Almaniya Avropa İttifaqının qaçqınlar üçün ən çox arzu olunan ölkəsidir... - STATİSTİKA



Almaniya Avropa İttifaqının qaçqınlar üçün ən çox arzu olunan ölkəsidir... - STATİSTİKA
Koronavirus pandemiyası səbəbindən keçən il Avropa İttfaqı ölkələrinə daxil olmaq istəyən qaçqınların sayı azalsa da, indi yenidən artmaqdadır. Eyni zamanda, qeyri-mütənasib sayda insan Almaniyada məskunlaşmağa ümid edir: 2021-ci ilin ilk 9 ayı ərzində Aİ-də qaçqın statusu üçün bütün müraciətlərin 28,4%-i Almaniyaya təqdim edilib - bu, digər Aİ ölkələrində olduğundan daha çoxdur.
 
Moderator.az bu barədə Almaniyanın “Das Erste” telekanalının məlumatına istinadla xəbər verir. Telekanalın məlumatına görə, qaçqın statusu üçün qeyri-mütənasib sayda müraciətlər məhz bu Avropa ölkəsinə daxil olur.

Almaniya mətbuatının Aİ-nin statistika idarəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk 9 ayında Aİ-də ilk dəfə qaçqın statusu almaq üçün 356 minə yaxın müraciət qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 15% artım deməkdir. Eyni zamanda Almaniyada yanvar-sentyabr aylarında müraciətlərin sayı 33% artaraq 100 mindən çox təşkil edib.
 
Beləliklə, 2021-ci ilin ilk 9 ayında Aİ-də qaçqın statusu almaq üçün bütün müraciətlərin 28,4%-i Almaniyaya verilib. Telekanal vurğulayır ki, bu, hər hansı digər Aİ ölkəsində olduğundan daha çoxdur. Ötən ilin müvafiq dövrü üçün Almaniyada bu göstərici 24,3% təşkil edib.
 
Qaçqınlar üçün digər arzuolunan ölkələr Fransa (20%), İspaniya (11%) və İtaliyadır (8%). Bu o deməkdir ki, 27 ölkənin daxil olduğu Aİ-dən sığınacaq istəyən bütün miqrantların təxminən üçdə ikisi daha sıx əhalisi olan dörd ölkədə məskunlaşmaq istəyir. Spektrin digər tərəfində ilin ilk üç rübündə cəmi 30 sığınacaq müraciəti olan Macarıstandır.
 
Statistikaya görə, Aİ-də ən böyük miqrant qrupu Əfqanıstan və Suriyadan olan mühacirlərdir. Onlar birlikdə Aİ-də sığınacaq axtaranların üçdə birini təşkil edir. Onların ardınca Pakistan və İraqdan gələn mühacirlər gəlir.
 
Aydındır ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Avropada sığınacaq istəyən miqrantların sayı azalıb. Almaniyada azalma 28%, bütövlükdə Aİ-də 31% təşkil edib. Almaniyanın Das Erste telekanalı xatırladır ki, 2019-cu ildə pandemiya başlamazdan əvvəl Aİ-də qaçqın statusu almaq üçün təxminən 612 min müraciət edilib.
Tarix: 26-12-2021, 15:32
Xəbəri paylaş





Xəbər lenti