı “Yeni Müsavat”a şərh edərkən söylədi.

ABŞ-ın müdafiə naziri, dəniz piyadalarının “quduz köpək” ləqəbli generalı Ceyms Mettis deyib ki, Putinin yeni strateji silahlar barədə bəyanatları onu məyus edib, amma təəccübləndirməyib. (Virtualaz.org) Pentaqon rəhbərinin sözlərinə görə, bu cür yeni silah nümunələrinin işlənib hazırlanması Birləşmiş Ştatların mövqeyinə təsir etməyəcək, ona görə də Moskva həmin silahlara nə qədər istəsə pul xərcləyə bilər. Qarşılıqlı təhdidlər Azərbaycanın qonşuluğunda təhlükəli hadisələr hər an baş verə biləcəyi ehtimalını ortaya çıxarır.

Politoloq Şahin Cəfərli isə qeyd etdi ki, Putin 10 fevral 2007-ci il tarixində Münhen Təhlükəsizlik Konfransındakı çıxışında “soyuq müharibə”nin bitməsindən sonra formalaşan dünya düzənini sərt tənqid edərək təkqütblü sistemi təftiş etmək niyyətini ortaya qoymuşdu: “2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibə bu yeni siyasətin ilk praktik təzahürü idi və Moskvanın SSRİ-nin dağılması nəticəsində itirdiyi mövqelərin ən azı bir qismini, heç olmasa, postsovet məkanını təkrar öz nəzarəti altına almaq niyyətini göstərirdi. 2014-cü ildə Ukraynada baş verənlər də bu siyasətin tərkib hissəsi idi – Kreml Ukraynanın onun təsir dairəsindən çıxmağa başladığını gördüyü anda hərbi müdaxiləyə baş vurdu. Həmin ilin oktyabrında Putin Valday Diskussiya Klubunda çıxışında üzünü Vaşinqtona tutaraq “Münhen tezisləri”ni bir daha təkrarladı. Rusiyanın dövlət siyasəti halına gələn “Münhen tezisləri”nin mahiyyəti budur ki, Rusiya artıq 90-cı illərin Rusiyası deyil və onun qlobal miqyasda maraqları nəzərə alınmalıdır.

Картинки по запросу şahin cəfərli

Şahin Cəfərli

Putin Qərbə və konkret ABŞ-a təklif edir ki, Rusiyanın qütblərdən biri olacağı çoxqütblü – polisentrik dünya düzəni, qlobal konsensus sistemi formalaşdırılsın. Yəni Moskva təxminən “2-ci Yalta konfransı”nın keçirilməsini istəyir. Məlumdur ki, İkinci Dünya Müharibəsindən sonra Yalta konfransında qalib dövlətlər Avropanı öz aralarında bölüşdürmüşdülər. SSRİ-nin dağılması və bipolyar sistemin çökməsi nəticəsində bu bölgü də avtomatik olaraq tarixə qovuşdu, Şərqi Avropa ölkələri NATO və Avropa Birliyinə qoşuldu, Qərb tədricən postsovet məkanına da maraq göstərməyə başladı. Putin məhz bu səbəblə SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırır. Onun son illər Qərbə ünvanladığı mesajların, o cümlədən Federasiya Şurasına (əslində ABŞ-a) 1 mart tarixli məlum müraciətinin mahiyyətində məhz bu fikir dayanır ki, gəlin, bir daha masaya oturaq və dünyada nüfuz dairələrini yenidən bölüşdürək”. Ekspert bildirdi ki, Putin Gürcüstana və Ukraynaya qarşı aqressiv siyasəti ilə, eləcədə Suriya ixtilafına müdaxilə etməklə həm dünyanın hansı regionları üzərində iddiası olduğu, həm də Qərbə ciddi problemlər yaratmaq gücündə olduğunu nümayiş etdirir: “Şübhəsiz ki, Rusiyanın əsas haqq iddia etdiyi bölgə, Baltikyanı ölkələri çıxmaq şərti ilə, keçmiş SSRİ ərazisidir.

Картинки по запросу путин ссср

Moskva postsovet məkanını özünün həyati maraqlarının olduğu region kimi xarakterizə edir. Təsadüfi deyil ki, Putin böyük əks-səda doğurmuş sonuncu çıxışında qeyd etdi ki, SSRİ-nin dağılması nəticəsində Rusiya öz ərazilərinin 23,8 faizini, əhalisinin 48,5 faizini, sənaye potensialının 41 faizini, hərbi potensialının 44,6 faizini itirib. İtirilən ərazilər dedikdə keçmiş sovet respublikaları nəzərdə tutulur. Bu çıxış hazırkı Rusiyanın keçmiş SSRİ respublikalarının müstəqilliyinə olan baxışını bütün çılpaqlığı ilə ortaya qoyur və Azərbaycanın müstəqilliyinə real təhlükənin haradan qaynaqlandığını bir daha bizlərə göstərir. Azərbaycan özünün xarici siyasətində bu amili mütləq nəzərə almalıdır, yəni bizim xarici siyasətimizin prioritet istiqamətini hələ də kövrək olan müstəqilliyimizə olan təhdidləri neytrallaşdırmaq hədəfi təşkil etməlidir. Bu siyasət davamlı şəkildə aparılmalıdır”.

