Türkmən taxt-tacına bu sözlə gəlir: “Boynunu qıraram...”


 
 

Rusiya nəşri: “Kiçik Berdiməhəmmədov  işçilərə onunla görüşməyi qadağan edib; dəhlizlə gedəndə isə heç kim kabinetindən çıxa bilməz...”

 
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov səlahiyyət müddətinin bitməsinə 2 il qalmış ölkədə növbədənkənar prezident seçkiləri elan etdiyi barədə xəbər vermişdik. Yada salaq ki, Q.Bediməhəmmədov parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin xüsusi sessiyasındakı çıxışında yeni prezident seçkilərini “özü haqqında çətin qərar” kimi izah edib.
Onun açıqlamasından məlum olub ki, prezident postundan vaxtından əvvəl çəkilməsində məqsədi gənc liderlərin hakimiyyətə yolunu açmaqdır. Siyasətçi onu da bildirib ki, bundan sonrakı fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirməyə qərar verib.  
Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. Onun yeganə oğlu 40 yaşlı Sərdar Berdiməhəmmədovun varisi kimi hazırlaması ilə bağlı çoxsaylı iddialar var. Türkmənistan liderinin oğlu Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdımuxammedov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri vəzifələrində işləyib ,hazırda isə baş nazirin müavinidir.

Rusiyanın “Novaya qazeta”nəşri yazır ki, Türkmənistan uzun müddətdir ərzaq böhranı yaşayır. İrandan narkotik alveri getdikcə artır, Əfqanıstanın “Taliban” hərəkatı getdikcə ölkə üçün ciddi təhlükəyə çevrilir. “Belə bir şəraitdə Berdiməhəmmədovun vəzifədən getməsi Asiya liderlərinin klassik hiyləsi kimi görünür. Çünki oxşar addımı 2019-cu ildə Qazaxıstanda Nazarbayev də etmişdi. Berdiməhəmmədov prezidentlikdən gedir, amma “taxt” yenidən ailədə qalır. Berdiməhəmmədov parlamentdəki çıxışında “gənc liderlərin yolunu açmaq lazımdır” dedikdə məhz oğlu Sərdarı nəzərdə tuturdu. Onun 40 yaşı var və konstitusiyaya görə o, artıq prezident olmaq hüququna malikdir. Bunun üçün onun artıq təcrübəsi də var, prezidentlikdən başqa bütün digər vəzifələri tutub” deyə, nəşr yazır. 

Rusiya nəşri qeyd edir ki, Berdiməhəmmədov sülaləsinin Qazaxıstandakı yanvar hadisələrindən sonra hakimiyyəti ötürmək planından imtina etməməsi maraq doğurur. “Berdiməhəmmədov çətin ki, eyni etiraz cəhdindən qorxsun – çünki Türkmənistanda sadəcə olaraq, etiraz edəcək kimsə yoxdur, baxmayaraq ki, yanvar ayında ölkədə təhlükəsizlik tədbirləri kəskin şəkildə artırılıb. Bütün ölkənin indi arxalandığı yeganə təbii sərvət qaz ehtiyatlarıdır. İqtisadiyyatdakı problemlərin dərəcəsi isə elədir ki, hətta Aleksandr Lukaşenko da “iqtisadi problemlər üzündən” Türkmənistanın tezliklə İttifaq dövlətinə qoşulacağına dair bəyanatlar verməyə cəsarətlənib” deyə, nəşr qeyd edir.
Bildirilir ki, Sərdar Berdiməhəmmədov Cenevrədə qısa müddət yaşasa da, hazırda vaxtının çox hissəsini Türkmənistanda keçirir. Onun da varislərə xas “xüsusiyyətləri” var. “Deyirlər ki, kiçik Berdiməhəmmədov Axal vilayətində işlədiyi zaman yolda işçilərə onunla görüşməyi qadağan edibmiş.  O, dəhlizlə gedəndə işçilərə ümumiyyətlə, kabinetdən çıxmağa icazə verilmirdi. Onun tabeliyində olanlarla dialoqda sevimli ifadəsi “Boynumu qıraram” idi. Belə bir liderlə ölkə “gözlənilməz gələcəyə” açıqdır”,- deyə “Novaya vremya” yazır.

Musavat.com  
Tarix: 13-02-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti