Putin səbrlə gözləyir, Paşinyan qorxur: Rus hərbi bazası isə... - NƏ BAŞ VERİR?

Putin səbrlə gözləyir, Paşinyan qorxur: Rus hərbi bazası isə...
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilər.

Son zamanlar həm Rusiya, həm də Ermənistan mediasında qeyd olunur ki, İrəvan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan və Türkiyə arasında sərhədlər açılandan sonra bu ölkənin KTMT-ni tərk etməsi, o cümlədən Gümrüdəki 102-ci hərbi bazanın ölkədən çıxması məsələsi qaldırılacaq. Rusiyanın “Moskovski komsomolets”qəzeti yazır ki, İrəvan Gümrüdəki rus hər bazasını Amerika hərbi bazası ilə əvəzləmək niyyətindədir.

Erməni ekspert Levon Arzanov qəzetə müsahibəsində bildirib ki, Paşinyan hakimiyyətinin ölkə daxilində anti-Rusiya təbliğatı ilə bütün təlimatlar birbaşa ABŞ-dan gəlir. Onun sözlərinə görə, Qərbin göstərişləri əsasında Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin arxasında duran əsas məqsəd Rusiyanın Cənubi Qafqazdan kənarlaşdırılmasına yönəlib.

“Rus sülhməramlıların Qarabağdan çıxmasından sonra dərhal 102-ci bazanın çıxarılması məsələsi qaldırılacaq. Bundan sonra amerikalılar gələcək. Bütün bu proseslər də ardıcıl həyata keçiriləcək”,-deyə L.Arzonov bildirib.

Qeyd edək ki, 2012-ci ildə Rusiya və Ermənistanın sabiq prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan arasında hərbi əməkdaşlıqla bağlı imzalanan müqaviləyə görə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazanın müddəti 2044-ci ilə uzadılıb. Bazanın Gümrü və İrəvanda qarnizonları yerləşir. Bununla yanaşı, Erebuni aerodromunda geniştərkibli aviasiya komponenti 102-ci hərbi bazasına tabedir. Məlumatlara görə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası S-300 hava hücumundan müdafiə sistemləri, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri ilə təchiz olunub. Bəzi ekspertlər hesab edirlər ki, Cənubi Qafqazdakı indiki siyasi proseslər Rusiyanın Ermənistanda hərbi-siyasi varlığının son çatmasına gətirib çıxara bilər.

Maraqlısı burdur ki, əgər iki dövlət arasında vaxtilə imzalanan hərbi müqavilənin müddəti 2044-ci ilə qədərdirsə, Gümrüdəki 102-ci hərbi bazanın tez bir zamanda çıxarılması nə dərəcədə mümkün olacaq? Bunun üçün Paşinyan hakimiyyəti hansı mexanizmlərdən istifadə edəcək?

Əgər Paşinyan hakimiyyəti bu məsələdə inadkarlıq edərsə, bu, sözsüz ki, Rusiya ilə Ermənistan arasında ciddi siyasi toqquşmalara səbəb olacaq.

Ən əsası da Rusiya Ermənistanı əldən çıxarmamaq üçün hansı addımları atacaq?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiyanın Ermənistandan sıxışdırılması istiqamətində hələ ciddi tədbirlər görülmür:

“Bütün bu ehtimallar yalnız zamanla özünü doğrulda bilər. Hesab edirəm ki, bütün bunların yaxın perspektivdə baş tutması qeyri-mümkündür. Çünki Rusiya və Ermənistan arasında hələlik informasiya və psixoloji qarşıdurma baş verir. Konkret olaraq nə Rusiyadan Ermənistana, nə də Ermənistandan Rusiyaya qarşı radikal addımlar atılıb. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistanda bütün iqtisadi, enerji və nəqliyyat infrastrukturu Rusiya şirkətlərinin nəzarətindədir.

