Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? - Rus qoşunları Gümrüdən çıxsa...

Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb?
Ermənistanda əhali qrupları Gümrüdəki 102-ci hərbi bazanın ölkədən çıxarılması tələbləri ilə yenidən çıxış etməyə başlayıb. Belə ki, iyunun 17-də Gümrüdə dislokasiya olunmuş Rusiyanın 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Artik bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçirib.

Məlumatlara görə, kəndin sakinləri hərbi kolonun ətrafına yığışaraq, hərbi komandanlığa suallar veriblər ki, rus əsgərləri azaraq, kəndin ərazisinə daxil olublar, yoxsa bu təxribatdır və s. Lakin komandir heç bir suala cavab verməyərək, hərbi hazırlıq əməliyyatının davam etdirilməsi əmrini verib. Bundan sonra gərginlik daha da artıb və artıq ermənilər rus hərbi bazasının çıxarılması tələblərini irəli sürürlər.

Erməni mediasının yazdığına görə, iyunun 17-də baş vermiş hadisə Rusiyanın Ermənistana “səni işğal edərəm” mesajıdır. Nəticə isə budur ki, Ermənistanda son vaxtlar anti-Rusiya meylləri artmaqdadır və bu ölkə rusların forpostu rolunu oynamaqla yanaşı, həm də vassalıdır. Uzun illər Rusiyanın hərbi yardımları ilə zor-bəla ilə ayaqda qalan Ermənistan indi daha çətin vəziyyətə düşüb. Gümrüdə və digər bölgələrdə Ermənistandakı rus hərbi bazasının çıxarılması tələbləri irəli sürülməyə başlayıb.

Xatırladaq ki, son illərdə bu cür çıxışlar bir neçə dəfə müşahidə olunub. 2016-cı il oktyabrın 13-də Gümrüdə yerləşən 102 saylı hərbi bazada müqavilə əsasında xidmət göstərən 1992-ci il təvəllüdlü R.Aleksandr Gümrü şəhər sakini Anahit H.-a cinsi təcavüz etmək istəyib. Bu da sonda böyük insidentə səbəb olmuşdu. O zaman da yerli əhali hərbi bazanın çıxarılmasını tələb edirdi. Bundan öncə isə Gümrüdə rus hərbçilərinə qarşı narazılıq rus hərçi Permyakovun bir erməni ailəsinin bütün üzvlərini qətlə yetirməsindən sonra başlanmışdı.

Ermənilərin yenidən eyni tələblə çıxış etməsi Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasının mümkün olub-olmadığı, çıxarılacağı halda nələrin baş verə biləcəyi məsələsini gündəmə gətirir.

Politoloq Natiq Miri “Yeni Müsavat”a bildirdi ki, Ermənistan orbitində Rusiyanın olduğu təhlükəsizlik sisteminə bağlıdır: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və burada həlledici dövlət Rusiyadır. Bu ölkənin hətta sərhədlərinin də qorunmasında Rusiya sərhəd qoşunları iştirak edir. İşğalçı ölkənin iqtisadiyyatının böyük hissəsi Rusiyadan asılıdır, sənaye müəssisələrinin əksəriyyəti borca görə Rusiyanın nəzarətinə keçib. Bir sözlə, Ermənistan heç bir məsələdə öz təhlükəsizliyini təmin edə biləcək gücdə, imkanda deyil. Ona görə də ermənilər istəsələr belə, Rusiyanın 102 saylı hərbi bazasını ölkələrindən çıxara bilməzlər. Ermənilərin bəziləri, deyəsən, fərqində deyillər ki, həmin hərbi bazanın varlığı Ermənistanın dövlət təhlükəsizliyi maraqlarına uyğundur. Odur ki, ermənilər oradakı rus hərbçilərinin şıltaqlıqlarına dözmək məcburiyyətindədirlər. 102 saylı hərbi bazanın bağlanması və Ermənistandan çıxarılması indiki vəziyyətdə mümkün deyil. Nəzəri baxımdan hesab etsək ki, rus qoşunları Ermənistandan çıxarıldı, o zaman işğalçı ölkə ətrafında özünə düşmən etdiyi dövlətlərlə təkbaşına qarşı-qarşıya qalmış vəziyyətə düşər. Azərbaycan qarşısında tamamilə immunitetsiz bir Ermənistan qalar”.

Ekspert vurğuladı ki, Ermənistan özünün təhlükəsizliyini təmin edə bilməyəcək dərəcədə zəif, aciz bir ölkədir. Belə bir vəziyyətdə rus qoşunlarının Ermənistandan çıxması bu ölkə üçün faciəvi vəziyyətə gətirə bilər.
 
Tarix: 21-07-2018, 10:10
Xəbəri paylaş





Xəbər lenti