Aclıq əfqanları böyrəklərini satmağa vadar edir

Yanvar ayında Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan üçün ən böyük – 4,5 milyard dollar məbləğində yardımın ayrılması haqda müraciət edib. Taliban altı ay əvvəl ölkəni ələ keçirdikdən sonra sanksiyalarla birlikdə xarici yardımın geri çəkilməsi iqtisadiyyata dağıdıcı təsir göstərib. Aclıq insanları hədsiz tədbirlər görməyə vadar edib.
Fəriba indi yalnız evin ətrafında yüngül işlər görə bilir. Təxminən iki il əvvəl böyrəyini satdığı üçün onun səhhəti əvvəlki kimi deyil. Onun onsuz da yoxsul ailəsinə son altı ay əlavə ağrılar gətirib.
“Həyat yoldaşım dörd-beş aydır işsizdir. Biz yeddi nəfərik, ailəmizdə yeni körpəmiz var. Biz onu yedizdirə bilmirik. Yeməyə heç nəyimiz yoxdur. İstilik üçün yandırmağa heç nəyimiz yoxdur. Uşaqlarım xəstədir”.
Taliban Əfqanıstanı ələ keçirməzdən əvvəl onun əri gündəlik fəhlə işləyirdi və gündə 3 dollardan az qazanırdı. O vaxtdan bəri nə iş var, nə də gəlir. O, böyrəyi üçün təxminən 2000 dollar alıb. Amma pullar ailənin topladığı borclara gedib.
Onun məhəlləsində bu, normal hal kimi görünür. Bütün bu kişilər və kamera qarşısına keçmək istəməyən qadınların çoxu böyrəklərini satıb. Bir adam Amerikanın Səsinə deyib ki, beş qardaşının hər biri bunu edib.
Bir neçə kilometr uzaqlıqdakı düşərgədə Allah Nəzər də üç ay əvvəl böyrəyini satmağa məcbur olub. Bu videoda görünən bütün digər kişilər də eyni işi görüb.
“Hökumət dəyişikliyindən sonra hər şey çox bahalaşdı. Ölkəni tərk etmək istəyirdik, amma bacarmadıq. Ona görə də böyrəyimi satmalı oldum”.
Əvvəllər ferması və heyvanları olan bu şəxsin müharibə zamanı hər şeyi məhv edilib. O, evlərindən didərgin düşmüş 9 milyon əfqandan biridir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Əfqanıstan əhalisinin yarısı kəskin aclıqla üzləşib. İnsanlar çıxılmaz tədbirlər görməyə məcburdurlar. Zeynullah təxminən ay yarım əvvəl böyrəyini satıb.
“Ailəmi dolandırmaq üçün pul lazım olduğu üçün insanlardan borc aldım. Amma hətta qardaşım mənə pul verməyi dayandırdı, çünki hər kəsin öz ehtiyacı var. …Ailəmin yeməyə ehtiyacı var, bir paket buğda indi 20 dollardır. Ailəmi dolandıra bilmədim. Beləliklə, uşaqlarım ac olduğundan bədənimi qurban verdim”.
Fəribanın evinə qayıtdıqda isə vəziyyət günü-gündən daha dəhşətli görünür. Ailə axşam və səhər yeməyi üçün adi düyü yeyir. Heç bir kömək görmədiyi üçün indi o, üç qızından ən kiçiyini satmağı düşünür.
Amerikanın səsi
Tarix: 15-02-2022, 22:14
Xəbəri paylaş





Xəbər lenti