Rusiya Ermənistanın enerji ehtiyatlarında böyük paya sahibdir. Rusiya Ermənistanın qaz təminatında xeyli güzəşt edib. Ona görə də ciddi alternativ mənbələr üzə çıxmadan Ermənistanın Rusiyaya qarşı ciddi və sərt addımlar atması mümkün görünmür. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir. Onu da vurğulayım ki, ABŞ və Fransa Ermənistana bir çox vədlər versə də, onlar əməldə heç bir addım atmayıblar. Əlbəttə, Ermənistan ilə Qərb arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalana bilər, amma bu sazişin reallaşması üçün mexanizmlər tətbiq edilməlidir.

Misal üçün, bu yaxınlarda Ermənistan Fransa şirkəti ilə müəyyən silahların tədarükü ilə bağlı saziş imzalayıb. Bu, ciddi bir addım kimi görünə bilər. Ancaq Fransadan bu silahların Ermənistana necə daşınacağı ilə bağlı məsələ hələ sual altında qalır. Yəni hər iki ölkə ciddi logistik problemlə üzləşə bilər. Ehtimal ola bilər ki, Türkiyə və Gürcüstan Fransa silahlarının öz hava məkanı üzərindən Ermənistana daşınmasına icazə verməsin”.

Politoloqun sözlərinə görə, Ermənistanda anti-Rusiya kampaniyası yalnız media səviyyəsində aparılır:

“Paşinyan öz açıqlamalarında Rusiyaya qarşı o qədər də sərt ifadələr səsləndirmir. Qeyd edim ki, Ermənistan KTMT-nin üzvlüyündən çıxmaq üçün yazılı müraciət etməlidir. Amma bu, hələlik baş vermir. İrəvan sadəcə olaraq KTMT-nin tədbirlərini birtərəfli qaydada boykot edir. O ki qaldı Gümrüdəki 102-ci hərbi bazanın ölkədən çıxarılmasına, bu, o qədər də asan başa gələn məsələ olmayacaq. Açığını deyim ki, Paşinyan hakimiyyəti Ermənistan üçün ciddi alternativ təhlükəsizlik və iqtisadi təminatlar əldə etmədən bu prosesə rəvac verməyəcək.

Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması da sual altında qalır. Hesab edək ki, bu ilin sonuna qədər iki ölkə arasında prinsiplərdən ibarət olan çərçivə sazişi imzalandı. Amma bunun regiona sülh gətirəcəyi sual altında qalacaq. Sülh sazişinin imzalanmasından əvvəl işğal altında olan səkkiz kənd mütləq Azərbaycana qaytarılmalıdır. Halbuki görürük ki, Ermənistanın öz fərqli iddiaları var”.

Gümrüdəki 102-ci rus hərbi bazanın vaxtından əvvəl Ermənistandan çıxarılması məsələsinə gəlincə, müsahibimiz vurğulayıb ki, bunun üçün ciddi hərbi və hüquqi əsaslar olmalıdır:

“İstənilən müqaviləni birtərəfli qaydada bitirmək mümkündür. Əgər Ermənistan hakimiyyəti 102-ci hərbi bazanın ölkənin təhlükəsizliyinə zəmanət vermədiyini, hətta ölkənin təhlükəsizliyinə ciddi təhdid törətdiyini sübut edərsə, onda o, bu məsələ barədə zəruri qərarlar verə bilər. Heç kim ona mane ola bilməz. Ancaq Ermənistan hakimiyyəti hələ bu istiqamətdə ciddi hüquqi əsaslar irəli sürməyib”.

Sonda politoloq qeyd edib ki, Rusiya hələlik Ermənistana qarşı ciddi addımlar atmaq niyyətində deyil:

“Bu gün Rusiya ilə Ermənistan arasında yalnız media üzərindən qarşıdurma gedir. Bu da o qədər ciddi deyil. Qeyd etdiyim ki, Ermənistan alternativ hərbi-siyasi və iqtisadi təminatlar əldə etdikdən sonra Rusiya ilə münasibətləri nəzərdən keçirə bilər. Ona görə bu məsələ barədə indidən dəqiq proqnoz vermək qeyri-mümkündür”.
Tarix: 1-11-2023, 18:14
Xəbəri paylaş





Xəbər lenti