KREMLDƏ SENSASİYALI GİZLİ GÖRÜŞ – Putin müharibənin qatı əleyhdarı Yavlinski ilə nə barədə danışıb?


“”Yabloko” partiyasının qurucusu Qriqori Yavlinski oktyabrın 26-na keçən gecə Vladimir Putinlə görüşüb”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, “Yabloko” partiyasının yayımladığı rəsmi press-relizdə belə deyilir.
Partiyanın açıqlamasında qeyd olunur ki, mətbuatın görüşlə bağlı çoxsaylı müraciətləri və sualları olduğu üçün “Yabloko” bu cür rəsmi açıqlama ilə çıxış etməyə məcbur olub. Maraqlıdır ki, Kremlin sözçüsü Dmitri Peskov Putinlə Yavlinskinin görüşü barədə şərh verməkdən imtina edib.
Putinin hansısa müxalifət partiyası liderilə, xüsusilə də açıq şəkildə Ukraynadakı müharibənin əleyhinə çıxan, Kremli buna görə tənqid edən “Yabloko” partiyasının başçısı, olduqca təcrübəli siyasətçi və iqtisadçı sayılan Yavlinski ilə görüşü çox nadir hadisədir. Ona görə də Rusiya mətbuatında bu görüş təəccüblə qarşılanıb. Belə görünür ki, görüşün məxfi keçirilməsi planlaşdırılıb, lakin mətbuat bundan xəbər tutub. Belə ki, bu barədə ilk olaraq tanınmış rusiyalı jurnalist Andrey Kolesnikov məlumat yayıb: “O, Kremlə oktyabrın 25-i axşam gəlib, heç kimlə danışmadan, tələsik içəri daxil olub, sanki gecikirmiş kimi. Əlbəttə ki, bu, Qriqori Yavlinski idi”.
Qeyd edək ki, Yavlinskinin özü görüş barədə hansısa açıqlama və kifayət qədər aktiv olan öz sosial şəbəkə səhifəsində hər hansı paylaşım etməyib. Xatırladaq ki, rəsmi mənbələrdə olan məlumatlara görə, Yavlinski sonuncu dəfə Putinlə 5 il əvvəl, 2018-ci ildə görüşüb.

“Yabloko” partiyasının oktyabrın 26-na keçən gecə baş tutan görüşlə bağlı rəsmi açıqlamasında deyilir ki, görüşdə əsas mövzu “xüsusi hərbi əməliyyat”ın dayandırılması və atəşkəs elan edilməsinin zəruriliyi olub. Məlumatda qeyd olunur ki, atəşkəs əldə edilməsi Yavlinskinin prinsipial mövqeyidir: “Yavlinski bildirib ki, mümkün qədər tezliklə danışıqlara başlamaq vacibdir və o, şəxsən həmin danışıqlarda iştirak etməyə hazırdır. Yavlinski ətraflı şəkildə öz mövqeyini Putinə izah edib”.
Gələn il keçiriləcək prezident seçkilərinə gəlincə isə, partiyanın açıqlamasında deyilir ki, yalnız vətəndaşlar könüllü olaraq, Yavlinskinin seçkidə iştirakı üçün 10 milyon imza toplayacağı təqdirdə, “Yabloko” sədri seçkiyə qatıla bilər. Əlavə edək ki, Yavlinski indiyə qədər üç dəfə prezidentliyə namizəd olub. Göründüyü kimi, Putin-Yavlinski görüşü kifəyət qədər müəmmalı təsir bağışlayır və burada əsas mövzunun Ukrayna savaşı, yoxsa gələn il keçiriləcək prezident seçkisi olduğunu müəyyənləşdirmək çətindir.
Xatırladaq ki, Yavlinski Rusiyada ən təcrübəli, peşəkar iqtisadçı və siyasətçilərdən biri kimi tanınır. 1990-cı illərdə Rusiya iqtisadiyyatının idarə edilməsində mühüm rol oynayan, bir müddət Baş nazirin müavini vəzifəsini daşımış, sonradan isə Boris Yeltsin və Vladimir Putin hakimiyyətlərinə qarşı müxalifətdə duran Yavlinski Ukraynanın Lvov şəhərində doğulub. Ukraynalılar onu tənqid etsələr də, Yavlinski müharibə başlayan gündən bu əməliyyatı pisləyib, atəşkəs və danışıqlar tərəfdarı kimi çıxış edib. Onun hər zaman Rusiyanın siyasi elitasında xüsusi çəkisi olduğu da məlumdur.
Tarix: 27-10-2023, 21:48
Xəbəri paylaş





Xəbər lenti