Belarusda sular bulanır: Lukaşenko Rusiya-NATO müharibəsini başlatmaq istəyir?


Belarusda sular bulanır: Lukaşenko Rusiya-NATO müharibəsini başlatmaq istəyir?

"Qərb dövlətləri hələ də İkinci Dünya Müharibəsi zamanı verdiyi itkilərə görə Belarusa borcludurlar, buna baxmayaraq yenidən dövlətin ərazisinə soxulub orada hərbi əməliyyatlara başlamağa çalışırlar".
Bunu BBC-yə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Siz başa düşməlisiniz ki, Belarusda müharibə başlasa, NATO və Rusiya müdaxilə edəcək və bu, nüvə müharibəsi olacaq”, - Lukaşenko vurğulayıb.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Belarusla sərhəddəki miqrasiya böhranı ilə bağlı Polşa ilə həmrəy olduğunu bildirib və Lukaşenkonu miqrantlardan başqa ölkələrə qarşı hibrid müharibə aparmaq üçün istifadə etməkdə ittiham edib.
Qeyd edək ki, Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədindəki miqrasiya böhranı 2021-ci ilin yayında Aleksandr Lukaşenkonun qanunsuz miqrant axınına nəzarəti zəiflədəcəyini bəyan etməsindən sonra başlayıb.
Maraqlıdır, Lukaşenko niyə bütün dünyaya meydan oxuyur? Həqiqətən onun dediyi kimi nüvə müharibəsi baş verə bilərmi?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi-ekspert Ramil Məmmədli deyib ki, Aleksandr Lukaşenko Belarusun bölgədəki əhəmiyyətini sözün əsl mənasında bütün parametrləriylə gözəl başa düşür:

“O, nələrin baş verəcəyini yaxşı xarakterizə edə bilir. Əgər Qərb ölkələri Belarusu ələ keçirmək və ya işğal etmək niyyətində olsalar, orada birmənalı olaraq Rusiyanın hərbi gücünü görəcəklər. Həmçinin, Rusiya heç bir halda Belarusu itirməyə razı olmayacaq.
Hesab edirəm ki, Qərb ölkələri Lukaşenkonu devirərək, öz maraqlarına xidmət edən qüvvələrin hakimiyyətə gətirilməsinə çalışsalar Rusiya qətiyyən Ukraynada etdiyi səhvi təkrarlamayacaq. Kreml Lukaşenkonun hakimiyyətdə saxlamaq üçün, hətta hərbi müdaxiləyə də əl ata bilər.
Ümumiyyətlə, Şərq və Qərb arasında son 300 ildir ki, müharibə gedir. Belarus isə belə müharibələrdə ön cəbhədə yerləşən ölkələrdən biridir. Xüsusilə Şərqdə yerləşən ölkələrin ön xətti Belarus və Ukrayna hesab olunur. Bu, ən azından Rusiya üçün belədir. Ona görə də Ukraynanın böyük bir hissəsini itirən Rusiya üçün Belarusun nəzarətdə saxlanılması çox mühümdür”.
Ramil Məmmədli Belarusda nüvə müharibəsinin başlaya biləcəyini istisna etməyib:
“NATO-nun Belarusu ələ keçirmək istəyi artıq tam olaraq hamıya məlumdur. Belarusda keçirilən son prezident seçkilərində də biz bunun şahidi olduq. Düşünürəm ki, Aleksandr Lukaşenkonun dediyi fikirlərdə böyük həqiqət var. Rəsmi Moskva Belarusu nəzarətdə saxlamaq üçün bütün mövcud imkanlardan istifadə edə bilər. Həmçinin, Rusiyanın nüvə silahına malik ölkə olduğunu da unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, Belarusda da sovet dövründən nüvə başlığı saxlanılan silah anbarları mövcuddur. Bütün bunlara görə Belarusda Rusiya və NATO arasında nüvə müharibəsinin ola biləcəyi ehtimalı mövcuddur”.
Tarix: 23-11-2021, 22:25
Xəbəri paylaş





Xəbər lenti