Baydendən demokratiya xəbərdarlığı

ABŞ Prezidenti Co Bayden (Joe Biden) noyabrın 2-də gecə çıxışında demokratiyanın təhlükədə olmasıyla bağlı xəbərdarlıq edib. O, amerikalıları gələn həftə Konqresə aralıq seçkilərdə yalanlara, zorakılığa, təhlükəli “ultra MAGA” seçki pozucularına qarşı dayanmağa çağırıb. Prezidentin sözlərinə görə, sonuncular 2020-ci il seçkilərini poza bilməyiblər, indi “buna nail olmağa” çalışırlar.
Kənara çəkilmək vaxtı deyil, prezident deyib: “Sükut əlbirlik deməkdir”.

“Ultra MAGA”

“The Associated Press” prezidentin son həftələr Amerika iqtisadiyyatı və inflyasiya haqda inandırıcı çıxışlar etdiyini, dünən isə daha qaranlıq və təcili mesaj səsləndirdiyini yazır. Prezident elan edib ki, ölkənin idarəçilik sistemi keçmiş prezidenti Donald Trampın (Donald Trump) seçkini inkar edən yalanları, Baydenin təbirincə, onların ilhamlandırdığı zorakılığın təhdidi altındadır.
Bayden “ultra MAGA” respublikaçılarını xüsusi qeyd edib, onları respublikaçı partiyasında azlıq, amma “hərəkətverici qüvvə” adlandırıb. “MAGA” Trampın “Make America Great Again” (Amerikanı yenidən böyük edək) devizinə işarədir.
Bayden ötən cümə günü Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin (Nancy Pelosi) həyat yoldaşına hücuma toxunaraq deyib ki, Trampın oğurlanmış seçki haqda saxta iddiaları “son iki ildə siyasi zorakılığın təhlükəli yüksəlişi və seçicilərin qorxudulmasını alovlandırıb”.
“Bu ölkədə siyasi zorakılıqla barışan və sadəcə sakit dayanan adamların sayı təhlükəli şəkildə artır. İliyimizə qədər bilirik ki, demokratiyaya risk var, amma onu da bilirik ki, demokratiyamızı qorumaq gücümüz daxilindədir”, – Bayden vurğulayıb.

Xaosa aparan yol

Prezident 2020-ci il prezident seçkisinin nəticələrini rədd edən, indi də qarşıdan gələn aralıq seçkinin nəticələrini qəbul etməyəcəyini deyən yüzlərlə namizədlə bağlı deyib:
“Bu aparıcı qüvvə 2020-ci ildə seçicilərin hüquqlarını, seçki sisteminin özünü poza bilmədilər, indi buna nail olmağa çalışırlar”.
“Bu, Amerikada xaosa aparan yoldur. Bu, görünməmiş hadisədir, qanunsuzdur, qeyri-amerikandır”, – Bayden vurğulayıb.
Azadlıq radiosu
Tarix: 3-11-2022, 22:27
Xəbəri paylaş





Xəbər lenti