ABŞ-ın imicini məhv edən qanlı yanvar hadisələri


Demokratiya sınağından üzüağ çıxa bilməyən Bayden günahı başqasının üzərinə atır

ABŞ Prezidenti Co Bayden ölkənin mahiyyətini sınağa çəkən üsyan cəhdinin ildönümündə vitse-prezident Kamala Harrislə birgə çıxışında amerikalılara müraciət edərək demokratiya dəyərlərini müdafiə edib. Prezident Co Bayden ötən il yanvarın 6-da baş verənlərin fəsadları barədə danışaraq məsuliyyəti keçmiş prezident Donald Trampın üzərinə qoyub.
Tramp tərəfdarları Konqres binasına qanunvericilərin orada 2020-ci ilin noyabrında keçirilən seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşdığı vaxt vəzifəsini yerinə yetirən çoxsaylı Kapitoli polisini üstələyərək tarixi binaya daxil olmuşdular. Hücum əsnasında onlar pəncərələri sındırmış, Konqres binasını viran qoymuş və konqresmenləri öz təhlükəsizlikləri üçün təxliyyə olunmağa məcbur etmişdilər. Həmin vaxt baş verən iğtişaşlar nəticəsində biri Kapitoli polisi olmaqla, hücum zamanı dörd nəfər ölmüşdü.
Bayden 2020-ci il seçki nəticələrini sertifikatlaşdırmaq üçün Senatın toplaşdığı zaman Kapitoliyə hücum edənləri pisləyib. Eləcə də hücumlardan az öncə Ağ Evdə nümayiş keçirən Trampı qınayıb. “Tariximizdə ilk dəfə prezident seçkilərini uduzduqdan sonra zorakı kütlə Kapitloyə hücum edərək dinc hakimiyyət dəyişikliyinin qarşısını almağa cəhd göstərdi, amma onlar müvəffəq olmadı”-Bayden deyib. 
Beləliklə, Bayden də bütün prezidentlər kimi məsuliyyəti özündən əvvəlki dövlət başçısının üzərinə  yükləyir. Bəs Amerika 6 yanvar olaylarına görə sınaqdan çıxa bildimi? Bu cür hadisələr başqa ölkələrdə olanda ABŞ Dövlət Departamenti, Ağ Ev sözçüləri bəyanat verib, “demokratiya pozuldu, azadlıq əldən getdi” deyirlər. Özlərinə gəldikdə isə...

Politoloq Əhəd Məmmədli bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, ümumiyyətlə, dünyada demokratiya və diktatura arasında savaş getdiyi barədə deyilənlər üçüncü dünya ölkələrinə təbliğ edilən saxta təbliğatdır: “Sadəcə olaraq böyük dövlətlər öz maraqları uğrunda savaşırlar, özlərinə lazım olanda demokratiyanı, lazım olanda diktaturanı dəstəkləyirlər. ABŞ da həmişə bu cür siyasət yürüdüb. Amerikanın daxilində keçən ilin bu günləri yaşananlar isə bu ölkənin əsl simasını bir daha nümayiş etdirdi. Başqa hansısa ölkədə o cür hadisələr olsaydı ABŞ-ın Dövlət Departamenti, Amerikanın diktəsi ilə hərəkət eləyən bir çox beynəlxalq təşkilatlar, fondlar demokratiyanın pozulduğu, demokratiyanın qorunmasının vacibliyi barədə bəyanatlar verəcəkdilər. Amma Donald Trampın tərəfdarları öz səslərini qorumaq üçün meydana çıxanda, səslərin yenidən sayılmasını tələb edəndə onların qarşısı qəddarlıqla alındı. Və buna görə heç bir beynəlxalq təşkilatdan reaksiya olmadı. Bu, bir daha onu göstərdi ki, dünyada ”güclüsənsə haqlısan" meyarı üstündür. ABŞ bir il öncə demokratiya sınağından çıxa bilmədi, dünyada ABŞ-ın imicinə çox böyük zərbə dəydi. Bir il öncəki hadisələr ABŞ-ın “demokratiyanın hamisi” adlanan süni imicini də yerlə yeksan etmiş oldu".

Politoloq İlyas Hüseynov isə bildirdi ki, ABŞ Prezidenti Co Baydenin növbəti dəfə Trampı günahlandırması təsadüfi deyil: “Çünki Bayden hakimiyyətə gəldiyi ilk gündən demokratiyaya, seçim azadlığına hansı münasibətdə olduğunu ortaya qoyub. O, bütün məsələlərdə Trampı günahlandırır, keçmiş prezidentin qəbul etdiyi qərarları ləğv edir. ABŞ-da bir il öncə baş verən hadisələr ABŞ-ın özündə olan demokratiya dəyərlərinin, azadlıq fəlsəfəsinin yerində olmadığını nümayiş etdirdi. Amerika o sınaqdan daha yaxşı çıxa bilərdi. ABŞ bu gün demokratiya dəyərlərini milli strategiyası, xarici siyasət kursu kimi təqdim edir. Demokrartiya adı altında müxtəlif dövlətlərə müdaxilə etmək, daxili işlərinə qarışmaq və öz maraqları naminə müxtəlif işlər həyata keçirmək məhz ABŞ-ın Demokratlarının əsas istiqamətidir. Trampın sosial hesablarının seçkidən sonra bloklanması, sosial şəbəkələrə çıxış imkanlarının məhdudlaşdırılması ABŞ-da demokratiya, söz azadlığı ilə bağlı irəli sürülən kökündən doğru olmadığının da bir göstəricisidir. ABŞ-ın Demokratları hətta ABŞ-ın Prezidenti olmuş şəxsin söz azadlığını boğdu. Bu da ABŞ-ın demokratiya anlayışının nədən ibarət olduğunun bir göstəricisidir”.
Tarix: 8-01-2022, 09:58
Xəbəri paylaş





Xəbər lenti