Lokal döyüş ANONSU: Kiyev bu əraziləri itirə bilər

Lokal döyüş ANONSU: Kiyev bu əraziləri itirə bilər
“Qərb son hadisələrin gedişində Ukraynanı Rusiya qarşısında tək qoymayıb. “Tək qoyub” yanaşması düzgün deyil. Qərb diplomatik baxımdan Ukraynaya ən yüksək səviyyədə dəstək verir. Aparıcı Avropa ölkələrinin başçıları, xarici işlər nazirləri, ABŞ-ın dövlət başçısı da bu prosesdə çox fəal iştirak edirlər. Ona görə də Ukrayna Rusiya qarşısında tək qalmayıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ukrayna və Rusiya arasındakı müharibə ehtimalını qiymətləndirərkən deyib.
Deputatın fikrincə, Ukrayna 8 il ərzində almadığı silahları son bir neçə ayda ABŞ-dan və digər Avropa ölkələrindən tədarük edib:
“Bu baxımdan Kiyev heç də Moskva qarşısında təklənməyib. Sadəcə olaraq heç kəs Avropa qitəsində böyük müharibəni istəmir. Bu nöqteyi-nəzərdən, Rusiyanı Ukraynaya qarşı sərt addımlardan yayındırmaq istəyi var. Digər tərəfdən, Ukraynaya da tövsiyə edirlər ki, Kiyev müharibə ehtimalını aşağı salmaq üçün müəyyən addımlar atsın. Düşünürəm ki, bütün Ukrayna sərhədlərini əhatə edəcək böyük müharibə gözlənilmir. Əslində bu, olmamalı idi. Rusiyanın sərhədə topladığı birləşmələr Ukraynaya zərbə endirmək üçün kifayətdir. Ancaq Ukraynanı işğal etmək üçün kifayət deyil”.
Rasim Musabəyov hesab edir ki, ona görə də lokal döyüşlər gözləmək olar, amma bu, böyük müharibəyə gətirib çıxarmayacaq:
“Krımı Azov dənizi ilə birləşdirən sahilləri ələ keçirmək, Dneprdə su anbarı var - oradan Krıma su gəlirdi, Ukrayna onu bağlayıb - oraya çıxış əldə edərək yenidən Krımın su ilə təmin olunması üçün lokal əməliyyatlar mümkündür. Mən bunları istisna etmirəm. Rusiya anlayır ki, kiçik hərbi müdaxilələr də sərt sanksiyalarla müşahidə olunacaq. Düşünürəm ki, hər hansı fövqəladə hal baş verməsə, Rusiya bu addımları da atmayacaq. Kreml Ukrayna sərhədlərinə topladığı hərbçilərindən daha çox təzyiq vasitəsi kimi istifadə etdi. Ola bilsin ki, Krımın işğalını yaddan çıxarmaq, Belarusu öz tərkibinə qatmaq niyyətini gerçəkləşdirmək və bütün bunları kölgədə saxlamaq üçün Rusiya bu cür gedişlər həyata keçirdi”.
Tarix: 16-02-2022, 21:10
Xəbəri paylaş





Xəbər lenti