Moskvada yarıgizli Suriya danışıqları

İsrail İranın Suriyadan çıxarılması üçün Moskvaya təsir etməyə çalışır, münaqişənin başa çatması Təl-Əviv üçün uğursuz perspektiv vəd edir

İsrailin baş naziri Benyamin Netanyahu Rusiyaya səfər edib. Moskvada Rusiya prezidenti və dövlət rəsmiləri ilə görüşən Netanyahunun gündəmində təbii ki, Suriya olub. Daha dəqiqi, Suriyada davam edən əməliyyatlar.

“Sputnik”in xəbərində deyilir ki, Moskvada jurnalistlərə verdiyi açıqlamada İsrail baş naziri Moskvada Suriya mövzusunda Putinlə razılaşma əldə etiklərini bildirib. Eyni zamanda Netanyahu bildirib ki, İsrailin Bəşər Əsəd hökuməti ilə heç bir probleminin olmadığını, Suriyada əsas problemin İran və Hizbullah olduğunu vurğulayıb. Netanyahu deyib ki, Bəşər Əsədin yenidən Suriyanın bütün ərazisində nəzarəti ələ keçirməsinə İsrailin etirazı yoxdur. Ancaq ehtiyac yaranarsa, İsrail daha əvvəl olduğu kimi, Suriya ordusuna qarşı zərbələr endirmək üçün hərəkətə keçə bilər.

Netanyahu deyib ki, daha əvvəl Əsəd rejimi ilə hər hansı bir problemləri olmayıb. “Colanda ötən 40 ildə bir güllə belə atılmadı, mən Suriyaya müdaxilə mövzusunda qəti mövqe ortaya qoydum və müdaxilə etmədik”.

İsrailin baş naziri əlavə edib ki, onlar üçün əsas təhdid İŞİD və Hizbullahdır, bu vəziyyət olduğu kimi davam edir. Baş nazir deyib ki, İsrailin əsas hədəfi onalara qarşı olan hər kəsə qarşı hərəkət etmək azadlığını özündə saxlamaqdır. İkinci mühüm məqam isə iranlıların Suriya torpaqlarından çıxarılmasıdır.

Suriya danıÅıqları ile ilgili görsel sonucu

Qeyd edək ki, daha öncə yazdığımız kimi, İsrail tərəfi Bəşər Əsəd qüvvələrinin Suriyanın cənubunda əməliyyat keçirməsinə yalnız İran və Hizbullah qüvvələrinin oradan çəkilməsi qarşılığında razılıq verib. Netanyahu isə bildirib ki, iranlılar tam olmasa da, böyük ölçüdə Suriyanın cənub regionlarından çəkilib, ancaq İsrail İranın bu bölgədən tamamilə çəkilməsi siyasətinə sadiqdir.

İsrailin “Haaretz” qəzeti isə yazıb ki, Netanyahu bu ilin 6 ayında 3 dəfə Putinlə görüşüb. Bu görüşlərdə İsrailin əsas hədəfi Suriya ərazisindən İsrailə raket sistemlərinin çıxarılması, İrana məxsus qüvvələrin çıxarılması, Suriyada Colan təpələri ilə bağlı 1974-cü ildə əldə olunan atşkəs anlaşmasının qorunub saxlanılması, İsrailin Colanda dəstəklədiyi cihadçılara (müxalif qüvvələrin - K.R.) zərər verilməməsi. Netanyahu onu da deyib ki, Putinlə görüşləri ABŞ-la koordinasiyalı şəkildə aparılıb.

Suriya danıÅıqları Netanyahu ile ilgili görsel sonucu

Maraqlıdır ki, Netanyahunun Moskva səfəri dövründə İsrail ordusu Suriyadan gələn pilotsuz uçan aparatı vurduqlarını bəyan edib. Netanyahu ilə eyni gündə isə İran ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Moskvaya səfər edib və Netanyahudan sonra Putinlə görüşüb.

Putin-Vilayəti görüşü barədə detalı məlumat verilmir. Yalnız Vilayəti bildirib ki. görüş çox uğurlu və faydalı olub. Eyni zamanda qeyd edib ki İranın ali dini lideri İranın strateji müttəfiqi olan Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinə önəm verir. Vilayəti əlaqələrin daha da inkişaf edəcəyini və Rusiyanın İranın neft sektoruna yatırım qoyacağını bildirib.

