Separatçı “respublikaların” tanınmasına hazırlıq görülür?

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi fevralın 14-də qondarma Donetsk və Luqansk “xalq respublikalarının” (DXR və LXR) tanınması üçün Rusiya prezidentinə müraciətin iki variantını bəyənib.
Bu barədə məlumatı Dumadakı mənbələrə istinadən dövlət TASS xəbər agentliyi yayıb.
Həmin mənbə bildirib ki, qətnamə layihələrindən birini Rusiya Federasiyasiyasının Kommunist Partiyası (RFKP), ikincisini isə sözü gedən komitənin sədrinin birinci müavini və müavini Viktor Vodolatski və Artyom Turov təqdim etmişdilər. Onların hər ikisi hakim Vahid Rusiya fraksiyasındandır.
Mənbə bildirib ki, müraciətin ikinci variantında Rusiya prezidentinə bu separatçı bölgələrin müstəqilliklərinin tanınması üçün çağırış edilir.
Lakin bu da qeyd olunur ki, bundan əvvəl belə bir aktın Minsk razılaşmalarına və beynəlxalq müqavilələrə uyğunluğu barədə XİN-lə məsələhətləşmələr aparılması təklif olunur.
İki qərar
Mənbə bildirib ki, qətnamənin iki variantının hər birinə komitənin üç üzvü səs verib.
O bildirib ki, bu məsələ fevralın 14-də Duma Şurasına çıxarılıb və artıq sabah fevralın 15-də sənədlərin müzakirəsinə başlana bilər.
Layihənin müəlliflərindən biri – Viktor Vodolatski TASS agentliyinə deyib ki, əgər Dövlət Duması hakim Vahid Rusiya fraksiyası və kommunistlər tərəfindən təqdim olunmuş qərarları qəbul etsə, sənədlər Rusiya prezidentinin administrasiyasına göndəriləcək.
Onun sözlərinə görə administrasiya sənədləri baş hüquq idarəsinə göndərməlidir.
Oradan isə sənədlər Rusiya Xarici İşlər Nazirliyinə göndəriləcək.
Putinin işini asanlaşdırmaq üçün
Deputat izah edib ki, bu qərarlar Donbasın separatçıların nəzarətində olan hissələrinin müstəqilliyinin tanınmasını prezident üçün texniki baxımdan asanlaşdıracaq.
TASS xəbər verir ki, qərar layihəsi artıq Dumanın elektron bazasında qeydiyyatdan keçirilib.
Vodolatski bildirib ki, iki layihədən hansına Dövlət Dumasında daha çox səs verilərsə, prezidentə də o variant göndəriləcək.
Hələ bundan əvvəl yanvarın 19-da RFKP-nin Duma fraksiyası onun lideri Gennadi Zyuqanov başda olmaqla Dumaya “DXR” və “LXR”-in tanınması ricası ilə Rusiya prezidenti Vladimir Putinə müraciətin layihəsini təqdim etmişdi.
Sənəddə deyilirdi ki, qondarma vahidlərin tanınması “mənəvi baxımdan tamamilə əsaslıdır”.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin demişdi ki, Duma Şurası bu layihələri elə fevralın 14-də müzakirə edəcək və sənədlərin Duma debatlarına çıxarılıb-çıxarılmaması barədə qərar qəbul edəcək.
Azadlıq radiosu
Tarix: 15-02-2022, 22:07
Xəbəri paylaş





Xəbər lenti