Putinin çıxışının öz əsl ünvanına çatıb-çatmadığına və qlobal geosiyasi proseslərin bundan sonrakı mümkün inkişafına gəldikdə isə, Ş.Cəfərli dedi ki, ABŞ rəsmilərinin reaksiyalarında 2 əsas məqam nəzərə çarpır: “Əvvəla, Pentaqon və CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) rəhbərləri bildirdilər ki, Putinin çıxışı onlar üçün sürpriz olmayıb və Rusiyanın bu cür silahlar hazırlamaqda olduğunu bilirdilər. Hətta müdafiə naziri Mettisin “Rusiya özü ilə silahlanma yarışı aparır” sözləri Putinin hədə-qorxularının Vaşinqtonda çox da ciddiyə alınmadığını göstərir. İkinci məqam və baxış isə bundan ibarətdir ki, Qərbdə Rusiyaya qarşı sərt siyasətin, davamlı sanksiyaların tərəfdarı olanlar Putinin çıxışından sonra nə qədər haqlı olduqlarını vurğulamağa başladılar. Çünki bəzi Qərb dairələrində, o cümlədən ABŞ-da belə fikirlər də var ki, Rusiya ilə təzyiq dilində danışmaq doğru deyil, sanksiyalar, Ukraynaya silah vermək Moskvanı daha da aqressivləşdirir, bu səbəblə onunla masaya oturub, problemləri çözməliyik. İndi sərt xətt tərəfdarları qeyd edirlər ki, belə bir adamla masaya oturub ona güzəştlər etmək yolverilməzdir və əksinə, bu cür güzəştlər onun iştahını daha da artıra bilər. Yəni Putinin məlum çıxışı ilə öz istədiklərinə nail olacağına dair hələ ki bir işarə yoxdur”.

Картинки по запросу путин nato raketi

Ş.Cəfərli ABŞ müdafiə nazirinin fikirlərinə də diqqət çəkdi: “O, açıq bildirdi ki, bu çıxış ABŞ-ın öz strategiyasını dəyişməyə vadar etməyəcək. Bu strategiya nədən ibarətdir? İstər ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında, istərsə də bunun əsasında hazırlanmış müdafiə və nüvə strategiyalarında Rusiya “rəqib dövlət” kateqoriyasına aid edilərək onun ambisiyaları və təftişçi siyasəti ilə mübarizə aparılacağı qeyd olunub. Yəni “soyuq müharibə” dövründə SSRİ-yə qarşı aparılan siyasətə çox bənzəyən siyasət gedir. Maraqlıdır ki, Rusiyanın özü də o vaxt SSRİ-nin yeritdiyi siyasətdən fərqli siyasət ortaya qoymur. Silahlanma yarışına girmək üçün müasir Rusiya yetərli resurslara sahib deyil, lakin Putin bu yolla ABŞ-ı masaya əyləşdirə biləcəyinə inanır. O, son çıxışının 40 dəqiqəsini silahlanma mövzusuna ayırdığı halda, iqtisadiyyatdan cəmi 13 dəqiqə danışdı. Bu isə qarşıdakı 6 ildə Putinin hansı istiqamətdə siyasət yeridəcəyini göstərir. Əgər enerji bazarında kəskin qiymət artımı baş verməsə, Rusiyada sosial-iqtisadi böhran dərinləşəcək, bu isə cəmiyyətdə gərginliyi daha da artıracaq. Hətta neftin qiyməti ciddi şəkildə yüksəlsə belə, Rusiyanın iqtisadi inkişafı üçün ciddi islahatlar tələb olunur. İnkişaf üçün sistem dəyişikliyi, total korrupsiyanın aradan qaldırılması zəruri şərtdir”.

Ancaq Ş.Cəfərli onu da qeyd etdi ki, o, Putinin son prezidentlik müddətində bu cür radikal addımlara gedəcəyinə şübhə edir: “Qərblə münasibətlər isə o zaman yumşalacaq ki, Putin ən azı Ukrayna məsələsində geri addım atsın. Bu cür addım dünya və Rusiya ictimaiyyətinin gözündə zəiflik kimi görünə biləcəyindən, Putinin buna getməsi istər siyasi, istərsə də psixoloji baxımdan çox çətindir. Hətta Ukrayna məsələsi həll olunsa belə, bu, heç də ABŞ-Rusiya münasibətlərindəki bütün problemlərin yoluna qoyulması mənasına gəlməyəcək. ABŞ Konqresinin qanun formasına saldığı sanksiyaları ləğv etməyə razılaşması elə də asan deyil, çünki amerikalı qanunvericilər Putinin öz iddialarından və destruktiv siyasətindən vaz keçməsini, başqa sözlə, onun təslim olmasını gözləyirlər”.

Cavid TURAN

Tarix: 12-03-2018, 21:33
Xəbəri paylaş





Xəbər lenti