Putin 2024-cü ildə Ukrayna ilə müharibəyə 110 milyard dollar xərcləyəcək

Putin 2024-cü ildə Ukrayna ilə müharibəyə 110 milyard dollar xərcləyəcək
2024-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə təxminən 110 milyard dollar xərcləməyi planlaşdırır. Bununla aydın olur ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını nəinki məhv etməyib, əksinə, o, gözlənildiyindən daha sürətlə bərpa olunur.

Reyting.az xəbər verir ki, bu fikri müxalif rusiyalı jurnalist Yuliya Latınina bildirib.

2024-cü ildə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə təxminən 110 milyard dollar xərcləməyi planlaşdırmasına diqqət çəkən Y. Latınina qeyd edib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını məhv etməyib:

“Əksinə, Rusiyanın taleyini dəyişdi. Vaxtilə Avropaya satılan neft indi “kabus tankerlər” donanması vasitəsilə Çin və Hindistana göndərilir. Sentyabrda Rusiya neft satışından 18 milyard dollar gəlir əldə edib. Putin 2024-cü ildə müharibəyə təxminən 110 milyard dollar xərcləməyi planlaşdırır və bu, büdcənin yalnız açıq hissəsidir. Ukrayna bütün müttəfiqlərindən birlikdə 60 milyard dollar alsa, bəxti gətirəcək”.

Jurnalist əlavə edib ki, Rusiya iqtisadiyyatı bərpa olunur:

“Böyük şəhərlərdə Qərb yönümlü yaradıcı təbəqə ağır vəziyyətdədir, lakin Rusiya cəmiyyətində demək olar ki, hər kəs daha yaxşı vəziyyətdədir. Rusiyanın yoxsul bölgələrindəki yoxsul insanlar ilk dəfə olaraq orduya qoşulmaqla yaxşı pul qazanırlar. Öldürülsələr, ailələri heç ağlına da gətirmədikləri pulu alacaqlar. Hərbi fabriklərdə maaşlar artıb, işçi çatışmazlığı səbəbindən adi maaşlar da yüksəlib”.

Xatırladaq ki, 2023-cü ilin iyulunda Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. Məhdudlaşdırıcı tədbirlər 2024-cü il yanvarın 31-dək uzadılıb. Sanksiyalar arasında ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallara məhdudiyyətlər daxildir. Bundan əlavə, sanksiyalara xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə idxalına və ya dəniz yolu ilə daşınmasına qadağa da daxil edilib. Sanksiyalar həmçinin bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılmasını, Kreml tərəfindən dəstəklənən bir sıra dezinformasiya vasitələrinin yayımının və lisenziyalarının dayandırılmasını da əhatə edir.
Tarix: 13-11-2023, 21:41
Xəbəri paylaş





Xəbər lenti