“ÇOX BÖYÜK FACİƏLİ HADİSƏLƏRİN ASTANASINDAYIQ” – “Putin deyir ki, amerikalılar bizə göstəriş verməsin, özü isə...”

“Biz, mümkündür ki, çox böyük faciəli hadisələrin astanasındayıq. Dünya öz dayaq nöqtəsini itirir. Bu, təkcə Rusiya deyil, bütünlükdə dünyaya aiddir. Dünyada getdikcə daha çox qarşıdurma ocaqları yaranır və bu münaqişələrdə “bundan sonra necə olacaq” sualına cavab yoxdur. Çünki bu, müxtəlif sivilizasiyaların toqquşmasıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu son zamanlar Rusiyada öz siyasi aktivliyini və təsirini xeyli artırmış “Yabloko” partiyasının yaradıcısı, təcrübəli siyasətçi Qriqori Yavlinski Rusiya internet kanallarının birinə yeni müsahibəsində deyib.
Yavlinski açıq şəkildə Putinin Ukrayna siyasətini və ümumilikdə dünya düzəninə baxışını tənqid edib: “Baxın, Putin deyir ki, biz hansısa yeni “çoxqütblü” adlı sistem yaradırıq. Bu, nə məna daşıyacaq? Bu, o deməkdir ki, bir qütbdə insanları öldürmək olar, digərində olmaz? Bir qütbdə dövlət yalan deyə bilər, digərində deyə bilməz? Bir qütbdə insan qorxusuz yaşayır, digərində isə fasiləsiz olaraq qorxu içərisində, həbsxanadakı kimi yaşamalıdır? Budurmu “çoxqütblülük”, budurmu onun mənası? Dəyərlər nədən ibarətdir? O, bu suallara cavab vermir. Putin deyir ki, biz istəmirik Amerika bizə göstəriş versin. Heç kim istəmir ki, ona göstəriş versinlər. Bəs biz özümüz keçmiş SSRİ-də çox göstəriş vermirikmi? O zaman biz Ukraynada nə edirik? Burada Ukraynalıq nə var?”
Yavlinski deyib ki, doğrudan da dövlətlərin siyasətində bir çox vacib siyasi məsələlər var. Lakin “qırmızı cizgilər” də var: “İnsanları öldürmək olmaz, bu problemləri sonsuz insan ölümləri ilə həll etmək olmaz. Əgər bu gün Yaxın Şərqdə baş verənlər “buyurun, orada nə qədər desəniz adam öldürürlər, biz də belə edəcəyik” demək üçün istifadə ediləcəksə, bu, çox dəhşətli və perspektivsiz yolda hərəkət anlamı daşıyacaq”.
Yavlinski xatırladıb ki, Rusiya rəhbərliyi Yaxın Şərqdəki hadisələr baş qaldıran kimi BMT-də Qəzzada atəşkəs elan olunmasını tələb etdi: “Ancaq öz xalqına, öz ölkəsinə, öz övladlarımıza gələndə, bu tezis rədd edilir”.
Bütün bunlarla yanaşı, Yavlinski deyib ki, vəziyyət bir anda dəyişə bilər və Rusiya cəmiyyəti buna hazır olmalıdır: “Hər şey çox sürətlə dəyişə bilər. Mənim fantaziyalarım yoxdur. Mən deyə bilmərəm ki, bu, nə zaman baş verə bilər... Ola bilər ki, çox illərdən sonra baş versin, amma sabah da ola bilər. Buna hazır olun. Bu, çox mürəkkəb məsələdir. Nə qədər çox insan nə baş verdiyini anlasa, dəyişikliklər bir o qədər tez baş verə bilər. Bu dəyişiklikləri həyat özü diqtə edəcək”. 
Daha sonra Yavlinski Rusiyada gələn il keçiriləcək prezident seçkiləri mövzusuna toxunub. O, Putinin sözçüsü Dmitri Peskovun fikirlərini xatırladıb. Hansı ki, Peskov açıq şəkildə artıq nəticələrin indidən bəlli olduğunu və “məsələnin həll olunduğunu” deyib: “Peskov dedi ki, bizim cəmi bir namizədimiz var. Məsələ bağlanıb”
Buna görə də Yavlinski hesab edir ki, yalnız seçicilərin təşəbbüsü və milyonlarla imza toplaması əsasında hansısa siyasətçinin öz namizədliyini irəli sürməsi məntiqli olacaq. Lakin siyasətçinin fikrincə, Rusiya cəmiyyəti bunun üçün yetişməyib. 
Xatırladaq ki, bir neçə gün əvvəl Yavlinskinin Kremldə Putinlə gizli görüş keçirdiyinə dair məlumatlar yayılmışdı. Bundan sonra “Yabloko” rəsmən belə bir görüşün baş tutduğunu və orada əsasən Ukraynada davam edən müharibənin müzakirə olunduğunu bəyan etdi. Putinin sözçüsü Dmitri Peskov isə həmin görüşü mətbuata şərh etməkdən imtina edib.
Tarix: 2-11-2023, 17:10
Xəbəri paylaş





Xəbər lenti