İranda sabiq nazir müavini hökumətə qarşı: "Cəzalandırılsınlar"


İranın daxili işlər nazirinin keçmiş müavini Mustafa Taczadə 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı keçirilən aksiyalara hökumət qüvvələrinin zorakı müdaxiləsini pisləyib.

 Mustafa Taczadə xüsusilə ölkənin Kürdüstan, Sistan və Bəlucistan vilayətlərində baş verənlərə diqqət çəkib. 

"Təəssüflə qeyd etməliyəm ki, son iki ayda baş verən etirazlarda ən böyük haqsızlıq Sistan və Bəlucistanın möhtərəm xalqına edilib. Bəluc və sistanlı soydaşlarımızı dəstəkləyir, yaralananlara şəfa diləyir, ölənlərin isə ailələrinə başsağlığı verirəm. Onlara qarşı zorakılığı pisləyirəm”, deyə Mustafa Taczadə bildirib.

Keçmiş nazir müavini etirazçılara atəş açan "cinayətkar hərbçilər və ölkə rəsmiləri”nin mühakimə olunmasını tələb edib. 

Mustafa Taczadə Prezident Məhəmməd Xatəminin dövründə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyununda - prezident seçkilərindən sonra seçki saxtakarlığına qarşı keçirilən aksiyaların təşkilində ittiham edilərək həbs olunub. Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən "milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə” və "rejim əleyhinə təbliğat aparmaq”da təqsirli bilinərək 6 il həbs cəzasına məhkum edilən Taczadə 2016-cı ilə qədər "Evin” həbsxanasında həbsxanasında saxlanılıb. 2014-cü ildə həbsdə olarkən yeni ittihamlarla üzləşib və cəzası daha bir il artırılıb.

Keçmiş nazir 2021-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürsə də, Konstitusiyaya Nəzarət Şurası tərəfindən seçki marafonundan kənarlaşdırlıb. Mustafa Taczadə İranın Ali rəhbəri Seyid Əli Xameneyinin tənqidçisi kimi tanınır. 

Qeyd edək ki, sentyabrın 13-də İranda 22 yaşlı Məhsa Əmin hicab qanunu pozması ittihamı ilə saxlanılıb. Sentyabrın 16-da onun polis bölməsində öldüyü barədə məlumat yayılıb. Bu olay İranda etirazların baş qaldırmasına səbəb olub. İranlı fəallar hesab edir ki, Məhsa Əmin polis bölməsində döyülərək öldürülüb. 

İran hökuməti aksiyalarda "xarici qüvvə” izi axtarsa da, proseslər göstərir ki, xalq artıq 44 illik sistemdən bezib. Aksiyalarda hökumətin istefası və teokratik rejimə son verilməsini tələb edir. 

Norveçdə yelrəşən İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, etirazların başladığı gündən indiyə qədər təhlükəsizlik qüvvələri tərəfindən 43-ü uşaq, 25-i qadın olmaqla, azı 326 nəfər öldürülüb.

Ən dəhşətli qətliam Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərində baş verib. Cümə namazına basqın edən təhlükəsizlik qüvvələrinin 100-dən çox insanı öldürdüyü bildirilir.
Qaynar.info
Tarix: 14-11-2022, 14:44
Xəbəri paylaş





Xəbər lenti