İrəvanda çevriliş ssenarisi: - "Suriya variantı kimi..."

İrəvanda çevriliş ssenarisi:
Qarabağdan könüllü gedən ermənilər Ermənistanda Paşinyan hakimiyyətinə qarşı koalisiya yaratmağa çalışırlar.

Ermənistanın “Hraparak” qəzeti yazır ki, bu yaxınlarda Qarabağda ləğv edilən və Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan və eks-prezident Serj Sarkisyan “Armenia Marriot” otelində görüş keçiriblər.

Bu görüşdən sonra Ermənistan hakimiyyəti ciddi narahatlıq keçirib.

Qeyd olunur ki, Serj Sarkisyan və Samvel Şahramanyan görüş zamanı mühacirətdə olan “DQR” hökumətinin bundan sonrakı fəaliyyəti, ən əsası da Paşinyan hakimiyyətinə qarşı koalisiya yaratmaqla bağlı məsələlər ətrafında müzakirələr aparıblar.

Nəşrin məlumatına görə, Qarabağdan könüllü köçən ermənilər ölkədə narazı elektorat hesab olunur. Məhz Qarabağ ermənilərinin radikal müxalif qüvvələr ilə maraqlanması təsadüfü deyil.

“Paşinyan əleyhdarları iqtidar tərəfindən aldadılmış Qarabağ ermənilərinin dəstəyindən istifadə edərək, böyük antihakimiyyət koalisiyası yaratmağa hazırlaşırlar. Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın da təmsil olunacağı koalisiyanın İrəvanda sükutu pozmağa iddialı olduğu bildirilir. Ermənistanda küçə döyüşlərinin yenidən başlayacağı gözlənilir”, - deyə qəzetdə qeyd olunur.

Hazırda bəzi siyasi analitiklər hesab edirlər ki, bu yaxınlarda Ermənistanda kütləvi nümayişlərin və etiraz aksiyaların keçirilməsinə, radikal müxalif qüvvələrin təxribat xarakterli hücumlarına, eləcə də silahlı qarşıdurmaların baş verməsi müşahidə edilə bilər.

DİA.AZ bildirir ki, Cebhe.info-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə isə bu fikirlər ilə razılaşmır:

““Qarabağ klanı”nı təmsil edən eks-prezidentlər - Robert Köçəryan və Serj Sarkisyan erməni ictimaiyyətində nüfuzunu itiriblər. Qarabağ erməniləri hakimiyyətin devrilməsində və “Qarabağ klanı”nın yenidən hakimiyyətə gətirmək üçün mübarizədə iştirak etmək niyyətində deyillər.

İndi onlar daha çox bundan sonrakı həyatlarının necə olacağını düşünürlər. Qarabağ ermənilərini daha çox maraqlandıran Ermənistan vətəndaşlığını almaq və qaçqın statusu əldə etməkdir. Hətta onlar arasında Avropaya və ABŞ-a köçmək niyyətində olanlar da var.

Bəzi məlumatlara görə, Qarabağdan könüllü olaraq Ermənistana köçən 10 mindən artıq erməni Rusiyaya gedib. Bildirim ki, Qarabağı tərk etmiş ermənilərin yarısı Ermənistan vətəndaşlarıdır. İşğal dövründə onlar Qarabağda müqavilə əsasında işğalçı orduda xidmət ediblər, hətta qondarma rejimin məmur heyətində də təmsil olunurdular. Onlar öz ailələrini də Qarabağ gətirmişdilər. Lakin vəziyyət dəyişəndən sonra onlar və ailə üzvləri ərazilərimizi tərk etmək məcburiyyətində qaldılar.

İndi onlar Ermənistan hakimiyyətindən ev və sığınacaq istəyirlər. Sığınacaq aldıqdan sonra onlar öz həyatlarını normal şəkildə davam etdirəcəklər. Buna görə də həmin ermənilər hakimiyyət uğrunda mübarizə aparan insanlar deyillər. Əlbəttə, Qarabağı tərk etmiş ermənilər arasında siyasi avantüraya gedən və hakimiyyət eşqi ilə yaşayan ünsürlər var. Amma Paşinyan hakimiyyəti güc strukturları ilə onların öhdəsindən gəlmək iqtidarındadır”.

Robert Köçəryan və Serj Sarkisyanın, eləcə də digər erməni separatçıların Moskvanın təlimatları əsasında hərəkət etməsi məsələsinə gəlincə, Z.Əlizadə Rusiyanın Ermənistanda hakimiyyət dəyişiklikliyi üçün imkanlarının olmadığını bildirib:

“Bəli, Kreml Paşinyan hakimiyyətinin devrilməsini istəyir, amma bacarmır. Rusiyanın nəinki Ermənistanda, hətta bütün Cənubi Qafqazda geosiyasi nüfuzu getdiqcə zəifləyir. Rusiya bu regionda əvvəl kimi öz istədiklərini həyata keçirə bilmir”.

Ermənistanda radikal müxalifətin çevrilişə cəhd etdiyi təqdirdə Paşinyan hakimiyyətinin hansı addımları atacağı ilə bağlı sualı cavablandıran politoloq vurğulayıb ki, Paşinyanın bunun öhdəsindən asanlıqla gələcək:

“Hər bir ölkənin öz polis və təhlükəsizlik qüvvələri, daxili qoşunları və müdafiə ordusu var. Hesab edirəm ki, Ermənistan hakimiyyəti polis qüvvələri və daxili qoşunlardan istifadə etməklə ölkənin daxili təhlükəsizliyini qoruya bilər”.

Ermənistanın Suriyaya çevrilməsi ehtimalına gəlincə, Zərdüşt Əlizadə vurğulayıb ki, bu ehtimal özünü doğrulda bilər:

"Yaxın zamanda Azərbaycan-Ermənistan münasibətləri tənzimlənəcək, hər iki ölkə arasında sülh müqaviləsi imzalanacaq və Ermənistan ilə Türkiyə arasında sərhədlər açılacaq. Hər üç ölkə regional layihələr istiqamətində birgə addımlar atacaqlar”.
Tarix: 3-11-2023, 22:55
Xəbəri paylaş





Xəbər lenti