“Bir-iki eskadron F-35 bu müharibəni bitirə bilərdi " - “Bu, Putin üçün əsl sürpriz idi”



“NATO sərhədlərində müharibə gedirsə, hər zaman insident təhlükəsi olacaq. Məncə, bu, Ukraynaya dəstək toplamağa kömək edir. …Ölkələr Ukraynaya daha çox silahla və iqtisadi dəstək vermək istəyirlər. Mənə qalarsa, lap əvvəldən dəstək yetərincə olmayıb. Mən hətta fevralın 24-dən sonra General Filip Bridlav (keçmiş yüksək rütbəli NATO komandanı) və bəzi başqa generallarla birlikdə NATO-ya məktub da yazdım. Dedim ki, biz Ukrayna üzərində hava üstünlüyü yaratmalıyıq. Bu, NATO tərəfindən qəbul edilmədi. Bunun NATO, yoxsa NATO ölkələri tərəfindən edilməsinin əhəmiyyəti yoxdur. Mənə elə gəlir ki, onlar hələ də Ukrayna üzərindəki hava sahəsinə nəzarət etməlidirlər”.
“AzPolitika.info” xəbər verir ki, 2011-2018-ci illərdə Estoniya Müdafiə Qüvvələrinin komandanı olmuş Riho Terras “Azadlıq” radiosunu gürcü xidmətinə müsahibəsində bildirib.
General vurğulayıb ki, ABŞ, əgər istəsə, müharibəni çox tez bitirə bilər: “Rusiya müharibənin arxasında NATO-nun durduğunu deyir, ancaq NATO hələ gəlib çıxmayıb və onlar artıq uduzurlar. Məncə, bir-iki eskadron F-35 bu müharibəni bitirə bilərdi. Əlbəttə, mən mümkün nüvə təhlükəsini anlayıram. … Ancaq Çinin Rusiyanın nüvə silahı işlətməsini istəməməsi haqda dəyərləndirməylə razıyam. Çünki Çin üçün hazırkı durum, əslində, mümkün ən yaxşı vəziyyətdir. Onlar bu müharibədən pul qazana bilirlər, ancaq nüvə münaqişəsi istəməzdilər. Çünki Çin təkcə nüvə arsenalı üzrə dünya gücü sayılmır. Beləliklə də onlar kiçik qardaş olmaq istəmirlər və Çin, ya da heç olmasa, onun neytral qalması Rusiyaya lazımdır. Buna görə də ruslar üçün Çinin tərəf tutmaması vacibdir. … Nüvə münaqişəsi ehtimalının olduğunu düşünmürəm. Ancaq Rusiyanın bu dəli hökuməti ilə həmişə bir qədər ehtimal var”.
Rusiyanın NATO ərazisinə hücum etməsi ehtimalı haqda suala cavab verən Terras belə deyib: “Rusiyanın beş fərqli istiqamətdən Ukraynaya hücum edəcək qədər intihara meylli olduğunu da heç kim düşünmürdü. Rusiyanın bəlkə şərqi Ukraynadan, bəlkə Xersondan içəri girə biləcəyinə inananlar var idi. Ancaq adamlar – yəni oxuya, yaza və hesablaya bilən hər kəs tamamilə əmin idilər ki, Rusiya Kiyevə hücum etməyəcək. Ancaq etdi. Beləliklə, sual odur ki, onlar nə qədər uzağa gedəcəklər. Çünki məntiqlə, əgər siz hücum edən Rusiya qüvvələrinin halına baxsaydınız, istənilən hərbi təhlilçi deyərdi: “Məntiqli deyil, mümkün deyil, Rusiya bunu etməyəcək”. Ancaq etdi”.
Terras yada salır ki, Rusiya ukraynalıların “azad olunmalarını” bayram etməyə hazır olmasının xəyalını qurmuşdu: “Putinin ətrafındakı FSB xuntası …elə bir oyun oynadı ki, guya ukraynalılar Rusiya qüvvələrinin onları azad etməsini arzulayır. Kiyevdə buna bənzər bir şeyin baş vermədiyini görəndə isə çox təəccübləndilər. …Bu, Putin üçün əsl sürpriz idi. Məndə tez-tez belə bir hiss yaranır ki, onlar Putinə real təhlillər vermirlər. Onlar ona yarınmağa və təhlillərin onun ideyalarını dəstəkləməsinə çalışırlar. Əlbəttə, bu da çaşdırıcıdır və bu gün Ukrayna ordusunun hətta Rusiya ordusu ilə müqayisədə Avropanın ən güclü ordusu olduğunu görürük. Ona görə də Ukrayna ordusunu döyüş tank və təyyarələri kimi hücum silahları ilə təchiz etməliyik ki, ərazilərini işğaldan azad edə bilsinlər”.
Ukraynanın qələbə qazanacağına əmin olan Terras bunun necə baş verəcəyi haqda da danışıb: “…Düşünürəm ki, növbəti məqsəd Melitopol (Rusiyanın nəzarətində olan Zaporojye regionunun ikinci ən böyük şəhəri) olmalıdır və ya ola bilər. İkincisi, ukraynalılar vilayət mərkəzlərini və məncə, Donetsk və Luhanskı götürə bilərlər. Xüsusilə də Donetsk yaxşı qələbə olardı. Bu onlar üçün yeni bir Xerson, fevralın 24-dək mövcud sərhəddən də o yana getmək demək olardı. Bu "Biz təkcə fevraldan bəri bizdən alınanları götürməyəcəyik, bununla kifayətlənməyəcəyik. Hər şeyi geri almaq istəyirik” mesajı verərdi”.
Tarix: 29-11-2022, 22:35
Xəbəri paylaş





Xəbər lenti