"Ukrayna ilin sonunadək döyüş meydanında nəticə əldə etməyə cəhd edəcək" - Zelenski


Ukrayna ordusu cari ilin sonunadək döyüş meydanında nəticə əldə etməyə cəhd göstərəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Nyu-York şəhərində keçirilmiş “Reuters”in “NEXT” konfransına videobağlantı ilə qoşularaq deyib.
“Bu il nəticə göstərməyə çalışacağıq. Bu bizim üçün çox vacibdir, çünki biz hər gün insanları itiririk”, – ölkə lideri söyləyib.
Onun sözlərinə görə, bu günədək Rusiyanın müharibədəki itkiləri Ukraynanınkından beş dəfə çoxdur.


Cənub cəbhəsində ləng irəliləyiş olduğunu etiraf edən Zelenski Ukraynanın 2024-cü il üçün konkret döyüş planının olduğunu bildirib, lakin onun təfərrüatlarını açıqlamayıb.
“Bütün təfərrüatları bölüşə bilmərəm, amma cənubda irəliyə doğru bir neçə yavaş addımlarımız var, eləcə də şərqdə addımlarımız. Düşünürəm ki, Xerson vilayətinin yaxınlığında yaxşı addımlar var. Əminəm ki, bizi uğur gözləyir”, – dövlət başçısı cəbhədəki vəziyyətdən danışarkən əlavə edib.
Ukrayna prezidenti çıxışı zamanı onu da təkrarlayıb ki, Kiyev Rusiya qoşunlarını Ukrayna ərazilərindən çıxardıqdan sonra münaqişəyə son qoymaq variantlarını axtarmağa başlamağa hazırdır.
Xatırladaq ki, noyabrın 1-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “The Economist”ə müsahibəsində savaşın “dalana dirəndiyini” deyib, Ukraynanın hücumunun isə illərlə davam edəcək mövqe müharibəsinə çevrilməsi riski ilə üz-üzə olduğunu etiraf edib.
Tarix: 9-11-2023, 13:10
Xəbəri paylaş





Xəbər lenti