Riçard Vaytz: “Putinin məqsədi Rusiyanın hələ də oyunçu olduğunu göstərmək idi”


Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli formatda görüş olub.
Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz müsahibədə görüşdə əldə olunan nəticələrdən, Rusiyanın vasitəçilik səylərindən və İranın Ermənistan ilə Azərbaycan arasında sülhquruculuğu səylərinə mümkün təsirindən danışıb.
Cənab Vaytz, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin həllinə vasitəçilik etmək məqsədilə oktyabrın 31-də Ermənistan və Azərbaycan liderlərini qəbul edib. Lakin görüşdə heç bir ciddi irəliləyiş əldə olunmayıb. Bu nəticə gözlənilən idimi?
Görüşün məqsədinin Putinin hələ də aktiv olduğunu göstərməkdən başqa nə olduğu bəlli deyildi. Məncə onun narahatlığına səbəb, əlbəttə ki, Qərb hökumətlərinin, mənim fikrimcə, bir müddətdir münaqişəyə etinasızlıq göstərməsindən sonra münaqişənin həllinə daha çox maraq göstərməsidir. Məncə, onun məqsədi Rusiyanın hələ də oyunçu olduğunu göstərmək idi və o buna nail oldu. Amma görüşün baş tutmasından savayı nəzərəçarpan konkret nəticələr olmadı.
Bir çox ekspertlər deyirlər ki, Putinin ev sahibliyi ilə baş tutan etdiyi danışıqlar, ABŞ və Aİ-nin getdikcə daha aktiv rol alan vasitəçilik səyləri fonunda Kremlin regionda təsirini gücləndirmək cəhdini əks etdirir. Buna münasibətiniz necədir? Rusiya Ermənistanla Azərbaycan arasında sülhün yaradılması səylərində hələ də rol oynaya bilərmi? Qərb Rusiyanın Ukraynaya müdaxiləsini nəzərə alaraq, tərəflər arasında sülh sazişinin əldə edilməsində vasitəçilik etməsinə nə dərəcədə razıdır?
Deməli, biz istəsək də, istəməsək də, Rusiya Azərbaycanla Ermənistan arasında bu münaqişədə mühüm oyunçu olacaq. Eyni şeyi Türkiyə üçün də deyərdim. Ola bilsin ki, İran və ideal olaraq Qərb dövlətləri də cəlb oluna bilərlər. Bu, keçmişdə Qərb-Rusiya əməkdaşlığının şahidi olduğumuz məsələdir. Fikrimcə, son iki ildə Rusiya Qərbi sıxışdırmağa çalışdı, özünün sülhməramlı qüvvələri və vasitəçiliyi ilə məsuliyyəti öz üzərinə götürməyə və, hesab edirəm ki, hər iki ölkədə öz təsir dairəsini artırmaq üçün vasitəçi olmağa çalışdı.
İndi Ukraynaya qarşı müharibəsi səbəbilə Rusiya-Qərb münasibətləri daha da pisdir. Amma Rusiyanın əslində bu mübahisəni təkbaşına həll etməyə gücü və ya niyyəti yoxdur, məncə. Və mən son vaxtlar baş verən döyüşlərin bir hissəsini həm Rusiyanın təsirinin zəifləməsi, həm də ən azından Azərbaycanın digər tərəfdaşlarla əlaqə saxlamaq və onları bu münaqişəyə cəlb etmək istəyi ilə əlaqədar olduğunu düşünürəm. Prinsipcə, siz Rusiya və Qərbin bu sahədə əməkdaşlığını onların fikirlərinin üst-üstə düşə biləcəyi bir neçə məsələdən biri kimi görə bilərsiniz. Amma düşünürəm ki, praktikada bu, ayrı-ayrı müstəqil sülhquruculuq səyləri olacaq.
