Rusiya ilə Ukraynanın hərbi gücü: - Kreml Kiyevi bir günə ələ keçirə bilər?


Ukrayna ilə hərbi münaqişə baş verərsə, Rusiyaya Kiyevi ələ keçirmək üçün bir gündən də az vaxt lazımdır.

Bu barədə “American Thinker” nəşri yazıb.

Nəşr bildirir ki, Ukrayna NATO-ya daxil olmağa çalışarsa, hərbi əməliyyatlar başlaya bilər.

Məlumata əsasən, Rusiyanın hərbi qüdrəti Ukrayna Ordusunu üstələyir və NATO Kiyevin müdafiəsinə qalxmaq qərarına gəlsə, hərbi potensialı azalan alyans ölkələri Rusiya Ordusu ilə rəqabət apara bilməyəcək.

Ümumiyyətlə, hazırda Ukraynanın hərbi gücü necədir? Nəşrin iddia etdiyi kimi Rusiya qısa müddət ərzində Kiyevə çata bilər?

DİA.AZ-ın məlumatına görə sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukraynanın Rusiya ilə müharibə aparmaq gücü yoxdur:

“Çünki onun imkanları Rusiya ilə müqayisədə artıq dərəcədə məhduddur. Həmçinin, NATO-ya daxil olan dövlətlər də Ukraynanı dəstəkləyirlər. Onlar Rusiyanı Ukrayna üçün böyük bir təhlükə hesab edirlər.

Hətta bu təhlükənin aradan qaldırılması üçün rəsmi Moskvaya qarşı müəyyən xəbərdarlıqlar olunub. Nəzərə alaq ki, 12 yanvarda NATO-Rusiya Şurasının iclası keçiriləcək. Əlbəttə ki, görüşdə Ukrayna məsələsi müzakirə olunacaq. Düşünürəm ki, həmin görüşdə bu məsələ ciddi şəkildə müzakirə oluna və hansısa güzəştli qərarlar qəbul edilə bilər”.

Politoloq qeyd edib ki, hazırda Ukrayna və Rusiya arasındakı vəziyyət kifayət qədər mürəkkəbdir:

“Çünki Kreml açıq şəkildə rəsmi Kiyevin Donbassı işğal etməsinə imkan verməyəcəyini bəyan edir. Lakin NATO da Rusiyanın hər hansısa addımına qarşı onlara qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edir.
Eyni zamanda Rusiyanı NATO-nun genişlənməsi və sərhədlərinə yaxınlaşması narahat edir. NATO isə rus qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsinə görə təhlükə yarana biləcəyindən ehtiyat edir. Lakin tərəflər arasında hər hansısa bir münaqaşənin baş verə biləcəyinə şübhə ilə yanaşıram”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Ukrayna Ordusu hazırda həm pilotsuz vasitələrin, həm də tank əleyhinə idarə olunan sistemlərin geniş tətbiqi ilə bağlı ciddi fəaliyyətlər həyata keçirir:

“Bununla yanaşı, onlar özünün raket texnologiyaları sahəsində də daxili potensialını kifayət qədər gücləndirib. Buna görə də Ukraynanın bu ilki hərbi gücünü 5-10 il əvvəlki illərlə müqayisə etmək doğru deyil.

Ukrayna Ordusu hazırda sırf onun uğurlu hərbi əməliyyatlarını təmin edəcək silah sistemlərinin əldə edilməsi istiqamətində fəalliyətlərini davam etdirir”.

Ekspert əlavə edib ki, hazırda Ukrayna ilə Rusiya arasında müəyyən gərginlik mövcuddur:

“Lakin Rusiyanın bir gün ərzində Ukrayna kimi böyük bir ölkəni işğal edə biləcəyini düşünmürəm. Bu tamamilə reallıqdan kənar bir məsələdir. Həmçinin, hazırda Ukrayna Rusiyaya qarşı potensialını kifayət qədər gücləndirməkdədir. Buna baxmayaraq, onların Rusiyaya qarşı müharibəyə tam hazır olduğunu da demək olmaz”.
Tarix: 27-12-2021, 22:00
Xəbəri paylaş





Xəbər lenti