"Saakaşvilinin mümkün əfv edilməsi növbəti xəyanət olacaq" - "Gürcü arzusu"nun lideri...


"Saakaşvili iki hökm üzrə əfv edilə bilər, lakin o, azadlığa çıxa bilməyəcək, çünki məhkəmə icraatında ona qarşı daha üç cinayət işi var..."
 

"Saakaşvilinin Ukrayna vətəndaşı olaraq Gürcüstanın siyasi həyatında iştirak etmək hüququ yoxdur..."
 
"Gürcü arzusu" hakim partiyasının lideri İrakli Kobaxidze hesab edir ki, Gürcüstan prezidenti Salome Zurabişvili "bütün qırmızı xətləri" keçib və ondan hətta eks-prezident Mixail Saakaşvilinin əfvini gözləmək olar ki, bu da xalqa növbəti xəyanət olardı.
 
Moderator.az xəbər verir ki, bu barədə "interfax.ru" nəşri məlumat yayıb.
 
"Biz Salome Zurabişvilinin heç bir davranışına təəccüb etmirik. O, tədricən bütün "qırmızı xətləri" keçir, ona görə də bu xətti də sonadək keçərək, Mixail Saakaşvilini əfv edəcəyini bilmirəm.
 
Əlbəttə, bu, Saakaşvilinin törətdiyi cinayətləri prinsipial olaraq qəbul etməyən gürcü xalqına qarşı növbəti xəyanət olacaq", - Koxabidze bəyan edib.
 
Gürcüstan parlamentinin deputatı Aleko Elisaşvili hesab edir ki, prezident Zurabişvili Saakaşvilini iki hökm üzrə əfv edə bilər, lakin o, azadlığa çıxa bilməyəcək, çünki məhkəmə icraatında hələ də ona qarşı qaldırılmış daha üç cinayət işi var.
 
"Saakaşvili iki cinayət işi üzrə həbs cəzası çəkir, lakin ona qarşı daha üç cinayət işi açılıb və artıq çıxarılmış hökmlər üzrə əfv edildikdən sonra o,
məhkəmənin digər işlər üzrə dərhal çıxaracağı hökmlər əsasında yenidən həbsxanaya göndəriləcək", - Elisaşvili jurnalistlərə deyib.
 
Onun sözlərinə görə, prezident Zurabişvili "Saakaşvilini hər çıxarılan hökm üzrə əfv etməli olacaq".
 
Oktyabrın 18-də parlament prezident Zurabişviliyə impiçment üzrə səsvermə keçirib, lakin kifayət qədər səs toplaya bilməyib. 
 
Səsvermə Gürcüstanın Konstitusiya Məhkəməsinin onun  Avropaya səfərlərini  parlamentlə razılaşdırmamaqla Əsas Qanununu pozduğu barədə qərar çıxarandan sonra keçirilib.
 
Sabiq prezident Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli surətdə Gürcüstana gəlib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılaraq həbs edilib.
O zamandan o, dəfələrlə aclıq elan edib.
 
12 may 2022-ci ildən o, Tbilisidə səhhəti ilə əlaqədar olaraq "Vivamed" mülki klinikasında saxlanılır. 
 
Saakaşviliyə qarşı Gürcüstanda bir neçə cinayət işi açılıb. O, özünün saxlanılmasını qanunsuz, özünə qarşı ittihamları isə saxtalaşdırılmış hesab edir.
 
Oktyabrın 31-də Gürcüstanın ədliyyə naziri Rati Breqadze Saakaşvilinin ölkə siyasətinə dönüşünün, o cümlədən onun seçkilərdə iştirakının mümkünlüyünü istisna edib.
 
O, xatırladıb ki, Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edib və onun Ukrayna vətəndaşı olaraq Gürcüstanın siyasi həyatında iştirak etmək hüququ yoxdur.
 
Breqadze məlumat verib ki, Ədliyyə Nazirliyi Saakaşvilini Tbilisidəki "Vivamed" özəl klinikasından həbsxanaya qaytarılması üçün onun səhhəti barəsində həkimlərin rəyini gözləyir.
Tarix: 2-11-2023, 10:21
Xəbəri paylaş





Xəbər lenti