Müəllimlər evlərindən məktəbə hər gün odun daşıyır... - Qaradağlı kənd Uşaq Musiqi Məktəbindən biabırçı görüntülər / VİDEO, FOTO


16 müəllimin 1 yararsız qarmonu var...
Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Qaradağlı kənd uşaq musiqi məktəbinin müəllimləri Abbasov Şahbaz Vəliyəddin oğlu, Rüstəmov Vüsal Qardaşxan oğlu, Əmrahov Orxan Xosrov oğlu, Bayramov Sadiq Kamil oğlu, Vəliyev Zamin Kərəm oğlu,Ələsgərova Əsmər Mahir qızı , Bayramov Rafiq Kamil oğlu və Əliyeva Sevinc Ənvər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 
Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş nazir Əli Əsədova, Baş porokuror Kamran Əliyəvə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıblar. Həmin məktubu olduğu kimi dərc edirik:
“Yazıb bildirmək istəyirik ki, Qaradağlı kənd Uşaq Musiqi Məktəbində bəzi müəllimlərin haqqı tapdalanır. Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov məktəbimizdə müəllim və kənd camaatının etirazına baxmayaraq, Qarayev Fəqani Elbrus oğlunu direktor əvəzi  kimi təyin edib.
Qeyd edək ki, məktəbimizdə dərs keçməyə yararlı musiqi aləti yoxdur. 16 qarmon müəlliminin bir yararsız qarmonu var. Oturmağa isə yararlı stol, stul yoxdur. İstilik sistemi bərbad haldadır. 
20 sinifə qarşılıq direktorun otağında, bir də onu dəstəkləyən müəllimlərin sinifində salyarka peçi, qalan siniflərdə isə odun peçi yanır. Müəllimlər evlərindən odun gətirib yandırır. Yarı sinifin müəllimləri isə isidici gətirib, sinif otaqlarını  qızdırırlar. Demək olar ki, hər an yanğın hadisəsi baş verə bilər. Bir sözlə, dözülməz halda çalışırıq.
Direktor dərs saatlarını isə özünün yaxın adamlarına, onu dəstəkləyən müəllimlərə verir. Hərəsinə 20-24, hətta 30 saat dərs verir. Qalan müəllimlərə isə 7-10 saat dərs yazılır. Deyirik ki, bu nə ədalətsiz bölgüdür, biz cənab Prezidentə, Mədəniyyət Nazirliyinə şikayət edəcəyik. Deyir ki, hara şikayət edirsiniz edin, məni bura Qalib müəllim təyin edib, o, kimə deyirsə, dərsi də ona verirəm, onun dediyini edirəm.
Biz artıq direktorun əlindən cana doymuşuq. Hər gün direktor tərəfindən hədə-qorxulara məruz qalırıq. Dərdimizi kimə deyək, bilmirik. Şikayət etmədiyimiz orqan və təşkilatlar qalmayıb”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Araşdırıb, məlumat verəcəklərini bildirdilər.
Aynurə İSMAYIL
Hurriyyet.az

Müəllimlər evlərindən məktəbə hər gün odun daşıyır... - Qaradağlı kənd Uşaq Musiqi Məktəbindən biabırçı görüntülər / VİDEO, FOTO






 

Tarix: Dünən, 22:33
Xəbəri paylaş





Xəbər lenti