PUTİN QƏFLƏTƏN ÖLSƏ, ONU KİM ƏVƏZ EDƏ BİLƏR? – “O, ən yeni tarixin ən biabırçı siyasətçisidir...”


Son günlər Rusiya “Telegram” kanallarında Vladimir Putinin guya öldüyü barədə yayılan məlumatlar Rusiya Prezidentinin doğrudan da “başına iş gələcəyi” və hər hansı səbəbdən hakimiyyətdən gedəcyi təqdirdə, Rusiyanı kimin idarə edəcəyi barədə sualları aktuallaşıb.

“AzPolitika.info” xəbər verir ki, bu mövzuda maraqlı məqalə dərc edən “The Independent” nəşri Putinin yerinə bir neçə şəxsin namizəd ola biləcəyini yazıb. Qəzet hesab edir ki, 1999-cu ildə Rusiyada real hakimiyyəti ələ keçirən Putin “ən yeni tarixin ən biabırçı siyasətçisidir”.
Yazıda qeyd olunur ki, əslində Putinin prezidentlik dövrü gələn il bitir. Lakin konstitusiyaya edilən irticaçı dəyişiklik nəticəsində o, 2036-cı ilə qədər dəfələrlə prezident seçilə bilər.
Bununla yanaşı, Putin qəflətən ölərsə, yaxud istefa verərsə, Rusiya Federasiya Şurası 14 gün ərzində yeni prezident seçkisi elan etməli, seçkiyə qədər isə ölkəyə Baş nazir Mixail Mişustin rəhbərlik etməlidir.

Lakin qəzetə danışan ingiltərəli politoloq, professor Mark Qaleotti hesab edir ki, Mişustin Putinə yaxın siyasi elita üçün arzuolunan fiqur deyil. Ümumiyyətlə, Mişustin bir texnokrat kimi siyasi elitada avtoritet, populyar şəxs hesab edilmir. Professor deyib ki, digər namizəd Dmitri Medvedev öz prezidentliyi dövründə Qərbin nəzərində Putinə nisbətdə daha islahatçı birisi kimi qəbul olunurdu. Lakin xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi dönəmində Putinin kölgəsində qalması və daha çox absurd, qeyri-adekvat açıqlamaları, hətta nüvə silahı təhdidilə gündəmə gəlməsi nəticəsində Medvedevə artıq ciddi fiqur kimi yanaşılmır. Qaleotti hesab edir ki, hər nə qədər Medvedevin adı Putinin ən mümkün varisləri sırasında çəkilsə də, o, Rusiya siyasi elitasını öz ətrafında toplaya biləcək şəxsiyyət deyil.

Daha bir real namizəd kimi Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun adı çəkilir. Putinin ən yaxın ətrafına aid şəxs hesab olunan Kiriyenko prezidentlə gündəlik ünsiyyətdə olmaq imkanına malikdir və onun siyasi elitadakı bütün qüvvələrlə yaxşı münasibətlər qura bildiyi söylənilir. Lakin professor Qaleotti hesab edir ki, Kiriyenko “vitrinə çıxarılacaq lider” roluna uyğun gəlmir və o, “pərdəarxası idarəçi” funksiyasını daşımağa daha çox uyğundur. Müdafiə naziri Sergey Şoyqunun namizədliyi barədə isə ingiltərəli politoloq deyib ki, Ukrayna müharibəsindəki biabırçı uğursuzluqlar onun siyasi karyerasının üzərindən böyük çarpaz xətlər çəkib. Hansı ki, müharibəyə qədər onun populyarlığı qat-qat yüksək idi.

Nəhayət, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun oğlu Dmitri Patruşevin namizədliyinə gəlincə, Qaleotti xatırladıb ki, Patruşev Putinlə “KQB”-də işləyən zamanlardan tanışdır. Hesab olunur ki, məhz 71 yaşlı Nikolay Patruşev Putinin qulaq asdığı olduqca az sayda şəxslərdən biridir. Bu baxımdan Patruşevin oğlu, hazırda Kənd Təsərrüfatı naziri vəzifəsini daşıyan Dmitri Patruşevin namizədliyinə ciddi yanaşılır.
Həmçinin, namizədlər sırasında Moskva meri Sergey Sobyaninin, Prezident Administrasiyasının rəhbəri Dmitri Kozakın, Putinin keçmiş cangüdəni, qubernator Aleksey Dyuminin adları çəkilir. Ancaq Qaleotti hesab edir ki, Putini əvəz edəcək şəxs kimliyindən asılı olmayaraq, ilk növbədə elitada konsalidasiya yarada bilməli, həm texnokratlar, həm də təhlükəsizlik elitası üçün məqbul şəxs olmalıdır: “Düşünürəm ki, Rusiya sistemi(Putinin ölümündən sonra) dərhal, sürətli şəkildə böhrandan çıxacaq və biz Ukraynadakı müharibəyə, Qərblə qarşıdurmaya son qoymağa çalışan yeni elita görəcəyik. Bütün günahlar isə Putinin üzərinə atılacaq və onu bütün bu bəd əməllərə cavabdeh “qurbanlıq keçi” kimi qələmə verəcəklər”.
Tarix: 28-10-2023, 19:31
Xəbəri paylaş





Xəbər lenti