Qeyd edək ki, Moskva üzərindən aktiv Suriya diplomatiyasının davam etdiyi bir vaxtda Suriyanın cənubunda Bəşər Əsəd qüvvələri İordaniya ilə sərhədi nəzarətə götürməkdə davam edir. Artıq Suriya qüvvələri İordaniya sərhədindən şimala - İsrail sərhədlərinə doğru Quneytra vilayətinə qüvvə toplamağa başlayıb. Burada İsrail-İordaniya sərhədində Tasil rayonunda İŞİD varlığı mövcuddur. Şimala doğru isə Colan təpələri bölgəsi suriyalı islamçı müxaliflərin nəzarətindədir. Suriya ordusu Colana doğru irəlilədiyi bir vaxtda müdafiə naziri Aviqdor Liberman Colan rayonuna gəlib. Liberman Colanda deyib ki, İran və Hizbullah İsrail sərhədlərində toqquşmalar təşkil edir və əlavə edib ki, İsrail ordusu onları təhdid edən bütün gücləri məhv edəcək Eyni zamanda Liberman Suriyaya xəbərdarlıq edib ki, Bəşər Əsəd İranla əməkdaşlığın əvəzini ödəyəcək.

Liberman ile ilgili görsel sonucu

Eyni zamanda Liberman İsrail dövlətinin sərhəddə möhkəmlənən suriyalı müxalif silahlıları dəstəkləyəcəyini bildirib. Ancaq o, Dəradan qaçan və İsrail sərhədlərində gözləyən qaçqınlarla bağlı hər hansı açıqlama verməyib. Liberman bildirib ki, Rusiya ilə anlaşmaya əsasən İran və Hizbullah gücləri İsrail-Suriya sərhədindən 40 kilometr geriyə - ölkənin içərilərinə çəkilib. Və əlavə edib ki, Suriyadakı İran və Hizbullah bazaları hədəfə alınacaq. O, İranın Suriyadan çıxarılması üçün lazımi addımları atacağını bildirib. Eyni zamanda Suriya-Fələstin sərhədlərinin indi olmasa da, gələcəkdə açıla biləcəyinə işarə edib.

Qeyd edək ki, Libermanın Colana səfərindən bir gün qabaq İsrail hərbi aviasiyası növbəti dəfə Hums yaxınlığındakı T-4 bazasına hücum edib. Həm Libermanın, həm də Netanyahunun Moskvada söylədiklərini birləşdirdikdə belə nəticəyə gəlmək olar ki, İsrail Rusiya ilə Vaşinqtonun da razılığı ilə Suriya mövzusunda anlaşıb. İsrail Rusiyanın Suriya müharibəsini bitirmək siyasətini dəstəkləyir. Ancaq bunun üçün əsas şərti İran və Hizbullahın bölgədən çıxmasıdır. Çünki müharibənin sonunun yaxınlaşdığı hər kəsə bəllidir və Bəşər Əsədin ölkədə hakimiyyətini tamamilə bərpa etdiyi zaman İran və Hizbullahın Suriyada təsirli gücü ilə qalması İsrail üçün böyük təhdid anlamına gəlir. Bu səbəbdən də İsrail bir tərəfdən Suriyaya hərbi təzyiqi artırmaqla, digər tərəfdən Rusiya ilə danışıqlar yolu ilə İranın neytrallaşdırlımasını, yəni Suriyadakı hərbi gücünü çıxarmasını tələb edir. Ya da ən azından Rusiyanın nəzarəti altında olmasını istəyir. Görünür ki, Rusiya-İran danışıqları da məhz bunun üçündür.

Ancaq İranın tamamilə Suriyadan çıxması inandırıcı deyil. Çünki bu şəkildə münaqişənin başa çatması Hizbullah, Həmas kimi qrupların İsrailə qarşı daha aktiv güc kimi fəaliyyət göstərməsi ilə nəticələnəcək. Çünki indi artıq Suriya da bu məsələdə anti-İsrail cəbhəsini dəstəkləyəcək. Bu səbəbdən də İsrail indi bütün gücü və imkanları ilə İranın Suriyadan çıxarılmasına nail olmaq istəyir. Belə güman etmək olar ki, Putin-Tramp görüşünün də əsas mövzularından biri məhz bu olacaq.(“Yeni Müsavat”)


Tarix: 13-07-2018, 09:39
Xəbəri paylaş





Xəbər lenti