Gürcüstan üzərindən BÖYÜK SAVAŞ


Cənubi Qafqazda Rusiya-NATO qarşıdurması gözlənilir

Yaxın perspektivdə Rusiyanın-NATO ilə münasibətlərinin yenidən gərginləşəcəyi gözlənilir. Qarşıdurmanın səbəbi əvvəlki illərə dayansa da yeni mərhələyə daxil olması ilə müşahidə olunur. NATO-nun şərqə doğru genişlənməsi prosesi Rusiyanın “yaxın xaric” adlandırdığı geosiyasi təsir zonasına daxil ola bilər. Söhbət Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsindən gedir. Gürcüstanla bağlı sözügedən qərar çıxarılarsa, növbəti mərhələdə Ukraynanın və Moldovanın da alyansa qəbulu istiqamətində analoji qərarlar qəbul edilə bilər. Ancaq Rusiya NATO-nun bu planını asanlıqla həzm etmək niyyətində görünmür. Prezident Vladimir Putinin ABŞ prezidenti Donald Trampla iyulun 16-da Helsinkidə keçirdiyi görüşdən sonra verdiyi açıqlama rəsmi Moskvanın NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinə biganə qalmayacağını deməyə əsas yaradır. 

Xatırladaq ki, rəsmi Tiflis Gürcüstanın 2021-ci ildə NATO-ya qəbul olunacağını bəyan edib. Eyni zamanda, NATO Gürcüstanla birlikdə 2019-cu ilin mart ayında irimiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır. Təlimlərin keçiriləcəyi əraziyə Qara dəniz suları da daxildir. Təbii, bu proses Kremlin sərt reaksiyası ilə qarşılaşacaq. Çünki Qara dəniz Rusiyanın isti sulara çıxışını təmin edən yeganə strateji məkandır. NATO-nun Qara dənizdə hərbi və geosiyasi baxımdan güclənməsi Sevastopol limanındakı Rusiya donanmasının Gürcüstan və Ukrayna üçün yaratdığı təhdidləri məhdudlaşdıra bilər. Ona görə də bu məsələyə kifayət qədər həssas yanaşan Rusiya NATO-nun Qara dənizdə şərqə doğru irəliləməsini ciddi təhlükə hesab edir. 

Eyni zamanda, Gürcüstanın NATO-ya qəbul olunması alyansın Cənubi Qafqaza daxil olması deməkdir. Bu isə Cənubi Qafqazda geostrateji balansın dəyişməsinə gətirib çıxaracaq. Çünki Cənubi Qafqazda hərbi iştirak imkanına malik olan yeganə dövlət hələlik Rusiyadır. Amma NATO hərbi bazalarının Cənubi Qafqaza daxil olması ilə bu balans dəyişir. Status-kvonun bu cür dəyişməsini İran da öz milli təhlükəsizliyi üçün təhdid hesab edir. Ona görə də Gürcüstanın NATO-ya daxil olması Rusiyanın və İranın ciddi müqaviməti ilə qarşılana bilər. Bu da bölgədə hərbi və siyasi qarşıdurma riskini artıracaq. Siyasi ekspertlərin fikrincə, Rusiya prosesə müdaxilə etmək üçün Gürcüstan ərazisindəki separat münaqişələri yenidən alovlandırmağa cəhd göstərəcək. Eyni zamanda, Rusiya bölgədəki geostrateji mövqeyini saxlamaq üçün Ermənistanın Qərbyönlü yeni hökumətinə təzyiqlərinin artıra bilər. ABŞ başda olmaqla NATO Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması istiqamətində daha sərt addımlar ata bilər. Rusiya isə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq planlarını işə salmaq, uzaqmənzilli “İsgəndər” raketlərini Gürcüstana tərəf tuşlamaqla NATO-nun irəliləməsinin qarşısını almağa çalışa bilər. Ancaq 2019-cu ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın liderlik etdiyi “Yelk” bloku qalib gələrsə, legitim hakimiyyəti devirmək Rusiya üçün mümkünsüz hala gələcək. 

Cənubi Qafqazda Rusiyanın və İranın fəallaşması fonunda Qərblə baş verən maraqlar toqquşması Azərbaycana da təsirsiz ötüşməyəcək. Bu özünü Dağlıq Qarabağ münaqişəsində göstərə bilər. Ermənistanın xarici siyasət kursunda Qərblə yaxınlaşma artmaqda davam edərsə, Moskvanın Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılması müqabilində Azərbaycana Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv olmaq təklifini yenidən gündəmə gətirəcəyi istisna edilmir. Ona görə də politoloqlar Gürcüstanın NATO-ya daxil olması ilə Cənubi Qafqazda ABŞ və Rusiya arasında ciddi geosiyasi qarşıdurmanın başlanacağını bildirirlər. Əgər əvvəllər bu rəqabət meydanına Gürcüstan və və Azərbaycan daxil idisə, aprel ayında baş vermiş “məxməri inqilab”dan sonra Ermənistan da qoşulub. 

