Putinə qarşı “qiyam” - Rusiyada nə baş verir?


Avropa Birliyinin və ABŞ-ın gözlənilən çox sərt sanksiyalarının hakim elitada parçalanma yaratdığı iddia olunur, “bunların Azərbaycana nə dəxli var” deyirsizsə...

Rusiya Xarici İşlər Nazirliyi münasibətlərin tənzimlənməsi üçün ABŞ-a verdiyi saziş layihəsini öz saytında dərc edib. “Rusiya Federasiyası və Şimali Atlantika Alyansı ölkələri üçün təhlükəsizlik zəmanətləri haqqında” saziş layihəsinin yaxın günlərdə Vaşinqtonla müzakirəsinin başlanacağı da gözlənilir.

Sənəd imzalansa, Azərbaycan heç vaxt NATO üzvü ola bilməyəcək


Layihəyə görə Vaşinqton və Moskva üçüncü ölkələrin ərazisindən bir-birinə hücum hazırlamaq və ya həyata keçirmək üçün istifadə etməmək barədə öhdəlik götürürlər.
Hər iki tərəf həmçinin nüvə silahlarının öz ərazilərdən kənarda yerləşdirilməməsi və sərhədlərindən kənarda yerləşdirilən belə silahları geri qaytarmaq öhdəliyi də götürür. Müqaviləyə əsasən, NATO-nun şərqə doğru genişlənməsini, keçmiş SSRİ respublikalarının alyansa qəbul etməyəcəyi öhdəliyi də götürülməlidir. Bu şərt indilikdə ən azı iki ölkəyə - Ukrayna və Gürcüstana aiddir.NATO ilə münasibətlərə gəlincə, burada Rusiya -NATO Şurası çərçivəsində əvvəlki qarşılıqlı fəaliyyət formatına qayıtmaq, kommunikasiya kanallarını bərpa etmək və bir-birini düşmən kimi davranmağı dayandırmaq təklif edilir.
ABŞ və Rusiya həmçinin Ukrayna ərazisində, eləcə də Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyanın digər dövlətlərində istənilən hərbi fəaliyyətdən imtina etməyə dəvət olunur.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan təklif edilən layihəyə birmənalı cavab verməyib. “Biz bəzi sahələrdə irəliləyişə nail ola bilərik, lakin digər sahələrdə nə isə ilə razılaşmamalı olacağıq – bu, dialoqun xarakteridir”, deyə o vurğulayıb. Sallivan əlavə edib ki, ABŞ əvvəlcə müttəfiqləri ilə vahid ittifaq yaratmaq üçün koordinasiya aparacaq, sonra isə Rusiya ilə danışıqlara başlamağa hazırlaşacaq.
Avrop Birliyinin Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano isə bildirib ki, Helsinki Yekun Aktı və Paris Xartiyası Avropanın təhlükəsizliyinə zəmanət verir. O, həmçinin vurğulayıb ki, “hər bir suveren dövlət öz xarici siyasətini, təhlükəsizlik siyasətini və müttəfiqliklərini sərbəst seçmək hüququna malikdir. Rusiya bunu anlamalı və hörmət etməlidir”, - diplomat bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-NATO Şurasının işinin bərpasının tərəfdarı olsa da, digər Qərb liderləri kimi hesab edir ki, Ukraynanın qəbulu ilə bağlı yalnız Alyansın üzvləri qərar verməlidir, Moskvanın isə Kiyevə diktə etmək hüququ yoxdur. Aydındır ki, Qoşulmamaq Hərəkatında təmsil olunan Azərbaycanın yaxın illərdə NATO-ya üzv olmaq kimi iddiası yoxdur. Amma bu sənəd imzalanarsa, NATO artıq birmənalı öhdəlik götürmüş olacaq. Bu isə Bakının gələcəkdə manevr imkanlarını, eləcə də NATO ilə birgə əlaqələrinə müəyyən təsirləri ola bilər.

Rusiya hakimiyyətini daxildən parçalamaq?


