Poroşenkonun əmlakı müsadirə olunur

Ukraynada məhkəmə keçmiş prezident Petro Poroşenkonun əmlakını müsadirə edib. Keçmiş dövlət başçısı vətənə xəyanətdə şübhəli bilinsə də, özü bunu inkar edir.
“Məhkəmə sahibkarlıq hüququ ilə şübhəliyə məxsus əmlakı müsadirə etməyə qərar verib”, – Baş Prokurorluq yanvarın 6-da bildirib.
“Qırmızı xətt”
Dövlət İstintaq Bürosu ötən ay Poroşenkoya qarşı vətənə xəyanət ittihamıyla rəsmi təhqiqat başlandığını açıqlayıb. Keçmiş prezident ölkənin şərqindəki separatçıların “fəaliyyətini asanlaşdırmaqda” ittiham edilir. 2014-cü ilin aprelindən həmin münaqişədə 13 min 200-dən çox insan öldürülüb.
Poroşenko prezidentliyi dövründə separatçıların Kiyevə 1.5 milyard qrivnalıq (54 milyon dollar) kömür satmasına kömək etməkdə şübhəli bilinir. Bunun 2014-2015-ci illərdə baş verdiyi bildirilir.
Poroşenko isə iddiaları rədd edir, Ukrayna hakimiyyətini ona qarşı vətənə xəyanət ittihamları irəli sürməklə “qırmızı xətt”i keçməkdə ittiham edir.

Ötən ay prokurorlar məhkəmədən Poroşenkonun həbsini istəyiblər. Onun 1 milyard qrivna (37 milyon dollar) qarşılığında girovluğa buraxılması da mümkündür.
Poroşenko dekabrın sonundan Ukraynadan kənardadır, məhkəmənin son qərarını hələlik, şərh etməyib.
“Ukraynanı səriştəsiz rəhbərlikdən müdafiə etmək”
Hazırda deputat və Avropa Həmrəyliyi müxalifət partiyasının lideri olan Poroşenko təqsirli bilinərsə 15 illik həbsə məhkum edilə bilər.
O, yanvarın 17-də Ukraynaya qayıtmağı planlaşdırdığını bildirib.
Poroşenkonun müttəfiqləri onun əmlakının müsadirə olunmasını Prezident Volodimir Zelenskinin siyasi intiqamının nəticəsi adlandırıblar. Zelenski 2019-cu ildə Poroşenkonu president seçkisində məğlub edib.
Poroşenko isə yanvarın 6-da məhkəmənin qərarından öncə Facebook-da yazıb ki, özünü Zelenskidən deyil, “Ukraynanı səriştəsiz rəhbərlikdən müdafiə etmək üçün” “Kiyevə qayıdacaq” və hakim qarşısına çıxacaq.

Zelenski məhkəmənin son qərarını şərh etməsə də indiyədək prokurorlara, məhkəmələrə təsir göstərməsi haqda deyilənləri rədd edib.
Azadlıq radiosu
Tarix: 8-01-2022, 09:55
Xəbəri paylaş





Xəbər lenti