İki ölkə liderlərinin istər Aİ Şurasının sədri Şarl Mişel, istərsə də Rusiya Prezidenti Vladimir Putinlə son görüşlərini nəzərə alsaq, belə görünür ki, tərəflərin yaxın gələcəkdə sülh razılaşmasına nail ola biləcəyinə bir növ ümid var. Baxmayaraq ki, Soçi görüşündə bu baş vermədi, tərəflərin ilin sonuna qədər sülh razılaşmasına nail olmaq istəyini necə qiymətləndirirsiniz?
Məncə, fundamental fikir ayrılıqları qalmaqda davam edir və onlar asanlıqla güzəştə getmirlər. Odur ki, Azərbaycan Azərbaycana məxsus olduğuna inandığı bütün ərazilərə nəzarəti bərpa etmək və köçkünləri bölgəyə qaytarmaq və bəlkə də bir növ bufer ərazi yaratmaq istəyir.
Ermənistan rəhbərliyi isə ikiyə bölünüb, lakin əksəriyyət ən azından qədim erməni torpaqları hesab etdikləri əraziyə nəzarəti saxlamaq istəyir. Və bu dəyişməyib. Beləliklə, siz atəşkəs əldə edə bilərsiniz, müvəqqəti sülh əldə edə bilərsiniz, ancaq vəziyyət Rusiya və Ukrayna kimi olacaq. Belə ki, 2014-cü ildə olduğu kimi müvəqqəti sülh və Minsk razılaşması kimi bəzi razılaşmalar əldə edə bilərlər, amma ardınca asanlıqla aralarında növbəti döyüş ola bilər. Və bu da məyusedicidir. Buna görə də, məncə, bəzi insanlar ümid edirdilər ki elə bir iqtisadi paket təklif edilsin ki, onunla hər iki ölkə döyüşlərə son qoyulması, əməkdaşlıq, regional inteqrasiya və Ermənistan və Türkiyə arasında barışıq yolu ilə daha yaxşı vəziyyətdə olduqlarını hiss etsin və o həmçinin Rusiya və İranın və potensial xarici tərəfdarşların təsirini məhdudlaşdırsın. Amma belə görünür bu proses dayanıb.
İyul ayında İranın ali dini lideri Ayətullah Əli Xamenei Azərbaycanın irəli sürdüyü və Naxçıvanı Ermənistanın İranla həmsərhəd olan Sünik vilayətinin ərazisindən keçərək Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat dəhlizi “Zəngəzur dəhlizi” ilə bağlı narahatlığını ifadə edib. Xamenei bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq. Ermənistan-Azərbaycan sülh sazişinin gələcəyində İranın rolunu necə görürsünüz?
Bəli, İranın bu bölgədəki fəaliyyəti zaman keçdikcə zəifləyib. Onlar bəlkə də on il əvvəl Azərbaycana çox düşmən münasibət bəsləyirdilər. Deyəsən, bu azalıb. Amma biz indi İran hökumətinin daha sərt xətt tərəfdarı olduğunu, öz milli maraqları kimi gördüyü şeylərdə daha israrlı olduğunu görürük.
Və buna görə də düşünürəm ki, İran yenidən dağıdıcı oyunçuya çevrilə bilər, xüsusən də iranlıların indi Rusiya ilə Ukraynada Rusiya ilə indi etdiklərini etsələr və Azərbaycanın Türkiyədən aldığı pilotsuz təyyarələri balanslaşdırmaq üçün erməniləri dronlarla təmin etməyə başlasalar. Beləliklə, düşünürəm ki, İran daha çox bölücü gücə çevrilə bilər. Hələlik məncə, onlar diqqəti ölkə daxilindəki etirazlara və s. yönəldiblər. Ancaq onların şimala daha böyük təsir göstərmək istəkləri artsa, təəccüblənmərəm. Və bu xüsusilə də etirazlar, keçmişdə olduğu kimi, İranın azərbaycanlı əhalisi arasında yayılsa, doğru ola bilər.
Amerikanın səsi
Tarix: 4-11-2022, 08:25
Xəbəri paylaş





Xəbər lenti