“PUTİN MÜHARİBƏ MÖVZUSUNDAN YAYINACAQ...” - Kreml seçkiyə hansı tezislərlə gedir?


“Vladimir Putin 2024-cü il prezident seçkisi kampaniyasında Ukraynaya qarşı müharibə mövzusundan yayınacaq”.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, seçki kampaniyasında “yalnız cəbhədə ciddi, böyük uğurlar olarsa”, müharibə mövzusuna geniş şəkildə toxunulacaq. Mövqe müharibəsinin davam etdirilməsi mövzusundan isə yan keçiləcək. Ümumilikdə Putinin seçki kampaniyasının əsas tezisləri Rusiya daxilindəki stabillik və Qərbin tənqidi olacaq. Məsələ ondadır ki, ictimai rəy sorğularının nəticələrinə görə Putin hər dəfə öz çıxışını Qərbin tənqidi üzərində quranda, onun Rusiya daxilində reytinqi yüksəlir. Rəsmi təbliğatın bu “uğuru” nəticəsində hazırda Putinin reytinqi təxminən 80 faiz civarındadır.
ISW yazır ki, seçki kampaniyasında Putin “Rusiyanın sakitlik adasına çevirmiş lider” kimi təbliğ ediləcək. Rəsmi təbliğat maşınına isə tapşırılıb ki, Rusiya stabillik və inkişaf ölkəsi kimi təsvir olunarkən, ABŞ və Qərb çökməkdə olan, eyni zamanda həm Ukraynaya, həm də İsrailə kömək etmək imkanını itirmiş qüvvə kimi təqdim olunsun.


İnstitutun mütəxəssisləri hesab edirlər ki, Rusiya daxilində hazırkı vəziyyətdə Putin hakimiyyəti üçün hər hansı ciddi təhlükə və təhdid yoxdur. Bu baxımdan hər hansı fors-major hadisə baş verməsə, onun növbəti dəfə prezident seçiləcəyi heç bir şübhə doğurmur.
Onu da qeyd edək ki, bir müddət əvvəl Putinin sözçüsü Dmitri Peskov prezident seçkisində Putinin rəqib tanımadığını, onun 90 faizdən artıq səs toplayacağını demişdi və əlavə etmişdi ki, ”nəzəri cəhətdən bu seçkini keçirməmək də olar”...
Tarix: 9-11-2023, 13:12
Xəbəri paylaş





Xəbər lenti