Dron skandalı və İran diplomatiyasının iç üzü: "verməmişik" deyən nazir bu gün "vermişik" dedi...


 
Oktyabrda İranın xarici işlər naziri rəsmən bəyan etmişdi ki, İran Rusiyaya dron verməyib. Mabədində isə iddia etmişdi ki, rusların Ukrayna xalqına qarşı istifadə etdiyi dronlar bizim deyil.
Musavat.com yada salır ki, o zaman Zelenski İranı açıq yalançılıqda ittiham etdi və dedi ki, İran rəhbərləri öz ictimaiyyətinə də, dünyaya da yalan danışır.
İndi İranın elə həmin xarici işlər naziri Abdullayian ilk dəfə bu gün etiraf edib ki, "bəli, ruslara dron vermişik".
Deyəsən, İran siyasətçiləri elə bilir, diplomatiya məharəti açıq-aşkar yalan söyləmək, riyakarlıq, ikiüzlülük və fırıldaqdır. Molla rejiminin indiyə qədər apardığı siyasət, göstərdiyi davranış məhz bu kriteriyalar üzrə davam etməkdədir.
İranın "molla rejimi" Azərbaycana qarşı da bu cür siyasətindən əl çəkmir. Elə son 2 il ərzində onların bəyanatlari, davranışları buna nümunədir və yalan, riyakarlıq üzərində qurulub.
Onu da yada salaq ki, İkinci Qarabağ savaşı zamanı İranın "molla rejimi" ermənilərə də gizlincə silah ötürürdü. Bunu boyunlarına almasalar da, silahların ötürülməsi ilə bağlı kəşfiyyat videoları, fotoları yayılmışdı. Azərbaycanın Qarabağda qazandığı zəfərdən sonra İran diplomatiyası müsəlman azərbaycanlıların deyil, İslam, din, insanlıq düşməni ermənilərə tərəfdir. İran bütün gücü ilə Azərbaycan-Ermənistan münaqişəsində ikinci tərəfi dəstəkləməkdə, rəsmi Bakının üzərinə təhdid yağdırmaqdadır.
"Molla rejimi" doğrudan yana olmaq istəmir və bu siyasət də onun özünə balta çalır. Necə ki bu gün İranın daxilində aksiyalar, narazılıqlar səngimir və daha da artır.
Bütün bunlar İran diplomatiyasının iç üzünü göstərir.
Tarix: 5-11-2022, 16:50
Xəbəri paylaş





Xəbər lenti