ABŞ-la münasibətlərdəki qeyri-müəyyənlik, NATO və Avropa Birliyi ilə isə artan gərginlik Rusiyanın daxilinə artıq təsir etdiyi barədə iddialar dolaşır. Buna səbəb bu həftə Rusiya Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasının üzvlərinin adı qarışdığı yumruqlaşma və Federasiya Şurasının gözlənilmədən Dumadan keçmiş təhsil haqda qanunu qəbul etməkdən imtina etməsi göstərilir. Məsələ buradadır ki, ictimai yerlərdə QR-kodların tətbiqi ilə bağlı qanun layihəsi Dumanın gündəliyindən Prezidentin tövsiyəsi ilə müzakirəyə çılxarılmamalı idi. Amma Duma rəhbərliyi belə bir müzakirəyə rəvac verib və nəticədə ”QR-faşizminə qarşı” olan kommunistlərlə hakim partiya təmsilçiləri bir-birinə girib. Federasiya Şurası isə gözlənilmədən təhsilin rəqəmsallaşması haqda Dumanın qəbul etdiyi qanunu geri qaytarıb, spiker Matviyenko isə təhsil nazirini sərt tənqid edib. Baş verənlərin elita arasında “daxili razborka”, hakimiyyətə “diş göstərmək cəhdi” kimi qiymətləndirilir. Maraqlıdır ki, bu səbəbdən Putin yenidən Təhlükəsizlik Şurasının iclasını keçirib və daxili məsələlər müzakirə olunub.

Xaricdəki ehtiyatlara və məmurların pullarına həbs


Bildirilir ki,daxili gərginlik Rusiyanın hakim elitasının gözlənilən sanksiyalara reaksiyasıdır. Avropa Birliyi Rusiyaya ehtimal edilən sanksiyalar sırasında hakim elitanın maraqlarına ciddi toxunan bəndlər var. Belə ki, Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasından tutmuş, hakim elitanın və Rusiyanın xarici aktivlərinin əhəmiyyətli hissəsini dondurulması, Putinin yaxın çevrəsinə viza verilməsinin dayandırılması, hətta məmurların ailə üzvlərinin xarici vətəndaşlığının ləğvinədək sanksiyalar gözlənilir. Qərb mediası sanksiyaların əhatə dairəsi haqda hələ ki, bəhs etmir, lakin Rusiya elitası artıq bu iddialarla silkələnir.
Kremlədən qaynaqlanan başqa bir versiya isə budur ki, Vladimir Putin Co Baydenlə görüşü məhsuldar keçib, onlar bu ilin sonuna qədər yenidən zəng edib “bütün problemləri” həll edəcəklər. İddialara görə, bu barədə ətraflı məlumatı Rusiya prezidenti dekabrın 23-nə planlaşdırılan geniş illik mətbuat konfransı zamanı elan edəcək.

“Putin hakimiyyəti kimə ötürəcək” sualına Peskovun cavabı


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-ya müsahibəsində deyib ki, seçkilərə üç il qalmış hakimiyyətin ötürülməsi (tranziti) ilə bağlı müzakirələr yalnız bu mövzuda danışan “politoloqların qazancı” istəyidir.
O, Putinin 2030-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar vermədiyini, lakin gələcəkdə “özünü əvəz etmək üçün namizəd tövsiyə edə biləcəyini”deyib.
Peskovun sözlərinə görə, Putin şübhəsiz ki, “kiməsə üstünlük verəcək, lakin hər halda, növbəti prezident rusların səs verdiyi şəxs olacaq”.
Xatırladaq ki, Putin noyabrda 2024-cü ildə namizəd olub-olmayacağına hələ qərar vermədiyini bildirsə də, yenilənmiş konstitusiyaya əsasən belə bir hüquqa malik olduğunu xatırladıb.
Görünən budur ki, Qərb Rusiyanı “daxildən parçalamaq” planını yenidən işə salır və bu, Moskvanı yeni arzuedilməz situasiyalarla üzləşdirə bilər...

Nazim SABİROĞLU
Tarix: 18-12-2021, 16:08
Xəbəri paylaş





Xəbər lenti