Gürcüstan NATO-ya üzv olmaqda israrlı görünür və artıq seçimini edib. Ona görə də Avroatlantik məkana inteqrasiya Gürcüstan üçün geriyədönməz prosesə çevrilib. Yalnız Gürcüstanın alyansa qəbulunun təxirə salınması və ya ləngiməsi baş verə bilər ki, bu da Rusiya ilə ABŞ və NATO arasındakı razılaşmadan asılıdır. Qərb hazırda NATO-nun gələcək üzvü Gürcüstanın təhlükəsizliyi barədə düşünür. Ermənistanda baş verən hakimiyyət dəyişikliyinə və Paşinyan hökumətinin Qərbyönlü siyasət yürütməsinə də məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Ancaq ABŞ-ın hansı qərar qəbul edəcəyi Rusiya ilə danışıqların gələcək nəticəsindən asılıdır. Bəzi məlumatlara görə, Rusiya Gürcüstanın NATO-ya qəbul edilməməsinin əvəzində Donbas münaqişəsinin həllində güzəştə getməyə razı olduğunu bildirib. 

Lakin NATO 2016-cı il Varşava sammitinin qərarının icrasından imtina etmək niyyətində görünmür. Həmin qərar Gürcüstanın və Ukraynanın NATO-ya daxil olmasını nəzərdə tutur. Doğrudur, NATO-nun nizamnaməsinə görə, ərazisində və qonşu dövlətlərlə sərhədlərində silahlı münaqişə olan dövlətlər alyansa üzv ola bilməz. Buna baxmayaraq, NATO ölkələrinin müdafiə və xarici işlər nazirlərinin Gürcüstanla bağlı istisna qərar çıxaracağı gözlənilir. Həmin qərar Abxaziya və Cənubi Osetiya istisna olmaqla, Gürcüstanın NATO-ya qəbul edilməsini nəzərdə tutur. Digər ərazilər isə münaqişələr başa çatdıqdan sonra referendum əsasında NATO-ya qoşula bilər. 

Qeyd edək ki, 2019-cu ildə Bosniya və Hersoqovinanın da NATO-ya daxil olacağı gözlənilir. Əgər həmin vaxta qədər Makedoniya Respublikası adının dəyişdirilməsinə dair Yunanıstanla razılaşmaya nail ola bilsə, o zaman hər iki ölkənin eyni müddətdə alyansa qəbul edilməsi məsələsi həllini tapacaq. Sonra isə Gürcüstan NATO-nun 32-ci üzvü kimi təşkilata üzv seçiləcək. Əgər Makedoniyanın dövlət adı ilə bağlı mübahisə həll olunmamış qalarsa, o zaman Gürcüstan NATO-nun 31-ci üzvü olacaq. 

Rəsmi Tiflis NATO-ya Gürcüstanın milli təhlükəsizliyinin yeganə təminatçısı kimi baxır. Əks təqdirdə, Qərbin güzəştə getməsi Rusiya təhlükəsini hər an artıra bilər. Gürcüstan 2008-ci ildə belə bir təhlükəni bir dəfə yaşayıb. Barak Obamanın prezident seçildikdən sonra Rusiya ilə münasibətlərdə dialoqa üstünlük verməsi Gürcüstanı işğal təhlükəsi ilə üzləşdirdi. Prezident Obama Rusiyaya güzəştə gedərək Gürcüstanın və Ukraynanın NATO-ya üzvlük planından imtina etdi. ABŞ prezidenti Corc Buş dövründə hazırlanmış Polşada və Çexiyada raketdən müdafiə sistemləri quraşdırılması barədə layihələri təxirə saldı. Ancaq bütün bunlar ABŞ-ın Şərqi Avropada və postsovet məkanındakı maraqları üçün ciddi problem yaratdı. Rusiya 2008-ci ildə Gürcüstana hərbi təcavüz etdi, 2014-cü ildə Krımı və şərqi Ukraynanı işğal etdi. Nəticədə, Obama administrasiyası səhvini düzəltmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Rumıniyada və Polşada raketdən müdafiə sistemləri quraşdırmaq, Polşaya və Baltikyanı ölkələrə 4 min nəfər NATO hərbi qüvvələrini yerləşdirmək məcburiyyətində qaldı. Bu proqrama Ukraynaya, Moldovaya və Gürcüstana NATO-nun hərbi dəstəyinin artırılması da daxildir. Ona görə də ekspertlər NATO-nun şərqə doğru genişlənməsi planından imtina edilməsini yalnız Gürcüstanın deyil, bütövlükdə Şərqi Avropanın təhlükəsizlik sistemi üçün təhdid hesab edir. Bu sistemin əsas təminatçısı isə Birləşmiş Ştatlar olaraq qalır. (Cebhe.info)


Tarix: 21-07-2018, 00:33
Xəbəri paylaş





Xəbər lenti