Şoyqu Ukrayna ilə bağlı Qərblə danışıqlara hazır olduğunu açıqladı


Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Rusiya Ukrayna və Qərblə bundan sonra birgəyaşayışla bağlı danışıqlara başlamağa hazırdır.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nazir 10-cu Pekin Syanşan Forumunda çıxışı zamanı bildirib.
“Lazımi şərait yaradılarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də bütövlükdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq”, – Şoyqu bildirib.

Eyni zamanda, o vurğulayıb ki, Rusiya “bütün nüvə gücləri – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabər münasibətləri təmin etmək” istəyir, çünki bu ölkələr sülhün və qlobal sabitliyin qorunmasında “xüsusi məsuliyyət” daşıyır.
“Ədalətli, çoxqütblü dünya nizamı yaratmaq üçün beynəlxalq təhlükəsizliyin arxitekturasını yeniləmək və ona daha böyük sabitlik vermək lazımdır”, – Şoyqu vurğulayıb.
Xatırladaq ki, Moskva və Kiyev Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən az sonra sülh danışıqlarına başlayıb. Buna baxmayaraq, hərbi cinayətlərin, xüsusən də Buça hadisələrinin üzə çıxmasından sonra Kiyev danışıqlardan geri çəkilib. Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfini İstanbulda paraflanan sülh sazişlərini “tarixin zibilliyinə” atmaqda ittiham edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Kiyevə Rusiya ilə danışıqları davam etdirməsini qadağan etdiyini iddia edib. Eyni zamanda, o, Buçadakı “təxribatın səhnələşdirildiyini” bildirib.
2022-ci ilin payızında Ukraynanın dörd vilayətinin ilhaqına cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenski Putinin dövlətin başında qaldığı müddətdə Rusiya ilə danışıqları qadağan edən fərman imzalayıb. Bu ilin sentyabrında Rusiya prezidenti ABŞ-ı Kiyevdən bu fərmanı ləğv etməyə çağırıb.
Öz növbəsində Dövlət Departamentinin rəhbəri Antoni Blinken qeyd edib ki, Ukrayna danışıqlara hazırdır və Putin dialoqa hazır olarsa, danışıqlara başlayacaq. Lakin onun sözlərinə görə, hələlik Rusiya prezidentinin “konstruktiv diplomatiyaya maraq göstərdiyinə” dair heç bir əlamət yoxdur.
Tarix: 30-10-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti